Özbəkistanın Daşkənd şəhərində “Dayanıqlı inkişaf naminə tərəfdaşlıq” adı altında təşkil olunan Enerji Həftəsində ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalov təmsil edib. Nazir müavini tədbirin açılışı və “Sistemin etibarlılığı və əməkdaşlığın genişləndirilməsi” adlı Nazirlər Dialoqunda iştirak edib.

COP29-a ev sahibliyi etmiş ölkə kimi Azərbaycanın enerji keçidi və qlobal əməkdaşlıq sahəsində təşəbbüslərindən bəhs edən nazir müavini bildirib ki, ölkəmiz həm etibarlı təbii qaz təchizatçısı kimi, həm də yaşıl enerji potensialı ilə Avropanın enerji təhlükəsizliyi və dekarbonizasiya hədəflərinə töhfə verməyə davam edəcəkdir. Bu baxımdan, Xəzər dənizində planlaşdırılan yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri təşəbbüsünün strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb, ölkəmizin enerji trilemması, yəni enerji əlçatanlığı, təchizatın təhlükəsizliyi və bərpa olunan enerjidən istifadənin inkişafı baxımından mühüm mövqe tutduğu qeyd edilib.

Plenar sessiyada ümumi enerji bazarı sahəsində regional əməkdaşlıq strategiyası, müasir enerji bazarının formalaşdırılması üçün əlverişli biznes mühitinin yaradılması, yaşıl iqtisadiyyata keçid strategiyasının həyata keçirilməsi və digər mövzular müzakirə edilib.

Səfər çərçivəsində, eyni zamanda Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığı və “Mərkəzi Asiya-Azərbaycan yaşıl Enerji Dəhlizi”nin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər