<

Energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş "İşğaldan azad olunan ərazilərimizdə tezliklə işıqlı günlər başlayacaq"  adlı məqaləsi dərc olunub.

Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək torpaqlarımızı işğaldan azad etdiyi bu tarixi günlərdə regionun təhlükəsizliyi və onun təmin olunmasında enerji amilinin rolu xüsusilə aktuallıq qazanır. Çünki hazırda ölkəmizin apardığı haqq savaşının əsas məqsədlərindən biri də ədalətin bərpası ilə yanaşı, Azərbaycanın səyləri nəticəsində regionda qazanılmış sabitlik və inkişaf mühitinin dayanıqlılığının təmin edilməsi və gələcək üçün təhlükələrin aradan qaldırılmasıdır.

Ermənistanın təcavüzkar mövqeyi illərdən bəridir ki, Cənubi Qafqaz regionunun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib. Ərazilərimizin işğalı beynəlxalq hüquq normalarının, bir milyon vətəndaşımızın insan hüquq və azadlıqlarının pozulması ilə bərabər, regionun imkanlarından, iqtisadi potensialından tam istifadəni də əngəlləyir, eyni zamanda əldə edilmiş nailiyyətlər üçün təhdidlər yaradır. Son hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasına, onun Əlavə protokollarının tələblərinə və humanitar atəşkəs razılaşmasına zidd olaraq Ermənistan tərəfindən dinc əhalinin, mülki obyektlərin, eləcə də strateji əhəmiyyətli enerji infrastrukturunun davamlı atəşə tutulması bunun bariz nümunələridir.

Terroru dövlət siyasətinə çevirmiş Ermənistan Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan və energetiklərin peşə bayramı üçün də tarixi əsas rolunu oynayan “Azərbaycan” İES-i, ölkəmizin ən böyük su elektrik stansiyası olan Mingəçevir SES-i də davamlı hədəfə alır, həmçinin yaşayış məntəqələrimizin raket atəşinə tutulması elektrik qurğularının və müxtəlif gərginlikli elektrik xətlərinin vurulması faktları ilə müşayiət olunur.

“Yeni ərazilər uğrunda yeni müharibə" ritorikasını Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda yerləşən, regionu qərblə birləşdirən geosiyasi və iqtisadi əhəmiyyətli enerji-kommunikasiya xətlərinin keçdiyi Tovuz istiqamətində hərbi təxribatlar müstəvisinə keçirən Ermənistan bu günlərdə bənzər uğursuz cəhdlərini Yevlax istiqamətində də təkrarladı. Raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəmərinin seçilməsi ilə  bu təxribatların miqyasca tək Azərbaycanla məhdudlaşmayan, regional və qlobal əməkdaşlığa, enerji təhlükəsizliyinə, beynəlxalq şirkətlərin və dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdi olduğunu bir daha göstərdi. Məlumdur ki, bu layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılsa da, missiyası etibarilə qlobal enerji təhlükəsizliyi sisteminin elementləridir. Bu sistemdə Azərbaycanın mövqeyini möhkəmləndirən və iqtisadi gücünü artıran digər bir layihənin - Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi bir tarixdə belə təxribatlar Avropanın diversifikasiya məqsədini də hədəfə almış olur. Ermənistanın məlum davranışları göstərir ki, regionun aydın gələcəyinin müəyyənləşməsi bu ölkənin aqressiyasına son qoyulmasından keçir. Bu gün Azərbaycanın hərbi və diplomatik gücü də işğalın aradan qaldırılmasına, ədalətin və regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib. “Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm.... Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu qətiyyəti, Ordumuzun davam edən qələbələri cəmiyyətimizin bütün üzvləri kimi energetiklərimizə də böyük ruh yüksəkliyi verir. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Biz azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmalıyıq.

