Enerji istehlakında bərpa olunan enerji mənbələrinin rolu, mövcud vəziyyət, qlobal inkişaf və hədəflər

Dövrümüzdə əhalinin sayının kəskin şəkildə artması, iqtisadiyyatın, o cümlədən, enerji tutumu çox olan sənayenin inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi, məişətdə istifadə olunan elektrik cihazlarına, nəqliyyat vasitələrinə tələbatın artması paralel olaraq enerji daşıyıcılarına olan tələbatı da kəskin şəkildə artırmışdır.

Uzun müddətdir ki, dünyada əsas enerji daşıyıcısı kimi kömür, neft və qaz kimi yanacaq növləri işlənmiş, tələbat dünyanın bir çox ölkəsində geniş miqdarda rast gəlinən bu yanacaq növləri ilə qarşılanmışdır.

1973-ci ildə meydana gələn birinci neft böhranının ardından enerjinin əhəmiyyəti bütün dünya ölkələri tərəfindən daha yaxşı başa düşülməyə başlanıldı. Bu tarixdən sonra ölkələr enerji mənbələrini diversifikasiyası və alternativ enerji mənbələrindən istifadə etmə nöqtəsində mühüm addımlar atmağa başlamış, xüsusilə enerji idxal edən ölkələr enerjinin davamlılığı məqsədi ilə müxtəlif çeşidli siyasət həyata keçirməyə başlamışlar. 2000-ci illərə gəldikdə isə alternativ enerji axtarışları böyük bir təkan qazanmış və bərpa olunan enerji mənbələrindən istifadə sürətlə artmağa başlamışdır.

Ənənəvi resursların təbii ehtiyatlarının azalması, ehtiyatların bərpa olunmaması, habelə yanacaq növlərinin qiymətlərinin qeyri-stabil və dəyişkən olması, neft və qaz kimi resursların ölkələrin siyasi və geoloji maraqlarına xidmət üçün təzyiq vasitəsi kimi istifadə edilməsi, bu yanacaq növlərinin istifadəsinin ekoloji tarazlığın pozulmasında mühüm rol oynaması günü-gündən bərpa olunan enerji mənbələrinə marağı artırmaqdadır.

Hələ uzun illər karbohidrogen resurslarının yanacaq bazarında və tələbatda mühüm rol oynayacağı və əsas yer tutacağı danılmazdır. Lakin, dünyanın əksər nüfuzlu təşkilatları, mütəxəssisləri karbohidrogen resurslarının enerji bazarında hökmranlığının bir gün başa çatacağını yekdil şəkildə qeyd etməkdən çəkinmirlər.

Bərpa olunan enerji mənbələri əsasən "günəş", "külək", "geotermal", "hidroenerji", "biokütlə" və "dalğa" enerjiləri kimi qruplaşdırılır.

Bərpa olunan enerjini "təbii mənbələrdən əldə edilə bilən və özünü daim yeniləyən bir enerji mənbəyi" olaraq adlandırmaq mümkündür. Bununla bərabər, bərpa olunan enerji növləri ətraf mühitə zərər verən karbon emissiyalarını azaldılması, yerli mənbələr olduqları üçün idxal edilməyə ehtiyac duyulmaması və bu sayədə enerji məsələsində xaricdən asılılığın azaldılması kimi məqamlar baxımından olduqca əhəmiyyətlidir.

Bərpa olunan enerji mənbələrini ənənəvi enerji mənbələrindən fərqləndirən üç əsas amil aşağıdakılardır:

  • Bərpa olunan enerji mənbələri sonsuz bir ehtiyata malikdir;
  • Bərpa olunan enerji mənbələri tamamilə ətraf mühit üçün təhlükəsiz olub, iqlim üçün heç bir zərəri yoxdur;
  • Bərpa olunan enerji mənbələri yerli və təbii mənbələrdir.

Bərpa olunan enerji mənbələri bu qədər geniş potensiala malik olmasına baxmayaraq, dünyada istehlak edilən enerji növlərinə baxdıqda birinci yeri neft, sonrakı yerləri isə sıra ilə kömür və təbii qaz tutmaqdadır.

