- ANA SƏHİFƏ
- Layihələr
CƏNUB QAZ DƏHLİZİ
"Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
“Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq.
“Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementləri aşağıdakılardır:
“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi;
Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi;
Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi;
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi.
2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb.
Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollarıdır.
“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi
“Şahdəniz Mərhələ 2” layihəsi “Şahdəniz Mərhələ 1” layihəsindən hasil olunan illik 10 mlrd. m3 qazdan əlavə 16 mlrd. m3 qaz hasil edəcək nəhəng bir layihədir. Şah Dəniz qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibində 800 metr dərinliyinə enərək 3500 km məsafə boyunca nəql ediləcək.
4 iyun 1996-cı il tarixində Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Yataq 2006-cı ildə istismara verilib.
Layihəyə aşağıdakı işlərin görülməsi daxildir:
- körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi;
- 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması;
- quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı boru kəmərlərinin inşası;
- dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi;
- yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi.
- Qazın və kondensatın ilkin balans ehtiyatı: 1 trilyon m3-dən artıq təbii qaz və 2 milyard bareldən artıq kondensat;
- Səhmdarlar: BP – 29,99%, Lukoil– 19,99%, TPAO– 19%, SOCAR– 14,35%, NICO – 10%, CQD (SGC) – 6,67%.
Cənubi Qafqaz Boru Kəmərinin genişlənməsi (CQBKG) layihəsi
Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
- CQBK-nin fəaliyyətə başlaması: 2006-cı il;
- CQBK boru kəmərinin uzunluğu: ümumilikdə 691 km olmaqla, Azərbaycanda 443 km, Gürcüstanda isə 248 km;
- Genişlənən CQBKG boru kəmərinin uzunluğu: Azərbaycan ərazisində - 424 km, Gürcüstan ərazisində - 63 km, TANAP arabağlantısında - 2 km;
- Ötürmə qabiliyyəti: illik 7,4 milyard m3-dir. Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti illik 16 milyard m3-dir. İllik ötürmə qabiliyyəti lazım olduğu təqdirdə 31 milyard m3-ə çatdırıla bilər;
- Səhmdarlar: BP, operator (29,99%), SOCAR (14,35%), CQD (SGC) (6,67%), Lukoil (19,99%), NICO (10%) və TPAO (19%).
Trans- Anadolu Boru Kəməri (TANAP) layihəsi
Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
- Kəmərin uzunluğu: 1850 km;
- İstismara verilmə tarixi: 2019-cu il;
- İlkin ötürmə gücü: illik 16,2 mlrd. m3 (illik 30,7 mlrd. m3-ə kimi artırıla bilər);
- Səhmdarlar: CQD (51 %), BOTAŞ (30%) və BP (12%), STEAŞ (7%)
TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə 30 iyun 2018-ci il tarixindən başlanılıb. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans -Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib. 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
Trans- Adriatik Boru Kəməri (TAP) layihəsi
Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
- Kəmərin uzunluğu: 880,8 km (Yunanıstan – 551,5 km, Albaniya – 215,9 km, Adriatik dənizi – 105,0 km, İtaliya – 8,4 km);
- İstismara verilmə tarixi: 2020-ci il;
- İlkin ötürmə gücü: illik 10 milyard m3 (illik 20 milyard m3-ə kimi artırıla bilər);
- Səhmdarlar: BP (Böyük Britaniya) - 20%; CQD (SGC) - 20%; Snam (İtaliya) - 20%; Fluxys (Belçika) - 19%; Enagas (İspaniya) - 16%; Axpo (İsveçrə) - 5%;
“Cənub Qaz Dəhlizi”nin əsas elementlərindən biri kimi TAP layihəsi Xəzər regionunun qazını Avropaya nəql etmək üçün inşa edilib. Hazırda TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub. 2020-ci ilin noyabrın 15-də Trans-Adriatik Boru Kəməri (TAP) istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. 2020-ci ilin dekabrın 31-də Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. 2021-ci ildə 8,2 milyard m3, 2022-ci ildə 11,4 milyard m3 təbii qaz Azərbaycandan Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daxil olub.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası
Azərbaycan Respublikasının Prezidentinin 29.10.2013-cü il tarixində “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” 15 nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 25.02.2014-cü il tarixində “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 287 nömrəli Sərəncam imzalanıb. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci il fevralın 4-də keçirilib.