The Minister of Energy, Parviz Shahbazov`s article titled “Strategic Development Period in the Energy Sector of Azerbaijan”, devoted to “20 October  Energy Day” was published in the newspaper of "Respublika":

Azərbaycan dövləti bu gün uğurla reallaşdırdığı beynəlxalq təşəbbüslər, yerinə yetirdiyi tarixi əhəmiyyətli layihələr, dünyada sülh və sabitliyin möhkəmlənməsinə verdiyi töhfələrlə qlobal təhlükəsizlik və inkişaf sistemində mühüm yer tutur. Qlobal qiymətləndirmə indekslərində ölkəmizin ildən-ilə irəlilələməsi bunun əyani sübutudur. Elə Dünya İqtisadi Forumunun bu günlərdə elan etdiyi “Qlobal Rəqabətlilik İndeksi” də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf və köklü islahatlar kursuna beynəlxalq aləmin obyektiv qiyməti idi. Məlum olduğu kimi, Azərbaycan bu hesabatda ötən illə müqayisədə 11 pillə irəliləyərək “Qlobal Rəqabətlilik İndeksi”ndə 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Əlamətdar haldır ki, Azərbaycan bu hesabata əsasən elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerdədir. Ölkəmizi belə bir səviyyəyə yüksəldən davamlı islahatlar kursunun real nəticələridir. Azərbaycanın müasir inkişafının təməlində dayanan enerji sektoru da bu sahədə aparılan islahatlarla ölkənin daha rəqabətqabiliyyətli göstəriciləri üçün əsaslı zəmin formalaşdırır.

Öz şərəfli peşələri ilə bu missiyanın həyata keçirilməsində yaxından iştirak edən Azərbaycan energetiklərinin peşə bayramı günü xüsusi mənəvi tarixi dəyərə malikdir. “20 Oktyabr Energetiklər Günü”nü mahiyyət etibarilə Azərbaycanın inkişaf tarixinin iki mühüm dövrü arasında bağlantı da saymaq olar. Bu peşə bayramının tarixi 1981-ci ilin 20 oktyabrında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi anından başlanır. O zaman Bakıda belə böyük bir enerji infrastrukturunun yaradılması heç də təsadüfi olmayıb, o dövrün inkişaf meyillərindən irəli gəlirdi. Eyni zamanda, bütün maneələri dəf edərək bu işin reallaşdırılması üçün böyük cəsarət və əzmkarlıq tələb edirdi. Heydər Əliyevin tarixi irsə çevrilmiş bu sözləri zamanında atılan o addımların mahiyyətini anlamaq üçün aydın izah verir: "Biz o illər bütün bu imkanlardan istifadə edərək eyni zamanda düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq".

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir.

Milli elektrik enerjisi sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramlarının icrası nəticəsində daxili enerji tələbatının ödənilməsi ilə bərabər Azərbaycan elektrik enerjisinin ixracına da nail olub. Beləliklə, energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 1973,5 MVt gücündə 19 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 60-a çatdırılıb.

11-i istilik elektrik stansiyası, 8-i modul tipli elektrik stansiya, 22-si su elektrik stansiyası, 11-i günəş elektrik stansiyası, 6-sı külək elektrik stansiyası və 2-si biokütlə elektrik stansiyası olan bu stansiyaların energetika sistemində ümumi qoyuluş gücü 7546 MVt-dır.

Respublikada generasiya gücünün artırılması ilə yanaşı, energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 23436 MVA olan 110-500 kV-luq 212 yarımstansiya fəaliyyət göstərməkdədir.

Yeni istehsal güclərinin yaradılması hesabına son on ildə elektrik enerjisinin istehsalında 18% artıma nail olunub. Cari ilin 9 ayı ərzində də elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq, 19,6 milyard kVt·st olub. Bu müddətdə bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 40% artıb.  2018-ci ilə nisbətən elektrik enerjisinin bu il 3,6%, 2020 və 2021-ci illərdə isə müvafiq olaraq 8-10% çox istehsalı proqnozlaşdırılır.

Elektrik enejisinə ölkədaxili tələbatın təhlili göstərir ki, ölkənin inkişafı, əhali artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb. 2019-cu ilin yanvar-sentyabr aylarında elektrik enerjisinin istehlakı 3,7% artaraq, 16,3 milyard kVt·st təşkil edib. Bu dinamikanın qarşıdakı illərdə də davam edəcəyi və 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 milyard kVt·st həcmində olacağı proqnozlaşdırılır.