Bərpa olunan enerji mənbələrinin ənənəvi enerji resurslarından geri qalmasının səbəbləri:

  • ənənəvi enerji resurslarına tətbiq edilən subsidiyaların davam etdirilməsi;
  • ətraf mühitin çirklənmə xərclərinin ənənəvi enerji resurslarının maya dəyərinə daxil edilməməsi;
  • bərpa olunan enerji mənbələri texnologiyasının ilkin xərclərinin yüksək olmasıdır.

   Qeyd etmək lazımdır ki, dünyanın inkişaf etmiş ölkələri tərəfindən bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasına xüsusi diqqət yetirilməkdədir. ABŞ, Çin, Yaponiya, Avropa Birliyinə üzv ölkələr və iqtisadi cəhətdən sürətlə inkişaf edən bir çox dövlət bu sahədə hədəflər müəyyənləşdirmiş, enerji təhlükəsizliyinin təmin edilməsində bərpa olunan enerji mənbələrindən istifadənin rolunu yüksək qiymətləndirdiklərini bəyan etmişlər. Beynəlxalq və regional təşkilatların hesabatları göstərir ki, bu sahəyə ciddi miqdarda investisiya qoyuluşu təmin edilir və enerji sistemində bərpa olunan enerji mənbələrinin payı gündən-günə sürətlə artmaqdadır.

 

Bərpa olunan enerji mənbələrindən istifadə - statistik təhlil

2017-ci ildə ilkin enerji istehlakı 2017-ci ildə 2016-cı ilə nisbətən 2,2% artmışdır. Bu 2013-cü ildən bəri müşahidə olunan ən yüksək artışdır. 2006-2016-cı illər üzrə ilkin enerji istehlakı orta hesabla il ərzinə 1,7% artmışdır.

Bərpa olunan enerjinin ümumi ilkin enerji istehlakı içərisindəki payı isə 10,4% (hidroenerji də daxil olmaqla) təşkil etmişdir. Ənənəvi yanacağın ilik enerji istehlakında payı 85,2% olmuşdur. Nüvə enerjisi ilkin enerji istehlakının 4,4%-ni təşkil etmişdir. Bərpa olunan enerji qurulmuş gücü keçən ilə görə rekord səviyyədə - 17% artmışdır.

2016-cı ildə ənənəvi yanacaqların yekun istehlak içərisindəki payı 79,5%, nüvə enerjisi 2,2%,  bərpa olunan enerji isə 18,2% həcmində olmuşdur. Qlobal miqyasda istehlak edilən ümumi bərpa olunan enerjinin təxminən 7,8%-i ənənəvi biokütlə hesab edilən və bişirmə-isinmə kimi məqsədlər üçün istifadə edilən enerji mənbələrindən qarşılanarkən, 10,4%-i isə müasir bərpa olunan enerji mənbələrindən əldə edilmişdir.

alternativ 1

alternativ 2

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələri

İllər etibarilə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi məqsədli istifadəsinin dünya miqyasında sürətli bir şəkildə artdığı görünür.

alternativ 3

2017-ci ildə elektrik enerjisi gücündə 252,23 GVt artım olmuşdur ki, bunun da 70,6%-i bərpa olunan mənbələrin payına düşmüşdür. Belə ki, bərpa olunan enerji mənbələrinin generasiya gücündə önəmli artım əldə edilmiş, 2016-ci ilə nisbətən bərpa olunan enerji mənbələrinin generasiya gücü 8,8% və ya 178 GVt artaraq 2195 GVt-a çatmışdır. Ənənəvi yanacaq isə cəmi 74,23 GVt artmışdır.

Ənənəvi yanacaqlardan kömür gücü 35 GVt, təbii qaz gücü isə 38 GVt artmışdır. 2017-ci ildə nüvə enerjisi gücü isə cəmi 1,23 GVt artmışdır.

2007-2017-ci illərdə bərpa olunan elektrik enerjisi gücü təxminən 119,5% artmışdır, bu da orta illik artımın 11,9% olduğunu göstərir.

Su elektrik stansiyalarının gücü daxil edilmədən bərpa olunan enerji mənbələrinin gücü 1081 GVt olmuş və 2016-cı ilə nisbətən 159 GVt və ya 17,2% artmışdır.

1081 GVt ümumi gücün 49,9%-i (539 GVt) külək enerjisi, 37,2%-i günəş enerjisi (402 GVt) günəş enerjisi, 11,3%-i (122 GVt) bionerji, 1,2%-i (12,8 GVt) isə geotermal enerjinin payına düşmüşdür.

Su elektrik stansiyaları istisna olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalında əsas paylar Çin – 334 GVt (30,9%), ABŞ – 161 GVt (14,9%), Almaniya – 107 GVt (9,9%), Hindistan – 61 (5,6%), Yaponiya – 57 GVt (5,3%). Digər ölkələrin payı isə 361 GVt (33,4%) olmuşdur.

alternativ 4

Digər tərəfdən bərpa  olmayan ənənəvi yanacaqların  enerji ehtiyatlarının qlobal elektrik istehsalındakı üstünlükləri davam edir. Bu üstünlüyü  azaltmaq adına xüsusən quraşdırılma xərcləri və qiymət rəqabəti nöqtəsində bərpa olunan enerji növlərinin təşviq edilməsi olduqca əhəmiyyətlidir.

 

Hidroenerji 

2017-ci ildə su elektrik stansiyalarının gücü 1114 GVt olmuş və 2016-ci ilə nisbətən 1,7% (19 GVt) artmışdır. Gücün 55,3 %-i 5 ölkənin payına düşmüşdür (Çin – 28%, Braziliya – 9%, Kanada - 7%, ABŞ – 7%, Rusiya Federasiyası – 4,3%).

2017-ci ildə su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi 0,9% artaraq 4059,9 milyard kilovat-saat olmuşdur. Istehsalın 28,5%-i Çinin (0,5% artımla 1155,8 milyard kilovat-saat), 9,8%-i Kanada (2,8% artımla 396,9 milyard kilovat-saat),, 9,1%-i Braziliya (2,7% azalma ilə 269,5 milyard kilovat-saat), 7,3%-i ABŞ (12,7% artımla 296,5 milyard kilovat-saat), 4,5%-i Rusiya Federasiyasının (0,5% azalma ilə 183,3 milyard kilovat-saat) payına düşmüşdür. Beş ölkənin payı 59,2% təşkil etmişdir. 2017-ci ildə hidroenerji istehlakı ümumi elektrik enerjisi istehsalının 15,9%-ni təşkil etmişdir. 

Su elektrik stansiyaları istisna olmaqla digər bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin miqdarı 2017-ciı ildə 17% artaraq 2151,5 milyard kilovat-saat olmuşdur. Bunun 21,9%-i Çinin (31,1% artımla 471,7 milyard kilovat-saat), 19,5%-i ABŞ-ın (14,3% artımla 418,9 milyard kilovat-saat), 9,2%-i Almaniyanın (17,4% artımla ilə 198,1 milyard kilovat-saat), 4,6%-i Yaponiyanın (19,4% artımla ilə 98,9 milyard kilovat-saat), 4,6%-i Braziliyanın (16,1% artımla ilə 97,9 milyard kilovat-saat), payına düşmüşdür. Beş ölkənin payı 59,8% təşkil etmişdir. 2017-ci ildə hidroenerji istisna olmaqla digər bərpa olunan enerji istehlakı ümumi elektrik enerjisi istehsalının 8,4%-ni təşkil etmişdir. 

