<

Energetika Nazirliyi 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac keçirilməsini elan edir. Stansiyada istehsal olunacaq elektrik enerjisinin satın alınmasına “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada dövlət tərəfindən təminat verilir.

Hərrac “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na əsasən hərrac komissiyası tərəfindən açıq auksion formasında, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (RFQ) və təkliflər sorğusu (RFP) mərhələsi olmaqla 2 mərhələdə həyata keçirilir.

Hərracda iştirak etməkdə maraqlı olan şirkətlərdən  30 aprel 2024-cü il tarixindən etibarən auction@area.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edərək ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etmələri xahiş olunur. Elektron məktubda ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb edən şirkətin adı, hansı ölkəyə məxsus olduğu, şirkət nümayəndəsinin adı, soyadı, vəzifəsi, elektron poçt ünvanı və telefon nömrəsi qeyd edilməlidir. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədi müraciət etmiş şirkətlərə 7 may 2024-cü il tarixindən başlayaraq təqdim ediləcəkdir.

Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları 14 iyun 2024-cü il tarixinə qədər səlahiyyətli orqana 2 nüsxədə təqdim etməlidirlər.

İxtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsi 12 iyul 2024-cü il tarixində yekunlaşır.

Əlavə məlumat üçün: +994 12 525 96 31

 

Digər xəbərlər