Bu tələbatı yaxınlarda istismara verilmiş, qoyuluş gücü 400 МVt olan “Şimal-2” elektrik stansiyası, istilik, modul tipli və su elektrik stansiyalarının reabiltasiyası, eləcə də Qobuda 2020-2021-ci illər ərzində quraşdırılacaq ümumi qoyuluş gücü 385 МVt olan modul elektrik stansiyasının hesabına qarşılamaq mümkün olacaq. Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri vasitəsilə ödənilməsi planlaşdırılır.

Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də mövqeyini gücləndirib. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kVt·st elektrik enerjisi idxal edilirdisə, 2018-ci ildə bu göstərici 131 milyon kVt·st-a qədər azalıb. İxrac isə, əksinə, on il ərzində 78% artaraq 1,4 milyard kVt·st-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 111,5 milyon kVt·st idxala qarşı 1,1 milyard kVt·st elektrik enerjisi ixrac edilib. İxrac göstəricisi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 42% çox olub. Gürcüstana 859 milyon kVt·st, Rusiyaya 120,7 milyon kVt·st, Türkiyəyə 56,5 milyon kVt·st, İrana isə 28,7 milyon kVt·st elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 74,8 milyon kVt·st, İrandan 27,4 milyon kVt·st, Gürcüstandan isə 9,3 milyon kVt·st olub.

Elektrik enerjisi mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan Gürcüstana və Türkiyəyə elektrik enerjisinin ixracı üçün texniki imkanlar 2013-cü ildə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin bir hissəsi olan 500 kV-luq Samux-Qardabani HEVX, “Qara dəniz ötürmə şəbəkəsi layihəsi” çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən 500/400/220 kV-luq “Axaltsixe” yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksək gərginlikli 400 kV-luq EVX-in istismara verilməsi ilə yaradılıb. 2018-ci ilin dekabr ayında imzalanmış “Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında elektroenergetika əlaqələrinin genişləndirilməsi barədə Niyyət Memorandumu” na uyğun olaraq hazırda iki ölkə arasında elektrik verilişi dəhlizinin texniki imkanlarının artırılması məqsədilə 330 kV-luq “Ağstafa-Qardabani” hava xətti yenidən qurulur.

Rusiya-Azərbaycan-İran “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin yaradılması üzrə isə danışıqlar davam etdirilir. 2019-cu ilin 12 avqust tarixində hər üç ölkənin müvafiq şirkətlərinin iştirakı ilə “Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının enerji sistemlərinin əlaqələndirilməsi" layihəsinə dair texniki-iqtisadi əsaslandırmanın birgə hazırlanması barədə razılaşma imzalanıb.

Hazırda Azərbaycan və İran energetika sistemləri arasında 230 kV-luq “Masallı (AR) Astara (İR)” elektrik verilişi xətti tikilir. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir. Belə ki, “Xudafərin” hidroqovşağının bəndi üzrə işlər 95%, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər 50% başa çatdırılıb. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt, orta illik enerji istehsalı 766 milyon kVt·st həcmində planlaşdırılan stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaqdır. “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə də  işlər davam etdirilir.

Enerji təhlükəsizliyi tam təmin edilmiş, digər ölkələrdən enerji asılılığı aradan qaldırılmış və artıq özü elektrik enerjisi ixrac edən ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlər əldə etsə də, əsas hədəflər hələ qarşıdadır. Çünki dünyada energetika sektoruna olan müasir tələblər yeni məzmun kəsb edir, trendlər dəyişir, enerji istehsalı portfelinin şaxələndirilməsi, səmərəlilik və keyfiyyət standartlarının yaradılması və bu məqsədlə enerji bazarının liberallaşdırılması tendensiyaları geniş vüsət alır. Qloballaşma dövründə sürətlə dəyişən iqtisadi, siyasi vəziyyət, xüsusilə də iqlim dəyişiklikləri ilə bağlı çağırışlar, enerji sektorunun daha az emissiya buraxmaqla daha çox enerji təchiz etmək kimi aktual probleminin həlli və texnologiyaların inkişafı dünya enerji sistemində transformasiya proseslərinə təkan verir.

Qlobal enerji keçidinin hərəkətverici qüvvələri qismində isə məhz bərpa olunan enerji və enerji səmərəliliyi çıxış edir. Dünya enerji sisteminin bugünkü reallığında bərpa olunan enerji hər kəsə öz enerji və ekoloji təhlükəsizliyini təmin etməyə imkan yaradan universal bir mənbə kimi çıxış edir. Karbohidrogenlərdən fərqli olaraq hər yerdə bu potensial var. Bu potensialdan istifadə etməklə hər bir ölkə enerji ölkəsinə çevrilə, enerji müstəqilliyini əhəmiyyətli dərəcədə artıra, dayanıqlı inkişafa nail ola, eyni zamanda ətraf mühitin çirklənməsinə qarşı etibarlı müdafiəni təmin edə bilər. Belə ki, Paris Sazişi ilə ölkələr qlobal orta temperaturdakı artımı 2 dərəcədən aşağı saxlamaq öhdəliyini götürsələr də, təəssüf ki, 2018-ci ildə istixana qazlarının atmosferə atılması əvvəlki ilə nisbətən 1,7% artaraq tarixdə ən yüksək səviyyəyə çatıb. Karbon emissiyalarını daha çox elektroenergetika sektorunun yaratdığını nəzərə alsaq, elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının qlobal zərurət olduğunu bir daha aydınlaşdırmış olarıq. Son illər bərpa olunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir. Xərclərin sürətlə azalması ilə bu enerji növünün rəqabət qabiliyyəti də artır. Hələlik, bərpa olunan enerji mənbələrinin ilkin enerji istehlakındakı payı hidroenerji ilə birgə cəmi 10,9%, elektrik enerjisi istehsalında isə 26% olsa da, proqnozlara görə növbəti 20 ildə ən sürətlə inkişaf edən enerji mənbəyi rolunda məhz bərpa olunan enerji çıxış edəcək.

Elektrik enerjisinin istehsalından pərakəndə satışa qədər dəyər zəncirinin bütün həlqələrində enerji səmərəliliyinə nail olunması da enerji sektorunda trilemma adlanan təhlükəsizlik, səmərəlilik və dayanıqlılıq arasında balansın yaradılmasına xidmət edən digər mühüm bir istiqamətdir. Son illərdə bir çox inkişaf etmiş ölkələrin enerji səmərəliliyi sahəsində yüksək göstəriciləri enerjiyə qənaət, tələbatın azalması, beləliklə də qlobal iqtisadi artımla enerjiyə tələbat arasındakı ənənəvi əlaqənin əhəmiyyətli dərəcədə dəyişməsi ilə müşayiət olunur.

Enerji transformasiyasının bu iki mühüm istiqaməti üzrə hazırda ölkədəki mövcud vəziyyət neft-qaz resurslarının zənginliyi və ənənəvi enerji resurslarından enerji istehsalının nisbətən ucuz olmasından irəli gələn müəyyən reallıqlar və böyük potensialla xarakterizə edilir. Ölkədə bu gün elektrik enerjisinin 92%-i ənənəvi enerji resursundan-təbii qazdan alınır. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir. İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir. Lakin ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı daha böyükdür. Qiymətləndirmələrə görə, bu potensial 26 min MVt ətrafındadır.   

Son illərdə enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi aşağı düşüb, yığım faizi isə artıb. Belə ki, son on ildə elektrik enerjisinin istehsalı və paylanmasında itkilərin 22,6%-dən 10,5%-dək, 1 kVt·st elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin  isə 331,6 qramdan 271,1 qrama qədər azaldılmasına nail olunub.  Hazırda ən yeni texnologiyalar tətbiq etməklə bütün istilik, modul tipli və su elektrik stansiyalarında yüksək nəticələr əldə edilməsi, faydalı iş əmsalının artırılması, yanacaq sərfi və stansiyaların daxili sərfiyyatının azaldılması, enerji səmərəliliyinə nail olunması istiqamətində tədbirlər görülür. Generasiya güclərinin optimallaşdırılması və bərpası tədbirləri çərçivəsində stansiyaların imkan gücünün, ən azı 500 MVt artırılması planlaşdırılır.  