Müstəqillik hər bir dövlətin ən böyük sərvətidir. Enerji müstəqilliyi isə milli təhlükəsizliyin ən mühüm hissəsidir. Təqvimdə 20 oktyabrın Azərbaycan energetiklərinin peşə bayramı günü kimi təsbit olunması da ölkəmizin enerji müstəqilliyinin və rifahının təmin edilməsindəki tarixi hadisəyə əsaslanır. Belə ki, 1981-ci ilin 20 oktyabrında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ölkəmizin müstəqil, dayanıqlı enerji sisteminin formalaşdırılması və enerji təhlükəsizliyi sisteminin yaradılmasının möhkəm bünövrəsi oldu. Ulu Öndər o illərdə energetika sahəsində gördüyü işlər haqqında deyirdi: “Hər dəfə elektrik stansiyası tikilməsi haqqında məsələ qoyarkən mənə deyirdilər ki, bu, sənə nəyə lazımdır?! Bizdə - SSRİ-də vahid elektrik enerjisi sistemi var...bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.

Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 2055,4 MVt gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7516,5 MVt-a çatdırılıb. Elektroenergetika sistemində ümumi gücü 6237,7 MVt olan 18 istilik elektrik stansiyası, 1278,8 MVt gücündə isə su və digər bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir. Reabilitasiya proqramı çərçivəsində "Azərbaycan" İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb. Son 10 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4%-dən 10,2%-dək, 1 kVt·st elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin  isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub.

Respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 25133,5 MVA olan 110-500 kV-luq 228 yarımstansiya fəaliyyətdədir.

Yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3  faiz artıb. 2019-cu ildə  elektrik enerjisinin  istehsalı 26,1 milyard kVt·st, istehlakı isə 21,6 milyard kVt·st təşkil edib. COVID-19 pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb. Belə ki, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib. Qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir. 2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırlır. Bu istehsal həcmlərinin bir qismi  ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan “Şimal-2” elektrik stansiyası, bu il təməli qoyulmuş  və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə “Qobu” elektrik stansiyası hesabına əldə ediləcək. Həmçinin  bu prosesdə “Azərenerji” ASC-nin  istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək. Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün  yeni  istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var.

Yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir. Əgər 2006-cı ildə Respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kVt·st elektrik enerjisi idxal edilirdisə, 2019-cu ildə bu göstərici 136,9 milyon kVt·st-a qədər azalıb. İxrac isə on il ərzində 3 dəfə artaraq 1,5 milyard kVt·st-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində 104,3 milyon kVt·st elektrik enerjisi idxal, 841,9 milyon kVt·st elektrik enerjisi ixrac edilib. Gürcüstana 450,2 milyon kVt·saat, Rusiyaya 92,5 milyon kVt·saat, Türkiyəyə 101,8 milyon kVt·saat, İrana 197,4 milyon kVt·saat elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 64,7 milyon kVt·saat, İrandan 22,8 milyon kVt·saat, Gürcüstandan 16,8 milyon kVt·saat olub.

Elektrik enerjisinin mübadiləsi hazırda Azərbaycan və Gürcüstan arasında 500 kV-luq Samux-Qardabani və 330 kV-luq Ağstafa-Qardabani, Türkiyə ilə iki dövrəli 154 kV-luq “İqdır-Babək”, 34,5 kV-luq “Aralıq-Sədərək”, Rusiya ilə 330 kV-luq “Yaşma-Dərbənd”, 110 kV-luq “Yalama-Bilici” elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir. Azərbaycanla İranın enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi isə 330 kV-luq “Muğan”, 230 kV-luq “İmişli”, 110 kV-luq “Astara-Astara”, 132 kV-luq “Araz-Araz” və 132 kV-luq “Culfa-Culfa” EVX-ləri vasitəsilə reallaşdırılır. 

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir. “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt·saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi. Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi.  

Azərbaycan və İran arasında birgə həyata keçirilən “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

Enerji təminatına geosiyasi və təhlükəsizlik prosesləri ilə sıx əlaqədə baxan Azərbaycan elektrik enerjisi sahəsində əməkdaşlıq əlaqələrini dərinləşdirməkdə maraqlıdır. Eyni zamanda, onu da nəzərə almalıyıq ki, ölkənin enerji təminatında problem yaratmayan və şok təsirlərə qarşı kifayət qədər dayanıqlı enerji sistemi daim qlobal inkişaf dəyişikliklərinə uyğunlaşmanı, istehsal portfelində şaxələnməni və səmərəli idarəetməni zəruri edir.

Hazırda qlobal energetika sistemində enerji keçidi prosesi sürətlənir. Enerji keçidi müasir dövrdə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin edən alət kimi qəbul edilir. Bu məqsədlə dünyada bərpa olunan, ekoloji cəhətdən təmiz enerjidən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılmasını birmənalı dəstəkləyən strateji qərarlar qəbul edilir. Görünən odur ki, yaşıl enerjiyə keçid 21-ci əsrin təxirəsalınmaz prosesi olacaq. Dünyada ilkin enerji istehlakında bərpa olunan enerji mənbələrinin hidroenerji ilə birgə payı 11,4% olsa da, ötənilki qlobal artımda 41%-lik göstərici məhz bu enerji növünə məxsusdur. Texnologiyaların inkişafı ilə əlaqədar xərclərin azalması, qlobal iqlim çağırışları, siyasi təşviqlər, investisiyaların karbohidrogen sektorundan bərpa olunan enerjiyə doğru meyillənməsi, həmçinin böhrandan sonra dünya iqtisadiyyatının davamlı bərpa planının tərkib hissəsi kimi nəzərdən keçirilməsi bu enerji növünün rəqabət qabiliyyətini artıran faktorlardır.

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 2019-cu il 29 may tarixli 1209 nömrəli, “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir. Bu gün əsas məqsədimiz Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına 1500 MVt əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır. Energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri bu ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması oldu. Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən, 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq.

“Enerji alğı-satqı”, “İnvestisiya”, “Ötürücü Şəbəkəyə Qoşulma” və “Torpaq İcarə” müqavilələri hazırlanaraq investorlara təqdim edilib və hər iki şirkətlə imzalanacaq müvafiq sənədlərin razılaşdırılması artıq yekunlaşır. “ACWA Power” və  “Masdar” şirkətləri ilə müvafiq müqavilələrin imzalanmasından sonra Abşeron, Xızı və Qaradağ rayonlarında ayrılmış ərazilərdə stansiyaların tikintisinə başlanacaq. Külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Pirəkəşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır.

Bu stansiyalar hesabına ümumilikdə, təxminən, illik 1,4 milyard kVt·st elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir.

Bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir  proses olmalıdır. Bu məqam dövlət başçısının “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən və “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən səsləndirdiyi fikirlərdə də vurğulanır: “Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır...Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması, özü də bunun Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, həmçinin Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür. Onu da bildirməliyəm ki, hazırda bizim Energetika Nazirliyi dünyanın bir neçə ən böyük enerji şirkəti ilə danışıqlar aparır. Biz bu şirkətlərlə bərpaolunan yeni günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar danışıqları apararkən hesab edirik ki, istədiyimizə nail olacağıq və xarici investisiyalar bu sahəyə daha böyük həcmdə gələcək”.

Bu məqsədlə pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə ikitərəfli müqavilələr və hərraclar vasitəsilə reallaşdırılması istiqamətində hazırlıq tədbirləri görülür. Belə ki, investisiya cəlbi üçün beynəlxalq təcrübədə rast gəlinən bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı olan digər 5 sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü dəqiqləşdirilib. Bununla yanaşı külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Nazirlik tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib, hazırda torpaqların təyinatı, elektrik enerjisi şəbəkəsinə qoşulma imkanları araşdırılır. Həmçinin bərpa olunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları, elektrik enerjisinin satınalınması, elektrik şəbəkəsinə qoşulma, torpaq icarə müqavilələri və digər sənədlər hazırlanır. Eyni zamanda, elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi müəyyənləşdirilir ki, layihələrin gələcəkdə şəbəkəyə inteqrasiyası zamanı problemlər yaranmasın.  Hesablamalara əsasən, 2030-cu ilədək üç mərhələdə 440 MVt, 460 MVt  və 600 MVt həcmində qoyuluş güclərinin şəbəkəyə inteqrasiyası  mümkündür.

