<

Tarix boyu bəşəriyyətin inkişafında mühüm rol oynamış enerji amilinin müasir dünyamızda getdikcə artan əhəmiyyəti ölkələrin enerji təhlükəsizliyinin təminatı problemini XXI əsrin əsas qlobal çağırışlarından birinə çevirib. Bu məsələ enerji istehlakçısı olan ölkələrlə bərabər, istehsalçı ölkələrin də real müstəqilliyinin, dayanıqlı inkişafının başlıca şərti kimi çıxış edir. Ona görə enerji təhlükəsizliyi probleminin məzmunu bu gün təkcə enerji resurslarına çıxışla məhdudlaşmır, eyni zamanda, siyasi, iqtisadi, ekoloji və s. amillər də daxil olmaqla enerji təminatına çoxşaxəli yanaşmanı, bu sektorda səmərəli istifadə və idarəçiliyin təmin olunmasını əhatə edir. Hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi enerji təhlükəsizliyinin yeni trendlər nəzərə alınmaqla təminatı bu sektorda davamlı islahatların aparılması və sektorun qlobal çağırışlara uyğunlaşdırılması zərurətini aktuallaşdırır. Bu, enerjiyə tələbatını daxili resurslar hesabına təmin etmiş və təşəbbüskarı olduğu qlobal enerji layihələri ilə beynəlxalq aləmdə yüksək nüfuz qazanmış Azərbaycanın energetika sektoru üçün olduqca aktual strateji məsələlərdir.

Bu gün öz peşə bayramlarını -“20 Oktyabr Energetiklər Günü”nü qeyd edən energetiklərimiz müvafiq sahədə qarşıda duran vəzifələrin icrasına xidmət göstərməklə öz missiyalarını layiqincə yerinə yetirməyə çalışır, enerji ölkəsi kimi tanınmış Azərbaycanın tarixi ənənələri ilə müasir inkişafı arasında vəhdəti təmin edirlər.

“20 Oktyabr Energetiklər Günü” ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Düz 37 il əvvəl, 20 oktyabr 1981-ci ildə “Azərbaycan” İES-in birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir səhifə açılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə  həmin tarixin ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Ölkəmizin bir əsrdən də artıq tarixi olan elektroenergetika sisteminin sürətli inkişaf dövrü məhz Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik illərinə təsadüf edir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan “Azərbaycan” (İES), 1971-ci ildə Araz SES inşa olunmuş, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücü 220 MVt-a çatdırılmış, 1976-1977-ci illərdə Sərsəng su anbarı və eyniadlı su elektrik stansiyası, 1982-ci ildə isə Şəmkir SES tikilərək istifadəyə verilmişdir.

Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli şəkildə inkişaf etdirilərək, respublikanın dayanıqlı enerji sistemi yaradılmış, “Əli Bayramlı” İES - “Ağdam”-“Gəncə”-“Ağstafa”, “Əli Bayramlı” İES - “Yaşma”-“Dərbənd”, 5-ci Mingəçevir, 1-ci və 2-ci “Abşeron”, “Muxranis”-“Vəli” və s. kimi elektrik verilişi xətləri, “Yaşma”, “Gəncə”, “Ağstafa”, “İmişli”, “Abşeron”, “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara buraxılmışdır.

Milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq  Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışı Ulu Öndərin müstəqil Azərbaycan dövləti rəhbərliyinə qayıdışından sonra da daim gündəmdə olmuşdur. Bu dövrdə “Naxçıvan” İES, “Yenikənd” SES, qaz-turbin tipli “Şimal” İES və “Bakı” İstilik Elektrik Mərkəzi“ istismara verilmiş, “Mingəçevir” SES yenidən qurulmuş, 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası həyata keçirilmişdir. Bütün bunlar müasir dövrdə ölkəmizin elektoenergetika sisteminin inkişafı istiqamətində çox əhəmiyyətli tədbirlər idi.

