Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan edilmiş 18 may-18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində Energetika Nazirliyində maarifləndirici tədbir keçirilib.

Tədbirdə nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimova Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində gördüyü işlər, həyata keçirdiyi islahatlardan bəhs edib. Ulu Öndərin əsasını qoyduğu hüquqi dövlət quruculuğu prinsiplərinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və insan hüquqları təminatının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu bildirilib. 18 iyun tarixinin “İnsan Hüquqları Günü” kimi qeyd olunması bu sahəyə verilən önəmin bariz nümunəsi kimi dəyərləndirilib. 

Nazirliyin Hüquq şöbəsinin müdir müavini Mürvət Babayev isə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və əhəmiyyəti barədə danışıb. Ölkəmizin müvafiq sahədə qoşulduğu beynəlxalq sazişlər, qəbul etdiyi normativ sənədlər, aparılmış islahatlar və bu sahədə əldə edilmiş mühüm nailiyyətlər barədə geniş məlumat verilib.

Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə mövzu üzrə fikir mübadiləsi aparılıb, insan hüquqları sahəsində ictimai maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi qeyd olunub.

 

Digər xəbərlər