Bərpa olunan enerji sahəsinin inkişafında mühüm yeniliklərdən biri isə aktiv istehlakçılar qismində vətəndaşların bu prosesdə iştirakının dəstəklənməsi ilə bağlıdır. Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi istehlakçıya müəyyən güc həddindəki bərpa olunan enerji mənbələri qurğusu vasitəsilə öz tələbatı üçün elektrik enerjisi istehsal etməyə və istehlakından artıq elektrik enerjisini paylayıcı şəbəkəyə ötürməyə imkan verəcəkdir.

Bütün bu proseslərin aktiv fazaya keçməsi üçün həlledici məqam müvafiq sahədə qanunun qəbuludur. Ölkəmizdə bərpa olunan enerji sahəsinin tənzimlənməsi üzrə ilk normativ hüquqi sənəd kimi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırda hökumətdə baxılmaqdadır.

Dövlət başçısının müvafiq Fərmanı ilə Energetika Nazirliyinin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması da bu sahənin keyfiyyət və məzmunca yeni mərhələdə inkişaf etdirilməsi zərurətidir. Agentliyin əsas vəzifəsi bu sahəni dövlət üçün maliyyə yükü olmayan, investorların cəlbedici fəaliyyət istiqamətinə çevirməkdir. Səmərəlilik, çeviklik və müasir inkişaf tələbləri əsasında  qurulan Agentlik bərpa olunan enerji sahəsi ilə əlaqəli bütün proseslərə məsul olacaq və energetikada yeni inkişaf strategiyasına töhfə verəcək. Əsasnaməsindən də göründüyü kimi, Agentliyin fəaliyyəti çoxşaxəlidir. Bu sahənin investisiya qoyuluşu üçün cəlbediciliyinin təmin edilməsi, elektrik enerjisinin satın alınması müqaviləsi əsasında bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi, bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondların yaradılması tamamilə yeni istiqamətlərdir. Hazırda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və tabeliyindəki “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətin strukturu formalaşdırılır, üç illik iş planı hazırlanır və “Azalternativenerji” MMC-nin fəalliyyətinin optimallaşdırılması üçün digər lazımi tədbirlər həyata keçirilir.

Dövlət başçısının islahatlarla bağlı digər mühüm bir tapşırığı da elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması ilə bağlıdır. Liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanmış və hazırda hökumətdə baxılmaqdadır. Beynəlxalq təcrübə göstərir ki, liberal bazar münasibətlərinə keçid üçün ilk növbədə elektrik enerjisi istehsalının iqtisadi optimallaşdırılması, tariflərin müəyyənləşdirilməsi üzrə metodologiyanın, Şəbəkə Məcəlləsinin hazırlanması, gələcək bazar subyektlərinin kommersiya uçotu sisteminin təşkili ilə bağlı tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə müvafiq işlər yerinə yetirilir.  

Bu prosesdə mühüm əhəmiyyət daşıyan, mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla “Elektroenergetika haqqında” qanunun yeni layihəsi hazırlanmışdır. Qanun layihəsində elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqi, özəl investisiyaların cəlbi, dövlətin maliyyə yükünün, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılması və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şəraitin yaradılması kimi məsələlər nəzərdə tutulmuşdur.