Ümummilli lider Heydər Əliyevin milli-strateji inkişaf kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli və ardıcıl siyasət nəticəsində 2003-cü ildən başlayaraq ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, energetika sahəsində də yeni nailiyyətlər əldə edilmişdir. Azərbaycanın elektrik enerjisi sistemi, enerji istehsalı infrastrukturu yenidən qurulmuş, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətləri yenilənmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir.

Onu da qeyd etməliyik ki, 2005-ci ilə qədər əsas elektrik stansiyalarının köhnə olması səbəbindən onların faktiki istehsal gücü aşağı idi. Kifayət qədər elektrik enerjisi, qaz və istiliyin olmaması ölkədə regional tarazlığın pozulmasına, nəticədə bəzi ərazilərin gün ərzində yalnız bir neçə saat elektrik enerjisi alması, elektrik təchizatında tez-tez fasilələrin və sistemdə vaxtaşırı nasazlığın yaranması kimi problemlərə yol açırdı. Aşağı keyfiyyət və qeyri-müntəzəm elektrik enerjisi təchizatı isə sənaye, kənd təsərrüfatı və kommersiya fəaliyyətinə mane olur, iqtisadi artımı, məşğulluq imkanlarını əngəlləyirdi.

Belə bir vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamı ölkənin hər bir yaşayış məntəqəsinin və istehsal obyektlərinin fasiləsiz və etibarlı enerjiyə çıxışı, enerji təhlükəsizliyinin təmin edilməsi, yeni enerji mənbələrinin yaradılması istiqamətində dönüş yaradan addımlar oldu.

Dövlət proqramı ölkənin yanacaq enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər, bu sahənin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizatını, habelə bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmış idarəetmə sisteminin tətbiqini özündə əks etdirən strateji sənəd, energetika sektorunda aydın inkişaf bələdçisi oldu. Dövlət Proqramının uğurlu icrası ilə yanaşı, Asiya İnkişaf Bankının dəstəyi əsasında 2006-cı ildə hazırlanmış  “Enerji Ötürülməsinin Yaxşılaşdırılması” layihəsi çərçivəsində elektrik enerjisi təchizatının keyfiyyətini yüksəltmək və itkiləri azaltmaq üçün elektrik şəbəkələrinin bərpası, alternativ və bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi və enerjiyə qənaətin artırılması ilə bağlı görülən tədbirlər, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ötən dövr ərzində elektroenergetika sisteminin keyfiyyətcə yeni mərhələyə daxil olmasını təmin etdi.

Belə ki, son 15 il ərzində ümumi gücü 856,8 MVt olan 7 modul tipli ES, 525 MVt gücündə qaz-turbin tipli “Sumqayıt” İES, 780 MVt-lıq qaz-turbin tipli “Cənub”ES və ümumi gücü 151,4 MVt olan 13 SES istismara verilib. 2015-ci ildə 20 MVt-lıq Naxçıvan Günəş Elektrik Stansiyası istifdəyə verilib. 2017-ci ildə isə onun gücü 22 MVt-a qədər artırılıb. Bundan başqa, yenidənqurma işləri nəticəsində Mingəçevir SES-in gücü 424,6 MVt-a, Varvara SES-in gücü isə 17 MVt-a çatdırılıb.

Respublikada generasiya gücünün artırılması ilə yanaşı, energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 23 436 MVA olan 110-500 kV-luq 212 yarımstansiya fəaliyyət göstərməkdədir.    

Beləliklə, energetika sektorunda həyata keçirilən kompleks tədbirlər nəticəsində müstəqillik dövründə 3068,3 MVt gücündə 28 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 32-ə çatdırılıb. Bu stansiyaların energetika sistemində ümumi gücü 6294,7 MVt-dır. Bundan başqa, respublikda müstəqil elektrik stansiyaları da fəaliyyət göstərir ki, onların ümumi qoyuluş gücü 844,4 MVt-dır.  Beləliklə, ölkədə fəaliyyətdə olan elektrik stansiyalarının ümumi qoyuluş gücü hazırda 7139,1 MVt təşkil edir.  

Generasiya gücünün artımı hesabına 2006-cı ildə enerji istehsalı ən yüksək həddə (24,54 mlrd kVtst) çatdırılıb, qənaətcil texnologiyanın tətbiqi və enerji qənaəti 2010-cu ildə istehlakın azalmasına, bu da öz növbəsində istehsalın 18,71 mlrd. kVtst-a qədər məhdudlaşdırılmasına şərait yaradıb. Hazırki istehlak artımı isə iri sənaye müəssisələrinin  istismara buraxılması ilə bağlıdır. Belə ki, 2017-ci ildə respublika üzrə elektrik enerjisinin ümumi istehsalı  24,337 mlrd. kVtst təşkil edib.

Cari ilin 9 ayı ərzində respublikada elektrik enerjisinin istehsalı 17 mlrd. kVtst olub, İstilik Elektrik Stansiyalarında 15,5 mlrd. kVtst, Su Elektrik Stansiyalarında 1,4 mlrd. kVtst, Naxçıvan Günəş Elektrik Stansiyasında 28,4 mln.kVtst elektrik enerjisi istehsal edilib. Bu müddətdə alternativ və bərpa olunan enerji mənbələri hesabına Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC tərəfindən 6,7 mln.  kVtst elektrik enerjisi istehsal olunub.

Ümumilikdə, cari ilin 9 ayında elektrik enerjisinin istehsalına 3 milyard 701,5 milyon kubmetr təbii qaz sərf edilib. Mütərəqqi hal isə ondan ibarətdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1kilovat-saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 18,6 qram azalıb, yəni 279,5 min ton şərti yanacağa qənaət edilib.

Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi  də potensialını gücləndirib. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 mlrd. kVtst. elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 mln. kVtst-a qədər azalıb. İxrac isə, əksinə, 1,282 mlrd. kVtst-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 107,4 mln.kVtst idxala qarşı-750,6 mln.kVtst elektrik enerjisi ixrac edilib. Gürcüstana 587,9 mln.kVtst, İrana 72,6 mln.kVtst, Rusiyaya 76,6 mln.kVtst, Türkiyəyə isə 13,45 mln.kVtst elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 59,9 mln.kVtst, İrandan 24,4 mln.kVtst, Gürcüstandan isə 23,1 mln.kVtst olub.

Azərbaycanın enerji sistemi ilə  Rusiya (2),Gürcüstan (2), İran (5), və Türkiyənin (2) enerji sistemləri arasında yüksək gərginlikli xətt mövcuddur. 2013-cü ildə 500 kV-luq “Samux-Qardabani” HEVX-nin istismara verilməsi nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü vasitəsilə Azərbaycandan Gürcüstana və Türkiyəyə, gələcəkdə isə Qara dəniz və Şərqi Avropa ölkələri istiqamətində elektrik enerjisinin ixracına texniki imkanlar yaranıb. Elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi tədbirlərinə uyğun olaraq cari ilin aprel ayında “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti TAVANİR arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb və təcrid olunmuş (ada rejimində) İranın Muğan və Astara bölgələri üçün  indiyə kimi 48,3 mln.kVtst elektrik enerjisinin ixracı həyata keçirilib. Hazırda Azərbaycan və İran energetika sistemləri arasında “Masallı” 230 kV-luq ikinci elektrik verilişi xətti tikilməkdədir. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika  və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

“Xudafərin” layihəsi üzrə Su Elektrik Stansiyasının tökmə torpaq bənd, sutullayıcı, energetik traktlar, irriqasiya su qəbuledicisi və tikinti sutullayıcısı qurğularının tikintisi üzrə işlər başa çatdırılıb. “Qız Qalası” layihəsi ilə bağlı işlərə də başlanıb. Hər iki stansiyada enerji bloklarının alınması və quraşdırılması planlaşdırılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt, orta illik enerji istehsalı 766 mln.kVts həcmində planlaşdırılan stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaqdır.