 

 

Günəş enerjisi 

1996-cı ildə 401 MVt səviyyəsində olan dünya günəş enerjisinin istehsalı gücü 2017-ci ildə 2016-cı ilə (303 GVt) nisbətən 32,6% (99 GVt) artaraq 402 GVt-a çatmışdır. Günəş enerjisindəki artım ənənəvi yanacaq və nüvə enerjisindəki ümumi artımdan çox olmuşdur.

alternativ 5

2017-ci ildə 29 ölkədə günəş enerjisi gücü 1 GVt və ondan çox olmuşdur.

Çin 2017-ci ildə 53,1 GVt-lıq artımla gücünü 131,1 GVt-a çatdırmışdır.

2017-ci ildə dünya üzrə günəş enerjisi istehlakı 2016-cı ilə nisbətən 35,2% artaraq 442,6 milyard kilovat-saat (2016-cı ildə 328,2 milyard kilovat-saat) təşkil etmişdir. 2006-2016-cı illər üzrə orta illik artım  49,7% olmuşdur. 2017-ci ildə günəş enerjisi istehlakı ümumi elektrik enerjisi istehsalının 1,7%-ni təşkil etmişdir.  Ümumi günəş enerjisi istehlakını 108,2 milyard kilovat-saata çatdıran Çin 2017-ci ildə də lider olmuş və 2016-cı ilə nisbətən enerji istehlakını 75,9% artırmışdır. 24,4%-lik payla liderlik edən Çini 17,6%-lə ABŞ (illik istehlakı 40,9% artırmışdır), 14,1%-lə Yaponiya (illik istehlakı 28,7% artırmışdır), 9,0%-lə Almaniya (illik istehlakı 5,0% artırmışdır), 5,7%-lə İtaliya (illik istehlakı 14,3% artırmışdır) izləmişdir. Bu beş ölkənin günəş enerjisi istehlakında payı 70,8% olmuşdur.

Günəş PV bir neçə ölkədə elektrik enerjisi istehsalında getdikcə daha mühüm rol oynayır. 2017-ci ildə günəş PV elektrik enerjisinin istehsalının Hondurasda 10,3%, İtaliyada 8.7%, Yunanıstanda 7.6%, Almaniyada 7% və Yaponiyada 5.7%-ni təşkil etmişdir.   2017-ci ilin sonunda, ən azı 22 ölkədə, o cümlədən Çin və Hindistanda – elektrik enerjisi istehsalının 2%-ni və ya daha çox hissəsini günəş enerjisi ilə təmin etmək üçün imkana sahib olmuşdur.

 Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən aparılmış təhlillərə və proqnozlara əsasən 2020-ci ilin sonuna qədər günəş enerjisi gücünün 500 GVt-a qədər artacağı bildirilmişdir. Avropa Birliyi  Parlamenti tərəfindən hazırlanan "Günəş Enerjisi İstehsal Hesabatında" 2020-ci ildə günəş enerjisi istehsal olunan elektrik enerjisinin dünyada- 1 milyard insana çatacağı, 2.2 milyon insanın bu sahədə işlə təmin ediləcəyi,  CO2 qazı emissiyanın ildə 169 milyon ton azalacağı bildirilir.

 

Külək enerjisi

1995-cı ildə dünya üzrə istifadədə olan külək enerjisi gücü 4,8 GVt təşkil etmiş, 2017-ci ildə  2016-cı ilə (487 GVt) nisbətən 10,7% (52 GVt) artaraq 539  GVt olmuşdur.

30 ölkədə külək enerjisi gücü 1 GVt-ı keçmişdir.

alternativ 6

2017-ci ildə Çin 19,7 GVt-lıq güc istifadəyə verməklə ümumi gücünü 188,4 GVt-a çatdırmışdır. 2017-ci ildə istifadəyə verilmiş gücün 38%-nə, ümumi külək gücünün 35%-nə sahib olan Çin bərpa olunan enerji gücünə görə dünyanın şəriksiz lideri olaraq görünür.