Elektroenergetika sisteminin səmərəliliyinin artırılmasında özəl sektorun iştirakına nail olmaq da həlli vacib məsələlərdəndir. Bununla əlaqədar ilkin mərhələ kimi kiçik gücə malik bir sıra  modul, su və günəş elektrik stansiyalarının nümunəsində elektrik enerjisinin istehsalı sahəsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində təkliflər hazırlanmış və hazırda baxılmaqdadır. Eyni zamanda, özəl sektor və xarici investisiya hesabına ənənəvi enerji ilə işləyən yeni güclərin yaradılması da əsas prioritetimizdir.  Bu məqsədlə 550 MVt-lıq yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür. Stansiyanın özəl investisiya hesabına inşası məqsədilə xarici şirkətlərlə danışıqlar aparılıb və Energetika Nazirliyi tərəfindən hazırlanmış ilkin Texniki Göstəriciləri ehtiva edən sənəd təqdim edilib. Şirkətlərdən artıq nazirliyə layihə təklifləri daxil olub. Elektrik stansiyasının fəaliyyəti üçün zəruri köməkçi infrastrukturun mövcudluğu baxımından stansiyanın Bakıdan 40 km məsafədə yerləşən “Yaşma” və 120 km uzaqlıqda olan “Şirvan” ərazilərindən birində tikilməsi planlaşdırılır.

Enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi də hazırda baxılmaqdadır. Qanunun qəbulu müasir enerji səmərəliliyi alətlərinin tətbiqi ilə enerjidən səmərəli istifadə üçün hüquqi mexanizm yaradacaqdır.  Bununla yanaşı, ixtisaslaşmış beynəlxalq təşkilatların dəstəyi ilə “Enerji Effektivliyi üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. Plan energetika sektoru da daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələri və ev təsərrüfatlarında səmərəliliyin təmin edilməsinə yönəlib.

“Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın hazırlanması da davam etdirilir. İlk dəfə olaraq hazırlanan və 2050-ci ilə qədər olan dövrü əhatə edən strategiya sənədində elektroenergetika, qaz təchizatı, istilik təchizatı, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, aşağı karbon tutumlu nəqliyyat kimi sahələr əks olunmuş və müxtəlif ssenarilər üzrə energetika sektorunun strateji inkişaf istiqamətlərinin təhlili aparıılmışdır.

Qanunvericilik bazasının formalaşdırılması çərçivəsində “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələri  də hazırlanmaqdadır.

İslahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmədə dayanıqlılığı və effektivliyi təmin edən tənzimləyicinin yaradılması da mühüm yer tutur. Bu aspektdə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi üç il ərzində elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində dövlət, istehlakçılar və tənzimlənən subyektlər arasında maraqlar balansının, hər bir istehlakçıya münasibətdə müasir yanaşmanın təmin edilməsinə, obyektivlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərə əsaslanan fəaliyyətə nail olub. Enerji təchizatında bir sıra proseslər sadələşdirilib, çeviklik təmin edilib, xidmətləri sahibkarlar üçün əlçatan edən addımlar atılıb.  Müvafiq sahənin tənzimlənməsinə və istehlakçıların mənafeyinin qorunmasına yönəlik “Elektrik qurğularının quraşdırılması”, “Elektrik və istilik qurğularının texniki istismarı”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası”, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması”, “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi” qaydaları hazırlanaraq  Nazirlər Kabineti tərəfindən təsdiq edilib. 2020-ci ilin avqust ayından etibarən Agentlik istehlakçı hüquqlarının qorunması baxımından əhəmiyyətli sayılan, “Azəriqaz” İB-nin Metrologiya Departamentində qaz sayğaclarının dövlət yoxlanılması prosesinin monitorinqinə də başlayıb.  

