Azərbaycan Respublikası Prezidentinin 04.04.2017-ci il tarixli 1313 nömrəli "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Fərmanına əsasən, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədilə "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası" təsdiq edilib və bununla bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə kiçik və orta biznes evləri və “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) 21 Texniki Şura yaradılıb.

Hazırda 1, 2 və 3 saylı “ASAN kommunal” mərkəzlərində, Bakı, Xaçmaz, Yevlax KOB evlərində, Sumqayıt, Gəncə, Sabirabad, İmişli, Masallı, Quba, Bərdə, Mingəçevir, Qəbələ,Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakən  şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində Texniki Şuralar fəaliyyət göstərir.

15 may 2017-ci il tarixindən fəaliyyətə başlayan Texniki Şuralarda sahibkarların enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlər Energetika Nazirliyi tərəfindən həyata keçirilib, 2018-ci ilin may ayından etibarən Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə həvalə edilib.

Azərbaycan Respublikası Prezidentinin 04.04.2017-ci il tarixli 1313 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması iki mərhələdən ibarət olmaqla, ümumilikdə 20 (iyirmi) gündən gec olmayaraq təmin edilməlidir. Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli Qərarına əsasən, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib.  Qərara əsasən, qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 20 gün müddətində və ya istəyinə uyğun olaraq 10 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 25.12.2018-ci il tarixli 437 nömrəli  Fərmanı ilə edilmiş dəyişikliyə əsasən, 150 kVt-a qədər sahibkarlıq obyektlərinin  enerji təchizatı şəbəkəsinə qoşulması üçün  müddət 20 gün, prosesin həyata keçirilməsi isə 2 (iki) mərhələ müəyyən edilib. 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün yerləşdiyi rayonundan asılı olmayaraq  kiçik və orta biznes evləri  (KOB),  “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmaq kifayətdir. Əgər obyektə 400 metr yaxın məsafədə şəbəkənin balansında olan transformator (güc mərkəzi) varsa, vahid tarifə uyğun olaraq ödəniş edildikdən sonra 20 gün müddətində şəbəkəyə qoşulma həyata keçirilir. Bu prosesdə sahibkarlarla təmas yalnız enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı müraciət və gərginliyin verilməsi zamanı olur.

150 kVt-dan yuxarı va ya 400 metr məsafədə transformator (güc mərkəzi) olmayan obyektlər üçün də sahibkar KOB evləri, “ASAN Kommunal” mərkəzlərinə (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) yaxınlaşmalıdır. Bu prosesdə Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli Qərarına əsasən, 10 gün müddətində sahibkara texniki şərt təqdim olunur. Texniki şərtin icrası sahibkarın seçiminə uyğun olaraq enerji təchizatı müəssisəsi yaxud da ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilir.

Tələb olunan hər kVt-a uyğun olaraq vahid tariflər və tələb olunan sənədlər barədə daha ətraflı aşağıdakı linklərdən tanış olmaq olar.


Tariflər

Tələb olunan sənədlər     


 Sərbəst güclər və qoşulma imkanları haqqında məlumat

Sahibkarlıq obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması prosedurları sadələşdirilib (Video)