Energetika naziri XXII Avrasiya İqtisadi Zirvəsində çıxış edib

 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən XXII Avrasiya İqtisadi Zirvəsində çıxış edib.  Salamlama nitqində nazir Avrasiya İqtisadi Zirvəsinin fəaliyyətini  uzun illərdir sülh və dialoqu təşviq edən uğurlu əməkdaşlıq formatlarından biri kimi qiymətləndirib. Bu sammitlərin qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına  töhfələr verdiyini qeyd edib. Bildirilib ki, builki sammitin  “Gələcək üçün məsuliyyət” devizi altında keçirilməsini zəruri edən faktorlar hər kəsdən Avrasiya məkanında təhlükəsizliyin, siyasi sabitliyin, inkişaf və tərəqqinin təmin olunması, mədəniyyətlər, dinlərarası dialoqun davamlılığı üçün məsuliyyət  və əməkdaşlıq tələb edir.  

Yeni texnologiyaların, rəqəmsal həllərin iqtisadiyyata və xüsusilə enerji sektoruna təsirləri barədə fikirlərini isə nazir  “Azərbaycanın enerji potensialı və rəqəmsal enerji”  adlı məruzəsində davam etdirib. Energetika naziri mühüm iqtisadi və milli təhlükəsizlik məsələsi, dövlətlərarası münasibətlər və geosiyasi proseslərdə böyük  rolu olan  enerji amilinin hazırda texnologiyaların inkişafı ilə yeni bir məzmun  qazandığını söyləyib. “Rəqəmsal transformasiyanı son illərdə iqtisadi faktorlarla yanaşı, geosiyasi proseslərin təsiri ilə neftin ucuzlaşması və qiymətlərdəki volatilliyin yaratdığı problemlərin həlli də vacib edir. Hasilat xərclərini indi neftin qiymətinin artması ilə kompensasiya etmək çətindir.Ona görə də qeyri-müəyyən bir vəziyyətdə ən optimal variant neftin kəşfiyyatı, hasilatı, emalı və nəqlində səmərəliliyə nail olmaqla, neftin qiymətlərdən asılılığının minimuma endirilməsidir. Burada məhz köməyə karbohidrogen sektorunun rəqəmsallaşması çatır”, deyə nazir əlavə edib.

Pərviz Şahbazov Azərbaycanın hər zaman enerji sektorunun inkişafı üçün mütərəqqi ideyaları və innovativ təşəbbüsləri dəstəkləyən siyasət həyata keçirdiyini və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Neft Strategiyasının ən yeni texnologiyaların neft-qaz  yataqlarının işlənməsinə cəlbinə imkan yaratdığını diqqətə çatdırıb.  Çıxışda ölkənin neft-qaz potensialı və enerji resurslarının reallaşdırılmasında beynəlxalq enerji şirkətləri ilə birgə həyata keçirilən layihələr  barədə məlumat verilib.  Hazırda son texnologiyaların tətbiqi ilə ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üçün nəzərdə tutulan  planlardan bəhs edilib.

Nazir Azərbaycanın enerji sahəsindəki nailiyyətlərində ölkəmizin Türkiyə ilə birgə addımladığını xüsusilə vurğulayıb. Qlobal enerji-kommunikasiya layihələri-“Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars”, TANAP, “Cənub Qaz Dəhlizi”nin  Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığının töhfələri kimi Avrasiya rgionunun inkişafına xidmət etdiyini deyib.

“İki ölkənin prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi sayəsində qaz mənbələri və marşrutlarının şaxələndirilməsi ideyası gerçəkləşir, TANAP-ın, bütövlükdə isə “Cənub Qaz Dəhlizi”nin qlobal enerji təhlükəsizliyindəki bu strateji rolu ölkələrimizin nüfuzunu artırır, enerji sahəsində etibarlı tərəfdaş kimi dünyaya tanıdır. Birgə enerji layihələri hər iki ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir və Avrasiyanın xəritəsini yenidən tərtib edir.”

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli hökumət nümayəndələri, nazirlər, parlamentarilər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edib.

15495211911134837777 1000x669

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.