Qeyd edək ki, Azərbaycan Paris Sazişinə qoşulub, 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazı emissiyalarının 35%-dək azalmasına dair öhdəlik götürüb və növbəti on ildə elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payını artırmağa çalışır. Bu hədəflərə, o cümlədən enerji səmərəliliyinə nail olmağın, istehsaldan istehlakadək dəyər zəncirinin bütün həlqələrinin bir-birindən ayrılaraq, rəqabətli enerji bazarını formalaşdırmağın yolu isə məhz islahatlardan keçir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” və "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı energetika sektorunda əsaslı dəyişiklikləri təmin edən strateji sənədlərdir. Bu sənədlər energetika sektorunda islahatların istiqamətlərini, vaxtını və hökumətin bu prosesdə qərarlılığını aydın göstərməklə, qısa, orta və uzunmüddətli perspektivdə enerji siyasətinin və ölkənin gələcək enerji mənzərəsinin konturlarını müəyyənləşdirir. Energetika sektorunda institusional islahatların aparılması, bu sahənin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, özəl, eləcə də, xarici investisiyaların cəlb edilməsi, rəqabət mühitinin yaradılması və yeni qanunvericilik bazasının yaradılmasından ibarət yeni mərhələyə artıq başlanıb.

Mühüm istiqamətlərdən biri kimi bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflər hazırlanıb. Müvafiq dövlət qurumları ilə müzakirəsi yekunlaşdıqdan sonra təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir.

Ümumiyyətlə, bu sahədə əlverişli investisiya mühitinin yaradılması, ilk növbədə, təşviqedici tədbirlərin formalaşdırılması ilə bağlıdır. Bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması, zəmanətli tariflərin, güzəştli vergi və gömrük rejimlərinin tətbiqi, bərpa olunan enerji qurğularının tikintisinə və istismarına icazə verilməsinin sadələşdirilməsi və kiçik güclər üçün aktiv istehlakçının dəstəklənməsi təşviqedici tədbirlər kimi nəzərdən keçirilir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması ölkə üçün əlverişli şərtlərin əldə edilməsinə, bu sahədə iri layihələrin həyata keçirilməsinə və investisiya cəlbinə imkan verir. Nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış araşdırmalar nəticəsində yüksək potensiala malik 8 sahə müəyyənləşdirilib və bu sahələrdə bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması mümkün hesab edilib. Bu ərazilərdə enerji infrastrukturunun təmin edilməsi və ekoloji qiymətləndirmə üzrə hazırlıq tədbirləri davam etdirilir. Layihələrin həyata keçirilməsi üçün maneələrin və investisiya qoyuluşu üçün riskli sayıla biləcək amillərin aradan qaldırılması yönündə işlər görülür. Eyni zamanda bərpa olunan enerji üzrə istehsal güclərinin ümumi şəbəkəyə inteqrasiyasının təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə aparılan təhlillər əsasında mövcud vəziyyət qiymətləndirilib.  

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə sahəyə investisiya qoyuluşunun təşviq edilməsi üçün BP, “TOTAL”, “Masdar,” “ACWA Power” və bir sıra digər tanınmış beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq həyata keçirilir. Ümumilikdə, 9 şirkətlə əməkdaşlığa dair sənədlər imzalanıb. Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən daha bir neçə şirkət Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində iri həcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim edib. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi dəyərləndirilir.

Bu sahədə normativ-hüquqi bazanın formalaşdırılması üçün “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb. Qanun layihəsinə müvafiq dövlət qurumlarında baxılır, razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcəkdir. Həmçinin müqavilə nümunələrinin və digər qanunvericilik aktlarının hazırlanması istiqamətində tədbirlər davam etdirilir.

Müvafiq sahədə qanunun qəbulu bərpa olunan enerji layihələrinin həyata keçirilməsi prosesində həlledici mərhələdir. Bu mənada, 2020-ci il yeni generasiya güclərinin yaradılması, eləcə də elektrik enerjisi istehsalının qoyuluş gücündə su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması hədəfinə doğru yolun başlanğıcı ola bilər. Bu, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ölkəmizin ətraf mühitə atılan istixana qazlarının azaldılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə, yeni xidmət və istehsal sahələrinin yaradılmasına və nəticədə çoxsaylı iş yerlərinin açılmasına, ən əsası isə təbii qaza qənaət edilməsinə şərait yaradacaq. Təkcə bir faktı qeyd edək ki, bərpa olunan enerji mənbələrindən istehsal ediləcək 1 milyard kVt·st elektrik enerjisi bizə, təxminən, 200 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək.