Quru külək enerjisi qlobal quraşdırılmış gücün böyük əksəriyyətini (96% -dən çox) təşkil etməsinə baxmayaraq, 9 ölkədə 2017-ci ildə ümumi 4,3 GVt dənizdə külək enerjisi gücü istifadəyə verilməklə və dəniz külək enerjisinin ümumi həcmi 30% artaraq 18,8 GVt-a qədər artmışdır. Dənizdə külək enerjisi gücünün 15,8 GVt-ı, yəni 84%-i Avropa yerləşir.

2016-cı ildə 828 milyard kilovat-saat olan külək enerjisi istehlakı 2017-ci ildə 17,3% artaraq 1122,7 milyard kilovat-saat olmuşdur. 2006-2016-ci illər üzrə orta illik artım 21,9% təşkil etmişdir. Külək enerjisi istehlakında ən böyük pay 25,5%-lə Çin-ə məxsusdur (286,1 milyard kilovat-saat – 21% artımla). Sonrakı yerləri 22,9%-lə ABŞ (256,8 milyard kilovat-saat istehlak – 12,3% artım), 9,5%-lə Almaniya (106,6 milyard kilovat-saat istehlak – 33,8% artım), 4,7%-lə Hindistan (52,6 milyard kilovat-saat istehlak – 21,4% artım) və  4,4%-lə İspaniya (49,1 milyard kilovat-saat istehlak – 0,7% artım) tutur.

Külək enerjisi 2017-ci ildə dünya elektrik enerjisi istehsalının 4,4%-ni təşkil etmişdir.

2017-ci ildə külək enerjisinin ölkədəki ümumi enerji istehsalındakı payına görə lider ölkə Danimarkadır. Danimarkada ümumi enerji istehsalında külək enerjisinin payı 53 % olmuşdur.

 

Geotermal və bioenerji

Geotermal və bioenerji növlərinə də dünya ölkələri arasında ciddi maraq vardır. Geotermal enerji gücü 2017-ci ildə əvvəlki ilə (12,1 GVt) nisbətən  0,8% (0,7 GVt) artaraq 12,8 GVt təşkil etmişdir. Geotermal enerji əsasən dünyanın 24 ölkəsində yayılmışdır. Artıq dörd ildir ki, geotermal enerji istehsalında davamlı artım müşahidə olunur. Geotermal enerji gücü 64,8%-i beş ölkədə: ABŞ, Filippin, İndoneziya, Türkiyə və Yeni Zellandiyadadır. ABŞ 19,5%-lə liderdir.

2017-ci ildə əsas artım İndoneziyada (275 MVt) qeydə alınmışdır. Türkiyədə isə il ərzində 243 MVt güc istifadəyə verilmişdir.

Bioenerji gücü 2016-cı ildə 114 GVt təşkil etmiş, 2017-ci ildə isə 7% (8 GVt) artaraq 122 GVt-a çatmışdır. Bioenerji ilə istehsal olunan elektrik enerjisinin miqdarı 2017-ci ildə 2016-cı ilə nisbətən 11% artaraq 555 milyard kilovat saat olmuşdur. Çin ən böyük bioenerji istehsalçısı kimi ABŞ-ı geridə qoymuşdur.

ABŞ – 68, Çin- 54, Almaniya – 52, Braziliya – 51, Yaponiya – 38, Böyük Britaniya – 30 milyard kilovat saat elektrik enerjisini bioenerji gücünün hesabına istehsal etmişdir.

Geotermal, bioenerji və digər mənbələrdən elektrik enerjisi istehsalı 2017-ci ildə 5,5% artaraq 586,2 milyard kilovat-saat olmuşdur. Bunun 14,4%- ABŞ-ın, 13,2%-i Çinin, 9,3%-i Braziliyanın, 8,8%-i Almaniyanın, 5,4%-i İngiltərənin payına düşmüşdür. Geotermal, bioenerji və digər mənbələrdən elektrik enerjisi istehsalı ümumi elektrik enerjisi istehsalının 2,3%-ni təşkil etmişdir.

 

İnvestisiyalar 

Bərpa olunan enerji mənbələrinin maya dəyərinin yüksək sürətlə inkişaf edən texnologiya nəticəsində ciddi şəkildə aşağı düşməsi də bu enerji növlərinə marağı yüksək şəkildə artırmaqdadır.

