“Azərbaycanda Bərpa Olunan Enerjiyə hazırlığın qiymətləndirilməsi” layihəsi üzrə tövsiyələr müzakirə edilib

 

Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) təşkilatçılığı, Energetika Nazirliyi, bir sıra dövlət qurumları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə “Azərbaycanda Bərpa Olunan Enerjiyə hazırlığın qiymətləndirilməsi” layihəsinin yekun hesabatı ilə bağlı tədbir keçirilib.

Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Azərbaycanla İRENA arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışaraq, bu layihəni əməkdaşlığın uğurlu nəticəsi kimi qiymətləndirib və ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsinin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib. Bərpa olunan enerji potensialı barədə məlumat verən Aparat rəhbəri bu sahənin inkişafı istiqamətində “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsinin işlənildiyini və bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirləri üzrə təkliflərin hazırlandığını bildirib. Qeyd olunub ki, bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ümumi gücü 750 MVt olan 8 ərazi (5 külək və 3 günəş) prioritetləşdirilib. Zaur Məmmədov bərpa olunan enerji mənbələrindən istifadə sahəsində beynəlxalq şirkətlərlə də sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Tədbirdə bərpa olunan enerji mənbələrinin inkişafının enerji təhlükəsizliyi və dayanıqlığı, ətraf mühitin qorunması, havaya buraxılan zərərli qazların azaldılması, nəqliyyat, ev təsərrüfatı və digər xidmət sahələrinə müsbət təsir edəcəyi vurğulanıb və layihəyə dair video izlənilib.

Sonra layihə üzrə hesabat təqdim edilib. Bərpa olunan enerji üzrə hüquqi və tənzimləyici çərçivə, siyasi dəstək mexanizmləri, icazə prosedurlarının tənzimlənməsi, yerli və xarici investorların cəlb edilməsi ilə maliyyə mexanizmlərinin müəyyən edilməsi, uzunmüddətli enerji planlaşdırılmasının aparılması, alqı-satqı müqavilələrinin həyata keçirilməsi və digər tədbirlər üzrə tövsiyələr nəzərdən keçirilib, rəy və təkliflər dinlənilib.

 

IMG 8879

IMG 8882

IMG 8881

IMG 8912

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.