Rusiya ilə “Abşeron-Dərbənd” 330-kV-luq ikinci HEVX-nin çəkilməsi, eləcə də  Rusiya-Azərbaycan-İran arasında elektrik enerjisi dəhlizinin yaradılması üzrə danışıqlar davam etdirilir.

Enerji təhlükəsizliyi tam təmin edilmiş, digər ölkələrdən enerji asılılığı aradan qaldırılmış və artıq özü elektrik enerjisi ixrac edən ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlərə çatsa da, əsas hədəflər hələ qarşıdadır. Yeni hədəflərə nail olmaqdan ötrü ölkənin elektrik enerjisi sisteminin müasir standartlara uyğunlaşdırılmasını, elektroenergetika potensialından səmərəli istifadəni, elektrik enerjisi ilə təchizatın dayanıqlığını və ümumi sistemin fəaliyyətinə təhlükə yaradacaq risklərdən sığortlanmanı təmin edən kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır.  

Bu məqsədlə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən beynəlxalq şirkət cəlb edilməklə cari ilin aprel-iyul aylarında elektrik stansiyalarında diaqnostika  aparılıb və araşdırmalar əsasında “Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası” Proqramı hazırlanıb. Bütün modul tipli elektrik stansiyalarını, eləcə də “Cənub”, “Şimal” və “Sumqayıt” istilik elektrik stansiyalarını əhatə edən proqram üç il müddətində həyata keçirilməlidir. Eyni zamanda, stansiyaların fəaliyyətində istifadə olunan avadanlıqların istehsalçıları ilə bağlanacaq servis (xidmət) müqavilələri hesabına elektrik enerjisinin istehsalı üzrə yanacaq sərfinin optimallaşdırılması nəzərdə tutulur.

Bundan başqa, hazırda elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması məqsədilə müqavilə imzalanıb və icrasına başlanıb. Energetika Nazirliyi, “Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirməkdədir.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırığa uyğun olaraq ölkənin inkişafını, əhali artımını, sənayeləşmə prosesini nəzərə almaqla Azərbaycanın 2030-cu ilədək olan müddət üzrə elektrik enerjisinə tələbatı proqnozlaşdırılıb. Ölkənin elektrik enerjisinə artacaq tələbatının proqnozlaşdırılması zamanı son illər TEPSCO, Mercados, Fichtner, digər beynəlxalq məsləhətçi şirkətlər  və yerli mütəxəssislər tərəfindən aparılmış tədqiqatlar da nəzərə alınıb.

2025-ci il üçün elektrik enerjisinə tələbatın 25-28 mlrd. kVt·saata, pik gücə tələbatın isə 4500-4900 MVt-a qədər artacağı proqnozlaşdırılıb. Bu tələbatın müəyyən hissəsini ilin sonunadək istismara veriləcək, qoyuluş gücü 409 МVt olan “Şimal-2” stansiyası və “Wartsila“ şirkətindən alınmış, ümumi qoyuluş gücü 385 МVt təşkil edən blokların 2019-2020-ci illər ərzində quraşdırılması hesabına qarşılamaq mümkün olacaq. Bununla yanaşı, mövcud elektrik stansiyalarında optimallaşdırma tədbirləri ilə imkan gücünün əlavə, təxminən, 400 MVt-a qədər artırılacağı gözlənilir.

Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi planlaşdırılır.

Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması da mühüm prioritetlərdəndir. Ölkə üzrə bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 26 940 MVt müəyyənləşdirilib. Günəş enerjisi üzrə bu göstərici 23 040 MVt, külək enerjisi üzrə 3 000 MVt, hidroenerji üzrə 520 MVt, biokütlə üzrə isə 380 MVt-dır. Respublikamızın bərpa olunan enerji mənbələri potensialı nəzərə alınmaqla, 2030-cu ilə qədər elektrik enerjisi istehsalının qoyuluş gücündə su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2018-2020-ci illərdə külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla bərpa olunan enerji mənbələri üzrə 420 MVt yeni generasiya gücünün istifadəyə verilməsi hədəf olaraq müəyyənləşdirilib.

Bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansında payının artırılması və onlardan istifadənin genişləndirilməsi məqsədilə Energetika Nazirliyi tərəfindən “Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanması üzrə işlərə başlanıb. Məsləhətçi kimi Norveç-Alman DNV-GL şirkəti ilə müqavilə bağlanıb.

Bərpa olunan enerji mənbələri hesabına istehsal güclərinin yaradılması məqsədilə bu sahədə beynəlxalq təcrübə ətraflı təhlil edilib. Dünyanın əksər ölkələrində bu sahə dövlət tərəfindən davamlı dəstək tələb edən strateji istiqamət hesab olunur. Buna görə də, bir çox hallarda, bu sahəyə kifayət qədər investisiya cəlbi üçün müxtəlif təşviq mexanizmlərinin tətbiqi zərurəti yaranır. Zəmanətli tariflər ən çox tətbiq edilən stimullaşdırıcı tədbirlərdəndir. Azərbaycanda da bərpa olan enerji mənbələrindən istifadə sahəsinə dövlət investisiyası ilə yanaşı, özəl investisiyaların cəlbi məqsədilə “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin satın alınması ilə bağlı zəmanətli tarif mexanizminin tətbiqi Qaydaları”nın ilkin layihəsi hazırlanıb. Bu Qaydalar bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı üzrə investisiya layihələrinin zəmanətli tarif tətbiq edilməklə həyata keçirilməsi şərtlərini, investorlar qarşısında qoyulan tələbləri, alqı-satqı müqavilələrinin xüsusiyyətlərini və şərtlərini, investisiya qoyuluşu nəticəsində əldə olunacaq elektrik enerjisinin dəyərinin müəyyənləşdirilməsi, investisiya xərclərinin investora geri qaytarılması prosesini tənzimləyir.

Elektroenergetika sektorunun dayanıqlı fəaliyyəti üçün bərpa olunan enerji mənbələrinin xüsusilə külək və fotovoltaik enerji qurğularının mövcud enerji sistem və şəbəkələrinə inteqrasiyası vacibdir. Ona görə də külək, günəş və digər mənbələrdən alınmış enerjinin problemsiz şəkildə şəbəkəyə ötürülməsi və qoşulmanın maneəsiz təmin edilməsi məqsədilə məsləhətçi şirkət seçilməklə bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi üzrə fəaliyyət planının və investisiya proqramının hazırlanması istiqamətində tədbirlər görülür. “Bərpa olunan enerji mənbələrinin payının artırılması məqsədilə şəbəkənin gücləndirilməsi” layihəsi çərçivəsində ötürücü, paylayıcı, SCADA və Enerji İdarəetmə və ölçü Sistemləri təkmilləşdiriləcəkdir.

Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə “bərpa olunan enerji mənbələrindən istifadəyə tənzimləmə dəstəyi” layihəsinin həyata keçirilməsi istiqamətində isə hazırda danışıqlar aparılır.

Bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji balansında payının artırılması istiqamətində beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq edilir. Belə ki, Türkiyənin TEKFEN İnşaat və Təsisat A.Ş. ilə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, 198 MVt-lıq Pirallahı külək elektrik stansiyasının texniki-iqtisadi əsaslandırmasının hazırlanması və tikintisinə investisiya qoyuluşu ilə bağlı Çinin “China Power Engineering and Consulting Group” LTD  şirkəti ilə Niyyət Protokolunun imzalanması planlaşdırılır. Bundan başqa külək, eləcə də digər bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə Fəaliyyət üçün Çərçivə sənədi imzalanıb. Almaniyanın “Siemens Gamesa”, Fransanın “Total”, Norveçin “Equinor”, Niderlandın “Ballast Nedam” və 100 MVt-lıq günəş elektrik stansiyasının tikintisi və istismarı, həmçinin “Azgüntex” günəş panelləri zavodunda müasir texnologiyaların tətbiqi ilə bağlı Rusiya Federasiyasının Hevel Solar şirkəti ilə müzakirələr aparılır.

Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması məqsədilə beynəlxalq məsləhətçi şirkət kimi İspaniyanın EQO-NIXUS və S.L.U şirkətləri, yerli məsləhətçi şirkət kimi “Azerbaijan Engineering anf Consulting” LLC seçilərək müqavilələr imzalanıb.

Bundan başqa, Energetika Nazirliyi tərəfindən kiçik su elektrik stansiyalarının layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı mövcud vəziyyət araşdırılıb, kiçik çayların (kanalların) hidroenerji potensialından istifadənin və kiçik su elektrik stansiyalarının fəaliyyətinin səmərəliliyinin təmin edilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib. Hazırda ölkə ərazisində ümumi qoyuluş gücü 23,5 MVt olan 10 kiçik su elektrik stansiyası (KSES) fəaliyyət göstərir. Bununla yanaşı, ümumi qoyuluş gücü 27,41 MVt təşkil edəcək 12 KSES-in tikintisi məqsədilə layihələndirilmə işləri həyata keçirilir.

Eyni zamanda, Böyük Britaniyanın  “SNC-Lavalin's Atkins” şirkəti tərəfindən kiçik su elektrik stansiyalarının fəaliyyətinin səmərəliliyinin araşdırılması, dağ çaylarında hidroenerji potensialının qiymətləndirilməsi və yeni stansiyaların tikintisinə dəstək verilməsi məqsədi ilə Energetika Nazirliyi ilə BP şirkəti arasında Niyyət Məktubunun imzalanması planlaşdırılır.

Energetika Nazirliyi cari ilin sentyabr ayından Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının milli əlaqələndiricisi qismində fəaliyyət göstərməyə başlayıb. Bu, yerli özünüidarəetmə orqanlarının enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, istilik effekti yaradan qaz emissiyalarının azaldılması prosesində fəal iştirakını təmin edəcəkdir.

Bundan başqa, küçələrin işıqlandırılmasında bərpa olunan enerji mənbələrindən, o cümlədən biotullantılardan istifadə, ictimai və yaşayış binalarında enerji effektivliyi tədbirlərinə dəstək məqsədilə hazırda Azərbaycan Respublikası ilə Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Şərqi Avropa Tərəfdaşlığı Fondu (E5P fondu) arasında əməkdaşlığın qurulması istiqamətində danışıqlar aparılır.

Dünyanın enerji balansında ayrıca bir enerji növü kimi qəbul olunan enerji  səmərəliliyinin ölkəmizdə də enerji artmında optimal varianta çevrilməsi, enerjinin istehsalı, ötürülməsi, paylanması və istehlakında səmərəliliyə nail olmaq bu gün əsas prioritetlərdəndir. Bu məqsədlə, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb. Layihədə bina və müəssisələrin enerji auditinin aparılması, istehlak edilən enerjinin həcminin, səmərəlilik və effektivliyinin ölçülməsi, enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi, enerji menecmenti sisteminin tətbiqi, istilik enerjisi ilə elektrik enerjisinin birgə istehsalını nəzərdə tutan kogenerasiya qurğularının yaradılması, müəssisələrdə və binalarda enerji idarəçisinin təyin edilməsi və s. bu kimi müddəalar öz əksini tapıb.