Dövlət başçısının islahatlarla bağlı digər mühüm bir tapşırığı da elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması ilə bağlıdır. Nazirlik bazar münasibətlərinə keçidlə bağlı uzun müddətdir ki, ətraflı təhlillər aparır, xarici ölkələrin təcrübəsi öyrənilir, ekspertlərlə əməkdaşlıq edilir. Elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər də hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib. Bir məqamı vurğulayaq ki, elektrik enerjisi bazarının liberallaşdırılması uzunmüddətli prosesdir, Avropa ölkələrində bu proses əsasən 8-10 il ərzində həyata keçirilib. Ölkəmizdə kifayət qədər ehtiyat istehsal güclərinin, tənzimləyici qurumun, siyasi iradənin olması və kadr potensialının mövcudluğu liberal bazar modelinə keçid üçün imkanlar yaradır. Azərbaycanda islahatlar mərhələliliyi, ardıcıllığı, prosesin dövlət tərəfindən idarə olunması və islahat prosesinə bütün bazar subyektlərinin cəlbini nəzərdə tutur. Azərbaycanda elektrik enerjisi bazarının təşkili Avropa İttifaqının 3-cü Enerji Paketinin prinsip və mexanizmlərinə əsaslanır.

Hesab edirik ki, bu tədbirlər elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə, dövlət subsidiyalarının aradan qaldırılmasına, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şərait yarada bilər. 

Bu prosesin həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyan “Elektroenergetika haqqında” və “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanunlarının layihələri mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və razılaşdırma mərhələsindədir.

Ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflər də artıq yekunlaşdırılıb və müvafiq qurumlara razılaşdırmaq üçün təqdim edilib.

Enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının layihələrinə baxılmaqdadır. Qanunun qəbulu ən müasir enerji səmərəliliyi alətlərinin tətbiqi ilə ölkədə bütün sahələrdə enerjidən səmərəli istifadənin təmin edilməsi üçün addımların atılmasına imkan verəcəkdir. Hazırda Energetika Nazirliyi ixtisaslaşmış beynəlxalq təşkilatların dəstəyi ilə “Enerji Effektivliyi üzrə Milli Fəaliyyət Planı”nın hazırlanmasına başlayıb. Plan energetika sektoru da daxil olmaqla iqtisadiyyatın bütün sahələrini və ev təsərrüfatlarını əhatə edəcəkdir.

“Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” layihəsinin hazırlanmasına dair tapşırığın icrası istiqamətində də işlər görülür. Bu məqsədlə dövlət qurumları və institutların nümayəndələrindən ibarət ekspert qrupu yaradılıb. Eyni zamanda, layihənin hazırlanmasına bu sahədə yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Bu prosesdə Avropa İttifaqı ilə əməkdaşlıq edilir və metodologiyanın hazırlanması üzrə lazımi tədbirlər görülür.

Aparılan islahatlar çərçivəsində həyata keçirilmiş mühüm tədbirlərdən biri Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasıdır. Agentliyin fəaliyyəti nəticəsində əvvəlki dövrlərlə müqayisədə enerji təchizatında bir sıra proseslər sadələşdirilib, şəffaflıq və çeviklik təmin edilib, xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin edən addımlar atılıb, müvafiq sahənin tənzimlənməsinə və istehlakçıların mənafeyinin qorunmasına xidmət edən qaydalar hazırlanıb. Hazırda baxılmaqda olan “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunun qəbulu isə imkan verəcəkdir ki, elektrik enerjisi bazarının mühüm iştirakçısı kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tənzimləyici funksiyalarını daha effektiv şəkildə yerinə yetirərək, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində münasibətlərin müasir dövrün mütərəqqi tələblərinə uyğun inkişafını təmin etsin.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin məzmunu göstərir ki, Azərbaycan növbəti illərdə də bütün strateji hədəflərinə çatmağa müvəffəq olacaq, ölkəmiz gələcəyə hesablanmış proqramlarla öz inkişaf və tərəqqi yolunun yeni mərhələlərini yaradacaq, ölkə əhalisinin enerji təminatının dayanıqlılığı və etibarlılığı daha da yüksələcək, ekoloji mühitə töhfə veriləcək, yeni biznes sahələri meydana gələcək. Azərbaycan energetikləri də öz şərəfli missiyaları ilə bu inkişafın əhəmiyyətli bir hissəsi olacaqlar.

                                                                           

                                                                   

Pərviz Şahbazov
Azərbaycan Respublikasının
Energetika naziri

Other news