Su elektrik stansiyaları daxil olmadan bərpa olunan enerji mənbələrinə qoyulmuş investisiyanın 57,4%-i günəş, 38,3%-i külək elektrik stansiyalarının payına düşmüşdür.

2017-ci ildə bütün mənbələr üzrə elektrik enerjisi istehsalına 455 milyard dollar investisiya qoyulmuşdur. Su da daxil olmaqla bərpa olunan enerji mənbələrinə qoyulmuş investisiya ümumi investisiyanın 68,2%-ni təşkil etmişdir.

2016-cı ildə alternativ və bərpa olunan enerji mənbələrinə 274 milyard ABŞ dolları, 2017-ci ildə isə 280 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır.

2017-ci ildə ümumi investisiyanın 45%-i Çİn (126,6 milyard dollar), 15%-i (40,9 milyard dollar) Avropa, 14%-i (40,5 milyard dollar) ABŞ tərəfindən qoyulmuşdur.

2007-2017-ci illərdə bərpa olunan elektrik enerjisi və yanacaqlara qoyulmuş investisiyaların məbləği 2,7 trilyon ABŞ dolları təşkil etmişdir.

 

Hədəf və siyasətlər

2017-ci ilin sonuna bərpa olunan enerji mənbələri üzrə hədəflər müəyyənləşdirən ölkələrin, vilayətlərin sayı 176-dən 179-a, isitmə və soyutmada bərpa olunan enerji mənbələri üzrə hədəf müəyyənləşdirən ölkələrin sayı 48-ə, nəqliyyatda bərpa olunan enerji mənbələri üzrə hədəf müəyyənləşdirən ölkələrin sayı 42-ə, elektrik enerjisində bərpa olunan enerji mənbələri üzrə hədəf müəyyənləşdirən ölkələrin sayı 146-a çatmışdır.

Feed-in tariff  (zəmanətli tarif) tətbiq edənlərin sayı 110-dan 113-ə, bioyanacaq öhdəliyi olan ölkələrin (vilayətlərin sayı) 68-dən 70-ə qədər artmış, açıq rəqabətli tender təklif edən ölkələrin sayı 34-dən 29-a düşmüş (2016-cı ildə 16-dan 34-ə qədər artmışdı), kvota (RPS) siyasəti olan dövlətlərin (vilayətlərin) sayı 33, istilik öhdəliyi olan ölkələrin sayı 22 olmuşdur.

Elektrik enerjisi tələbatını 100% bərpa olunan enerji ilə qarşılamaq hədəfi müəyyən edən ölkələrin sayı 57 olmuşdur. 87 ölkə son enerji istehlakında BOEM üzrə hədəf müəyyənləşdirmişdir.

Son enerji istehlakını 100% bərpa olunan enerji mənbələri ilə təmin etməyə dair hədəf müəyyənləşdirən yeganə ölkə Danimarkadır.

Sektorlar üzrə tənzimləmə siyasəti həyata keçirən ölkələrin sayı aşağıdakı cədvəldə qeyd edilmişdir.

alternativ 7

alternativ 8

İş yerləri

2017-cı ildə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində işləyən insanların sayı 10,3 mln. nəfərə çatmış, onun da 4,192 mln. nəfəri Çinin payına düşmüş, 14,6%-i su, 32,5%-i günəş, 11,1%-i külək enerjisi sahəsində işləmişdir.

alternativ 9

Azərbaycan – bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasəti, mövcud vəziyyət və hədəflər 

Azərbaycan bərpa olunan enerji mənbələri yüksək potensialına malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarət olmuşdur.

Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi olub. Proqramın qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində köklü dəyişiklikərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdı.

2009-cu ildən başlayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə xüsusi diqqət göstərdiyini sübut edən nümunələrdir. Ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş qanunvericilik aktlarında milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasının böyük rolu olduğu dəfələrlə vurğulanmışdır.

