Məişət abonentləri sayğacların dəyişdirilməsinə görə haqq ödəməlidirmi?

"Elektroenergetika haqqında" Qanunun 29.9-cu maddəsinə əsasən, tikinti obyektinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qanunun 29.10-cu maddəsinə əsasən isə istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunun 11-ci maddəsinə uyğun olara həyata keçirilir.

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunun 11.2-ci maddəsinə əsasən, enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir.

"Qaz təchizatı haqqında" Qanunun 13.9-cu maddəsinə əsasən, tikinti obyektinin qoşulduğu qazın nəqli və ya qazpaylayıcı şəbəkədən asılı olaraq məişət qaz qurğularını istifadə edən məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.