İstehlakçıya qazın verilməsi hansı hallarda dayandırılır?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 iyul tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçıya qazın verilməsi aşağıdakı hallarda dayandırılır:

- istehlakçının müvafiq yazılı müraciəti (qazın verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

- qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə qaz satıcısının təşəbbüsü ilə;

- qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;

- təmir-profilaktika və qəza işləri görüldükdə, habelə baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun təşəbbüsü ilə;

- məhkəmənin qərarı ilə;- qazpaylayıcı sistem operatorunun işçilərinin müayinə keçirilməsi üçün mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;

- qazpaylayıcı sistem operatorunun işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün Qanunun 18-ci və 19-cu maddələrinin tələblərini yerinə yetirmədikdə;

- təhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların tələblərinin pozulması hallarında təhlükəsizlik üzrə dövlət nəzarətini həyata keçirən orqanın (qurumun) göstərişi əsasında;

- istehlakçının qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab vermədikdə.