Qanun qəbul edildikdən sonra enerji effektivliyi üzrə Milli Fəaliyyət Planının işlənməsi və fəaliyyət planı əsasında enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Enerjidən Səmərəli İstifadə Fondu ilə bağlı bır sıra qanunvericilik aktlarının layihələri işlənib. Eyni zamanda, “Azərbaycan Respublikasının Enerji Strategiyasının hazırlanması metodologiyası” üzrə də müvafiq işlər görülməkdədir. Bütün bu tədbirlərdə Avropa İttifaqının “EU4Energy” Proqramı çərçivəsində Enerji Xartiyası, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edilir. Bu il ölkəmiz Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulub, həmçinin Ermənistanla yanaşı, digər iki namizəd ölkə arasından məhz Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransı sədrliyinə layiq görülüb. Bu da beynəlxalq miqyasda enerji ölkəsi kimi Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, əməkdaşlığın miqyasını genişləndirəcək.

Bütün bu görülən işlər “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin məqsəd və hədəflərinə çatmağımıza kömək göstərəcək. Məlum olduğu kimi, Strateji Yol Xəritəsində energetika sektorunda bazar münasibətlərinin formalaşdırılması, iqtisadi səmərəliliyin, şəffaflığın daha da artırılması, xidmət səviyyəsinin yüksəldilməsi və idarəçiliyin təkmilləşdirilməsi kimi mühüm islahat tədbirləri müəyyən edilib. Bu çərçivədə ilkin addımlardan biri elektroenergetika sektorunda yeni münasibətlərin hüquqi tənzimlənməsi, mükəmməl qanunvericilik bazasının yaradılmasıdır. Bununla əlaqədar olaraq, qısa müddətdə Avropa İttifaqının 3-cü Enerji Paketinə əsaslanan “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb. Bazar münasibətlərinin mərhələli şəkildə həyata keçirilən proses olduğunu nəzərə alaraq şəbəkə məcəllələrinin hazırlanması istiqamətində də işlər aparılır. Topdansatış, pərakəndə bazar modellərinin yaradılması və tətbiqi üzrə addımların müəyyənləşdirilməsi üçün hazırda tender prosesləri həyata keçirilir. Enerji tariflərinin metodologiyasının hazırlanması, satış, ötürmə, paylama, bazar əməliyyatları və həssas tariflər kimi yeni tarif modellərinin tətbiqi ilə bağlı beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr davam etdirilir.

Strateji yol xəritəsi çərçivəsində həyata keçirilmiş ən mühüm tədbirlərdən biri  kommunal xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafına nail olmaq, enerji təchizatında şəffaflığı və çevikliyi, habelə xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək məqsədilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasıdır. Ötən müddət ərzində Agentliyin fəaliyyəti təşkil olunub və qurum Nizamnaməsi ilə müəyyən edilmiş funksiyaların icrasına başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli Fərmanı ilə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiqlənməsi Agentliyin üzərinə düşən vəzifələri lazımi şəkildə yerinə yetirməsinə şərait yaradıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 2018-сi ilin 9 ayı ərzində elektrik enerjisi ilə təchizatı sahəsində etibarlılığın, səmərəliliyin və dayanıqlılığın artırılması məqsədilə istehlakçıların elektrik təsərrüfatlarında 495 sayda texniki araşdırma aparılıb. Büdcədən maliyyələşən müəssisələrdə qazın nəqli, paylanması, istifadəsi və satışında, həmçinin, sənaye və məişət qaz qurğularının, avadanlıqların, kəmərlərin və digər obyektlərin layihələndirilməsi və yenidən qurulmasında qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı istismarının təmin edilməsi, “Qazdan istifadə Qaydaları” və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə 481 obyektdə yoxlama aparılıb.

