Energetika naziri Pərviz Şahbazovla Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman arasında görüş olub.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib.  2021-2024-cü illər ərzində Azərbaycanın Aİ-yə qaz ixracının 57 faizdən çox artdığı vurğulanaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsi və tədarük həcmlərinin artırılması üçün  investisiyalar və uzunmüddətli  müqavilələrin vacibliyi qeyd olunub. Aİ-nin qaz layihələrinin maliyyələşdirilməsinə dair siyasəti nəzərdən keçirilib.

Baş direktor Qert Yan Kupman tərəfindən Orta Dəhliz kontekstində regionla Aİ arasında enerji və elektrik ticarətini artırmağa yönəlmiş planlar çərçivəsində Azərbaycanla əməkdaşlığa, xüsusilə “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə xüsusi maraq  ifadə edilib. Söhbət zamanı layihənin texniki-iqtisadi əsaslandırma mərhələsində olması, Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün həyata keçirilən proseslər, dəhlizin elektrik enerjisi ilə yanaşı, fiber-optik komponenti, həmçinin növbəti mərhələdə “yaşıl enerji”nin tədarük imkanları barədə məlumat verilib. Bu dəhlizin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə əlaqələndirilməsi perspektivi diqqətə çatdırılıb.  Nazir Pərviz Şahbazov bildirib ki, layihə Avropa ilə Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə birləşdirə bilər, bu da gələcəkdə Qazaxıstan və Özbəkistandan böyük həcmlərdə enerji resurslarının Avropaya ötürülməsini təmin edə və Ai-nin enerji təchizatının şaxələndirilməsi baxımından mühüm rol oynaya bilər.

Görüşdə, həmçinin  Azərbaycan-Aİ enerji dialoqunun üçüncü iclasının keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər