Azərbaycan Respublikası Energetika Nazirliyinin
Mətbuat sektoru haqqında

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Mətbuat sektorunun (bundan sonra – sektor) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Sektor Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Sektor bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin fəaliyyəti ilə bağlı ictimaiyyətlə və kütləvi informasiya vasitələri (bundan sonra - KİV) ilə əlaqələri, rəsmi internet səhifəsi, sosial şəbəkələrdə səhifələr və video-hostinqlərdəki kanallar vasitəsilə analitik informasiya sahəsində işləri təşkil edir, ictimaiyyətin məlumatlandırılmasını, analitik təhlillər aparılmasını, informasiya təhlükəsizliyinin təmin edilməsini həyata keçirir.
1.3. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanunlarını və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"ni, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra - Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Sektor öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Sektorun fəaliyyət istiqamətləri

2.0. Sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. İctimaiyyətlə və KİV-lə əlaqələr sahəsində işlərin təşkili, tənzimlənməsi və təkmilləşdirilməsini təmin edir;
2.0.2. Nazirliyin fəaliyyətinin KİV-də işıqlandırılmasını və bununla bağlı zəruri tədbirlərin görülməsini təmin edir;
2.0.3. Enerji sahəsinə dair analitik təhlillərin aparılmasını təmin edir;
2.0.4. Müvafiq sahənin inkişafını təmin edir;
2.0.5. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Sektorun vəzifələri

3.0. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. Nazirliyin ictimaiyyətlə və KİV-lə əlaqələr sahəsində strateji və cari planlarını hazırlayır və həyata keçirir;
3.0.2. Nazirliyin sosial informasiya sahəsində fəaliyyətini formalaşdırır və həyata keçirilməsini təmin edir;
3.0.3. Ölkədə həyata keçirilən enerji siyasəti, nazirliyin fəaliyyətinin məqsədi, istiqamətləri və nəticələri, müvafiq sahədəki yeniliklər barədə ictimaiyyətə planlaşdırılmış qaydada mütəmadi olaraq KİV, nazirliyin rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki səhifələr və digər vasitələrlə məlumat verir;
3.0.4. Aidiyyəti qanunvericilik aktlarının, Nazirliyin fəaliyyəti ilə bağlı zəruri yeniliklərin nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini, nazirliyin rəsmi internet səhifəsinin, sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini və təkmilləşdirilməsini təmin edir, səhifələrdəki məlumatların aktuallığını nəzarətdə saxlayır;
3.0.5. Nazirliyin rəsmi internet səhifəsinin, sosial şəbəkələrdəki səhifələrinin istifadəçiləri ilə nazirlik arasında qarşılıqlı əlaqəni, sayt vasitəsi ilə daxil olan müraciətlərin müəyyən edilmiş qaydada baxılması və ya cavablandırılması üçün aidiyyəti üzrə göndərilməsini təmin edir;
3.0.6. Nazirliyin fəaliyyətinə dair məsələlər üzrə press-relizlər, nazirlik adından rəsmi bəyanatlar hazırlayır və ictimaiyyətə çatdırır;
3.0.7. KİV və digər vasitələrlə enerji sektorunda aktual mövzularla bağlı nazirliyin rəsmi mövqeyini ictimaiyyətə çatdırır;
3.0.8. İnformasiya sorğularını qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırır;
3.0.9. Müvafiq struktur bölmələri ilə birlikdə nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin mətbuat konfranslarını və brifinqlərini təşkil edir;
3.0.10. Nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin KİV-də çıxışlarının, məqalələrinin, müsahibələrinin hazırlanmasını təmin edir;
3.0.11. Nazirliyin fəaliyyəti və yanacaq-energetika sahəsi ilə bağlı KİV-də əksini tapan məlumatları izləyir, onlar barədə nazirliyin rəhbərliyinə təqdim edilmək üçün xüsusi icmallar hazırlayır;
3.0.12. Nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatını təşkil edir;
3.0.13. Nazirlik tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin edir;
3.0.14. Dünya enerji bazarında müşahidə olunan prosesləri izləyir və bu sahəyə dair mütəmadi təhlillər edir;
3.0.15. İctimai rəy sorğuları və digər sosial araşdırmaların keçirilməsini təmin edir;
3.0.16. Ölkə, o cümlədən enerji sektoru üçün əlamətdar olan müxtəlif tarixlərlə bağlı müvafiq struktur bölmələri ilə birgə tədbirlər keçirir;
3.0.17. Nazirliyin fəaliyyətinə dair video və foto materialların arxivini təşkil edir;
3.0.18. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət proqramı və tədbirlər planlarının, habelə nazirliyin hüquqi aktları ilə təsdiq edilmiş tədbirlər planlarının sektorun fəaliyyət istiqamətləri üzrə icrasını təşkil edir, icrası ilə bağlı hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
3.0.19. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət müəssisə və təşkilatlarından sektora daxil olmuş müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;
3.0.20. Sektorun iş planlarını tərtib edir və onun icrasına nəzarət edir;
3.0.21. Sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər verir;
3.0.22. Nazirliyin rəhbərliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin edir;
3.0.23. Görülmüş işlərin nəticələri barədə nazirlik tərəfindən müəyyən olunmuş forma üzrə hesabatlar hazırlayır və vaxtında aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim edir;
3.0.24. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4. Sektorun hüquqları

4.0. Sektor öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1 Nazirlikdə KİV-lə və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
4.0.2. Vəzifə funksiyalarının icrası ilə əlaqədar nazirliyin struktur bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatların (sənədlərin) təqdim edilməsi (alınması) barədə sorğular vermək və məlumatlar almaq;
4.0.3. Müvafiq sahə üzrə nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlarla müzakirələr aparmaq;
4.0.4. Müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması ilə bağlı təkliflər vermək;
4.0.5. Rəhbərliyin tapşırığı ilə Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Sektorun fəaliyyətinin təşkili

5.1. Sektorun strukturu və işçilərin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir.
5.2. Sektorun fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin, vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir. Sektor müdiri sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Sektor müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektorun əməkdaşlarından biri və ya nazir tərəfindən təyin edilmiş digər şəxs həyata keçirir;
5.4. Sektorun digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər;
5.5. Sektor müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
5.5.1. Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. Sektorun əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
5.5.3. Sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.5.4. Sektor üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, sektor tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.5.5. Sektorun inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir
5.5.6. Sektorun əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;
5.5.7. Sektorun vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;
5.5.8. Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.5.9. Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.5.10. Sektorun əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
5.5.11. Sektoru təmsil edir;
5.6. Sektorun əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.