Energetikada tənzimlənmənin perspektivdə liberal bazar münasibətlərinə uyğunlaşdırılması prosesi kontekstində isə istehlakda səmərəliliyin artırılması mexanizmləri, “Tarif Metodologiyası” hazırlanıb. Xərcləri əks etdirən (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan) tariflərin tətbiqi, bəzi sənaye sahələri üçün güzəştlərin optimallaşdırılması, qiymətlərin günün vaxtına görə differensiasiyası, aztəminatlı istehlakçı kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin müəyyənləşdirilməsi, reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması, elektrik enerjisinin topdansatış bazarının yaradılması, özəlləşdirmə, elektrik enerjisi istehsalı sahəsinə dövlət-özəl tərəfdaşlığı razılaşmaları əsasında yeni investisiyaların təşviqi üçün araşdırmalar aparılıb və təkliflər verilib. Agentlik tərəfindən, həmçinin tənzimlənən sahədə investisiya layihələri və elektrik enerjisi bazarının fəaliyyətinin monitorinqi qaydalarının layihələri kimi normativ sənədlər hazırlanır.  Bu sırada digər vacib bir sənəd “Müstəqil enerji istehsalçılarının ötürücü və paylayıcı elektrik şəbəkələrinə çıxışının monitorinqi Qaydaları"nın layihəsidir.

Hazırda baxılmaqda olan “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunun qəbulu isə imkan verəcək ki, elektrik enerjisi bazarının mühüm iştirakçısı kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tənzimləyici funksiyalarını daha effektiv şəkildə yerinə yetirərək, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində münasibətlərin müasir dövrün mütərəqqi tələblərinə uyğun inkişafını təmin etsin.

Əlbəttə, görülən bütün işlər nəticədə vətəndaş məmnunluğunda ifadə olunur. "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyaları Energetika Nazirliyinə həvalə edilib. 2020-ci ilin sonuna kimi ASAN tərəfindən sistemin test fazasına başlanması  planlaşdırılır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır. Kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi, müvafiq xidmətlər üzrə müraciətlərin vahid platformadan ünvanlanması, bu xidmətlərin hər kəs üçün daha əlçatanlığı və fasiləsizliyi, yaranan çətinliklərin operativ həlli baxımından faydalıdır.

Vətəndaş müraciətlərinin obyektiv araşdırılaraq cavablandırılması, xidmətlərin icrası zamanı sui-istifadə hallarının qarşısının alınması, xidmətlərin icra vəziyyətinə dair mərkəzləşdirilmiş təhlil və hesabatların aparılması, istifadəçilər tərəfindən xidmətin keyfiyyətinə dair təklif və iradların toplanması, həmçinin vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılacaq Vahid Çağrı Mərkəzinin formalaşdırılması ilə bağlı Konsepsiya layihəsi də Nazirlər Kabinetinə təqdim edilib.

Bütün bu tədbirlər açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tutaraq dövlət xidmətlərinin təkmilləşdirilməsinə, ictimai nəzarətin gücləndirilməsinə xidmət edəcəkdir.

2020-ci ilin Azərbaycan energetikası üçün daha bir xüsusi məqamı da bundan ibarətdir ki, ölkəmiz bu il Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edir. Konfransa sədrliyi dövründə ölkəmiz tərəfindən ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi, bərpa olunan enerjinin nəqliyyatda və istilik təchizatında payının artırılması, enerji səmərəliliyinin təşviqi, hamının qabaqcıl enerji səmərəliliyi təcrübələrinə çıxışının təmin edilməsi, enerji təchizatının təhlükəsizliyinə çağırışlar kimi aktual məsələlər beynəlxalq enerji ictimaiyyətinin müzakirəsinə təqdim edilmişdir.Azərbaycan enerji təhlükəsizliyindəki rolunu zəfərləri ilə daha da möhkəmləndirəcək. Ölkəmizin energetika sahəsində qlobal uğurları bundan sonra da davamlı olacaq və tarixən də, bu gün də dünyanın əsas enerji mərkəzlərindən sayılan Azərbaycanın energetikləri  öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək ölkəmizin ümumi inkişafına töhfələr verəcəklər. Rəşadətli ordumuzun işğaldan azad etdiyi torpaqlarımızda qısa müddət ərzində normal həyatın bərpası prosesində energetiklərimizin yaxından iştirakı növbəti illərin töhfələri sırasında xüsusi yer tutacaq.

Pərviz  Şahbazov

Azərbaycan Respublikasının

Energetika naziri

 

Digər xəbərlər