Hal-hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7144 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1273 MVt-dır ki, bu da ümumi gücün 18%-ni təşkil edir.

Ölkəmizin bərpa olunan enerji potensialının səmərəli istifadəsi üçün qəbul edilmiş qərarlar və həyata keçirilmiş layihələr alternativ və bərpa olunan enerji istehsalının artırılmasında nailiyyətlərin əldə edilməsinə imkan vermişdir. Bərpa olunan enerji mənbələri ilə fəaliyyət göstərən müasir tələblərə uyğun elektrik stansiyalarının istifadəyə verilməsi energetika sektorunda yeni mərhələnin başlandığını göstərməkdədir. Elektroenergetika sistemində ümumi gücü 1134 MVt olan 21 ədəd su elektrik stansiyası (11 ədədi kiçik su elektrik stansiyası), 37 MVt gücündə bərk məişət tullantılarının yandırlması zavodu, ümumi gücü 66 MVt olan 4 külək elektrik stansiyası, ümumi gücü 34 MVt olan 7 günəş elektrik stansiyası və bir ədəd hibrid elektrik stansiyası fəaliyyət göstərir.

Bu stansiyalar, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 22 MVt-lıq günəş elektrik stansiyası, 2018-ci ildə “Azərişıq” ASC tərəfindən istismara verilmiş külək elektrik parkı ölkə iqtisadiyyatının və əhalisinin elektrik enerjisi ilə təminatında və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa başlamışdır. Eyni zamanda elektrik enerjisinin istehsalı üçün istifadə olunan təbii qaz və digər resurslara da ciddi şəkildə qənaət edilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” ilə tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi strateji hədəf olaraq müəyyənləşdirilmiş, külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla bərpa olunan enerji mənbələri üzrə 420 MVt yeni generasiya gücünün istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, elektrik enerjisinə olan tələbatın və istehsal gücünün proqnozlaşdırlması zamanı qarşıdakı növbəti 10 illikdə BOEM-in payının daha da artırılması nəzərdə tutulmuşdur.

Strateji Yol Xəritəsi ilə nəzərdə tutulmuş hədəflərin reallaşdırılması bu nisbətin daha da artmasına şərait yaradacaqdır. Eyni zamanda, elektrik enerjisinə olan tələbatın və istehsal gücünün proqnozlaşdırlması zamanı qarşıdakı növbəti 10 illikdə BOEM-in payının daha da artırılması nəzərdə tutulmuşdur. Ölkəmizin potensialı və investisiya cəlbi üçün həyata keçirilən tədbirlər hədəflərə nail olmaqda ən önəmli amillərdir.

Azərbaycan BOEM-dən istifadənin dəstəklənməsi üçün vergi təşviqini tətbiq edən ölkələrdəndir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan və ƏDV-dən, əldə etdiyi gəlirin 50 faizi gəlir vergisindən, əldə etdiyi mənfəətin 50 faizi vergidən,  əmlak vergisini və torpaq vergisini ödəməkdən azaddır.

2018-ci ildə respublika üzrə istehsal edilmiş elektrik enerjisi 25,2 milyard kVt·st olmuşdur ki, onun da 2,04 milyard kVt·stı bərpa olunan enerji mənbələrinin payına düşmüşdür. İl ərzində külək elektrik stansiyalarında 85,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 39,3 mln. kVt·st, bərk məişət tullantılarının yandırlması zavodunda isə 162,3 mln. kVt·st elektrik enerjisi istehsal olunmuşdur. Bərpa olunan enerji mənbələrindən istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın 8,1%-ni təşkil etmişdir.

Həyata keçirilən planlaşdırılmış addımlar ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin artırılması ilə yanaşı, bu sahədə tətbiq olunan texnologiyanın da ölkəmizdə istehsalına imkan yaradıb. Sumqayıt şəhərində illik istehsal gücü 50 MVt olan "Azgüntex” günəş panelləri zavodu və "Sumqayıt Texnologiyalar Parkı”nda (STP) günəş kollektorları istehsal edən müəssisə yaradılıb.

