Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısından sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov və  Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun iştirakı ilə birgə mətbuat konfransı keçirilib.

Cənub Qaz Dəhlizinin böyük bir uğurla fəaliyyət göstərdiyini  deyən energetika naziri Pərviz Şahbazov bildirib ki, Məşvərət Şurası Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasına nail olub.  Bildirilib ki, Cənub Qaz Dəhlizinin yeni bazarlara yönəlməsi müzakirə edilib və müzakirələr iki sessiya üzrə aparılıb. Birinci sessiyada Cənub Qaz Dəhlizinin yeni bazarlara, o cümlədən Balkan ölkələrinə, cənub-şərq ölkələrinə yönəlməsi məsələləri müzakirə edilib və bu istiqamətdə fəaliyyət növbəti dövrlərdə həyata keçiriləcək. İkinci sessiya Azərbaycan və ümumilikdə Avropa ölkələri üçün önəmli məsələlərə həsr olunub. “Bu həm enerji keçidi, bərpa olunan enerji mənbələri, Cənubi Qaz Dəhlizinin genişlənməsi, həm də dekarbonizasiya məsələləridir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının uğurlu fəaliyyətini və çox məhsuldar beynəlxalq platforma olduğunu nəzərə alaraq, biz bundan sonra bu format çərçivəsində yalnız Cənub Qaz Dəhlizinin genişlənməsini deyil, həm də yuxarıda qeyd olunan məsələləri müzakirə edəcəyik”, - nazir əlavə edib.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson isə Azərbaycanın energetika sahəsində uğurlu tərəfdaş olduğunu vurğulayıb. O bildirib ki, cənub-şərqi Avropa ölkələrinə Cənubi Qaz Dəhlizi mühüm  töhfədir. Hazırda enerji bazarında  qeyri-sabitlik və qiymət artımı müşahidə olunur. Yaxın gələcəkdə bu boru kəmərinin imkanlarının genişləndirilməsi düşünülür. Xüsusilə, dəhlizin Qərbi Balkan istiqamətində genişləndirilməsi ilə bağlı müzakirələr aparılır. Xanım Kadri Simson əlavə olaraq qeyd edib ki, hazırda bazarın gözləntiləri öyrənilir və bu tədqiqatların nəticəsi olaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsi həyata keçirilə bilər. "Biz istəyirik ki, Azərbaycandan Avropaya satılan təbii qazın həcmi 10 milyard kubmetrə çatdırılsın. Bunun üçün təhlükəsiz təchizatın təmin edilməsinə nail olmalıyıq. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.”

K.Simson həmçinin dekarbonizasiya ilə bağlı müəyyən işlər görüləcəyini bildirib. "Biz ənənəvi enerji mənbələrdən istifadə etməklə metan emissiyalarının azaldılması istiqamətində addımlar atacağıq. Bilirik ki, Azərbaycan bərpa olunan enerji mənbələri ilə zəngin ölkədir və biz bu sahədə də Azərbaycana dəstək verməyə hazırıq. Əminliklə deyə bilərəm ki, bu istiqamətdə Azərbaycanla apardığımız müzakirələrdən razı qaldım", - deyə o, qeyd edib.

Digər xəbərlər