Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlıq

 

Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975­1994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.

Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 14 üzvü var.

Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində neft ixrac edən ölkələrin OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Azərbaycanı tədbirdə energetika naziri Natiq Əliyev təmsil edib.

Neftin qiymətinə təsir edən faktorların aradan qaldırılması, tələb-təklif balansının bərpasına yönəlik tədbirlərin görülməsi üçün bu müddət ərzində qlobal enerji dialoqları mühüm rol oynayıb. 15-ci Beynəlxalq Enerji Forumu, 23-cü Dünya Enerji Konqresi OPEC və qeyri- OPEC ölkələrinin bir araya gəlməsini təmin etməklə 28 sentyabr tarixində OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-formal görüşündə gündəlik neft hasilatının 32,5 -33 milyon barrel səviyyəsində dondurulması barədə ilkin razılığın əldə edilməsinə imkan yaradıb.

29 oktyabr 2016-cı il tarixində Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin birinci iclası keçirilib. Yüksək Səviyyəli Komitənin birinci iclası 21 ölkənin, o cümlədən qeyri-OPEC ölkələrindən 6 dövlətin (Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, Oman və Rusiya Federasiyası) nümayəndə heyətlərinin iştirakı ilə konstruktiv və məhsuldar müzakirələr atmosferində keçirilib. İclasa Azərbaycanın energetika naziri Natiq Əliyev həmsədrlik edib.

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. İlin birinci yarısı üçün nəzərdə tutulmuş Vyana Bəyannaməsinə uyğun olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı öhdəlik götürüb.

25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. 24 ölkənin imzaladığı Sazişə Azərbaycan da qoşulub.

2017-ci ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da imzalayıb.

Energetika Nazirliyi Vyana sazişi qüvvəyə mindiyi vaxtdan, yəni cari ilin yanvar ayından etibarən mütəmadi olaraq Azərbaycanın gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edir. Həmin məlumatlara əsasən, Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda 734,8 min barrel , sentyabrda 785,7 min barrel, oktyabrda 800,6 min barrel, noyabrda isə 790,7 min barrel olub. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

21 iyun 2018-ci ildə Vyana şəhərində OPEC-in “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda 7-ci Beynəlxalq seminarı keçirilib. Energetika naziri Pərviz Şahbazov “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxış edib.

21-23 iyun 2018-ci ildə energetika naziri Pərviz Şahbazov Vyana şəhərində keçirilən OPEC-in “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda 7-ci beynəlxalq seminarında iştirak edib və “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxış edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclası və OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü görüşündə də iştirak edib. Nazir OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılıb. Görüşdə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı əldə olunan razılaşmasını Azərbaycan da dəstəkləyib.

23 sentyabr 2018-ci ildə Əlcəzairdə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in  qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib. Tədbirdə energetika naziri Pərviz Şahbazov iştirak edib.

4-7 dekabr 2018-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası və OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşü keçirilib. Energetika naziri Pərviz Şahbazov iclaslarda iştirak edib. Nazirlərin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEC üzvləri 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar. Azərbaycan da hasilatın azaldılması Sazişinə qoşulub. Azərbaycan müvafiq hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə Azərbaycan növbəti ildən gündəlik hasilatı 763 min barrel həcmində saxlamalıdır. OPEC+ ölkələri tərəfindən  gündəlik neft hasilatının 6 ay müddətinə azaldılması nəzərdə tutulub. 

17-18 mart 2019-cu ildə Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının  (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin  (JMMC) 13-cü iclası keçirilib. Tədbirdə 7 dekabr 2018-ci il tarixində OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin 5-ci görüşündə qəbul edilmiş qərara uyğun götürülmüş öhdəliklərin icra vəziyyəti, neft bazarında baş verən dəyişikliklər müzakirə edilib.

19 mart 2018-ci ildə Azərbaycanda səfərdə olan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo energetika naziri Pərviz Şahbazovla görüşüb. Görüşdə dünya neft sənayesinin hazırki vəziyyəti, OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

22 fevral 2019-cu ildə Avstriyanın paytaxtı Vyana şəhərində, OPEC Katibliyində “Neft İstehsal  edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” üzrə qeyri-OPEC ölkələrinin yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanı energetika nazirinin müşaviri Esmira Cəfərova təmsil edib. 

OPEC bülletenin 2019-cu il mart sayında Azərbaycana xüsusi buraxılış həsr olunub. Bülletendə Azərbaycana həsr edilmiş “Bakı OPEC və qeyri-OPEC  tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub.   

19 may 2019-cu il tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası keçirilib. İclasda cari ilin aprel ayı üzrə neft hasilatı ilə bağlı  Müştərək Texniki Komissiyanın hesabatı təqdim olunub. Dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyaları, “OPEC plus” formatı çərçivəsində öhdəliklərin icra səviyyəsi təhlil və müzakirə edilib. Nazirlərinin Birgə Monitorinq Komitəsi neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək, ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğunu qeyd edib. İclasda nazir Pərviz Şahbazov da çıxış edib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.