Həyata keçirilmiş tədbirlərlə yanaşı gələcəkdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində reallaşdırılması planlaşdırılan çox saylı layihələr hazırlanıb. Bu layihələr üzrə potensialın qiymətləndirilməsi üçün ölçmə müşahidə işləri aparılır.

Elektrik stansiyaları

S/N

Stansiyanın adı

İstismarçı və mülkiyyət növü

Gücü

MVt

İri su elektrik stansiyaları

1.

Mingəçevir SES

“Azərenerji” ASC dövlət

424

2.

Şəmkir SES

“Azərenerji” ASC dövlət

380

3.

Yenikənd SES

“Azərenerji” ASC dövlət

150

4.

Füzuli SES

“Azərenerji” ASC dövlət

25

5.

Taxtakörpü SES

“Azərenerji” ASC dövlət

25

6.

Şəmkirçay SES

“Azərenerji” ASC dövlət

25

7.

Varvara SES

“Azərenerji” ASC dövlət

18

8.

Araz SES

NMR dövlət

22

9.

Arpaçay-1 SES

NMR dövlət

20,5

10.

Biləv SES

NMR dövlət

20

Kiçik su elektrik stansiyaları

11.

Göyçay KSES

“Azərenerji” ASC dövlət

3,1

12.

İsmayıllı -1 KSES

“Azərenerji” ASC dövlət

1,6

13.

İsmayıllı -2 KSES

“Azərenerji” ASC dövlət

1,6

14.

Balakən -1 KSES

“Azərenerji” ASC dövlət

1,5

15.

Qusar-1 KSES

“Azərenerji” ASC dövlət

1,0

16.

Vayxır SES

NMR dövlət

5,0

17.

Arpaçay – 2 KSES

NMR dövlət

1,4

18.

Çiçəkli KSES

“İnterenerji” ASC özəl

3

19.

Muğan KSES

Messenat Holding özəl

4,05

20.

Şəki KSES

Şəki ASC, özəl

 ABOEMDA dövlət

1,88 (1,3+0,58)

21.

Nüğədi KSES

Özəl

0,83

Külək elektrik stansiyaları

22.

Yeni Yaşma KEP

“Azərişıq” ASC dövlət

50

23.

Yaşma Bağları Külək Elektrik Parkı

“Azərişıq” ASC dövlət

3,6

24.

Şuraabad Külək Elektrik Parkı

“Azərişıq” ASC dövlət

1,7

25.

Hökməli KES

Alten Qrup özəl

8

Günəş elektrik stansiyaları

26.

Naxçıvan GES

NMR dövlət

22 (20+2)

27.

Suraxanı GES

ABOEMDA dövlət

1,6 - quraşdırılan  

1,4 - şəbəkəyə qoşulan

2,8 - layihə üzrə

28.

Pirallahı GES

ABOEMDA dövlət

1,1 - quraşdırılan 

0,48 - şəbəkəyə qoşulan

2,8 - layihə üzrə

29.

Samux GES

ABOEMDA dövlət

2,8 - quraşdırılan 

1,5 - şəbəkəyə qoşulan

2,8 - layihə üzrə

30.

Sahil GES

ABOEMDA dövlət

1,93 - quraşdırılan 

1,44 - şəbəkəyə qoşulan

2,8 - layihə üzrə

31.

Sumqayıt GES

ABOEMDA dövlət

2,2 - quraşdırılan 

2,8 -layihə üzrə 

32.

Kəngərli GES

NMR dövlət

2

 

Bioenerji stansiyaları

   

33.

Bərk məişət tullantılarının yandırılması zavodu

“Cnim” şirkəti     xarici  şirkət

37

Hibrid elektrik stansiyasi

34.

Qobustan hibrid elektrik stansiyası

ABEMDA dövlət

1 – bioqaz

2,7 – külək

0,992 günəş şəbəkəyə qoşulan

(2,8 – quraşdırılan

4-  layihə üzrə)

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.