Bu müddətdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi və onun regional bölmələrinə müxtəlif məqsədli 5588 sənəd daxil olub. Bu sənədlər qaz və enerji təchizatı üzrə məsələləri, layihə razılaşdırmalarını, istismara qəbul və ya istismara buraxılma, vətəndaş müraciətləri, ərizə və şikayətləri əhatə edib. Vətəndaşların onlara məxsus olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə süründürməçiliklə üzləşməsi və onlardan qeyri-qanuni vəsait tələbinin qarşısının alınmasından ötrü Nazirliyin elektron saytında əhali və qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması bölmələri yaradılıb. Əvvəlki dövrlərlə müqayisədə elektrik qurğularının istismara buraxılması üçün tələb olunan  sənədlərin sayı 35-dən 8-ə qədər azaldılıb. İstismara buraxılma aktlarının verilmə  müddəti 5 iş gününə endirilib. Tikinti obyektlərinə verilmiş texniki şərtlər əsasında hazırlanmış elektrik və qaz təchizatı layihələrinin ekspertiza və qeydiyyatı da artıq 3 iş günü müddətində həyata keçirilir. Hazırda istehlakçıların, eləcə də sahibkarların elektrik və qaz təchizatına qoşulması üçün layihələr tikinti-quraşdırma  işlərinə başlamazdan əvvəl razılaşdırılır. Bu isə həmin obyektlərin istismara qəbulu prosesində yarana biləcək problemlərin vaxtında aradan qaldırılmasına, eyni zamanda ləngimə hallarının qarşısının alınmasına xidmət edir.

Agentliyin regional bölmələri  tərəfindən 2018-сi ilin yanvar-sentyabr aylarında enerji təchizatı üçün elektrik qurğu və avadanlıqlarının 89 layihəsi razılaşdırılıb. 1354 sayda idarə və müəssisənin qaz təchizatının layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb. Həmçinin istehlakçıların elektrik qurğularına 166 sayda istismara buraxılma aktı verilib. 200 sayda sənaye qaz qurğusu istismara qəbul edilib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti dövründə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlar tərəfindən 724 müraciət daxil olub. 15 may 2017-ci il tarixindən fəaliyyətə başlayan Texniki Şuralarda indiyədək ümumilikdə 2204 müraciət qeydə alınıb.

1 fevral 2018-ci il tarixindən Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin “ASAN Xidmət” mərkəzləri vasitəsilə verilməsi sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılmasını və verilmə prosesinin asanlaşdırılmasını təmin edib. 2018-ci ilin 9 ayı ərzində Energetika Nazirliyi tərəfindən 235 hüquqi şəxsə icazə verilib. Bu icazələrin 189-u ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçirilib.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin effektiv fəaliyyət göstərməsi və tənzimləyici funksiyalarını yerinə yetirməsi üçün bir sıra hüquqi və institusional islahatların hazırlanması və icrası zəruridir. İstehlakçı, ötürücü və paylayıcılarla bağlı idarəetmə mexanizmlərinin optimallaşdırılmasını, stimullaşdırıcı mexanizmlərin tətbiqi ilə həm elektrik enerjisi istehsalının və xidmətin keyfiyyətinin artırılmasını, istehlakçılar üçün aşağı qiymətin təmin edilməsini, eləcə də elektrik enerjisi bazarında rəqabət mühitinin yaradılmasını nəzərdə tutan bu islahatların həyata keçirilməsindən ötrü Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edilir. Bu əməkdaşlıq çərçivəsində “Tərəfdaşlararası Tənzimləyici Yardım” layihələri həyata keçirilir.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti ilə bağlı “Tənzimləyici haqqında” qanun layihəsinin hazırlanması prosesinə dəstək məqsədilə məsləhətçi şirkətin seçilməsi üçün tender prosesi yekunlaşmaq üzrədir. Bu sahədə qanunun qəbulu investisiya mühitinin həqiqi tariflərin tətbiqi ilə yaxşılaşdırılmasına, maraqlı tərəflərin münasibətlərinin tənzimlənməsinə, istilik, qaz və elektrik şəbəkələrində itkilərin azaldılmasına, istehlakçıların hüquqlarının qorunmasına, ötürücü və paylayıcı şəbəkə istifadəçilərinin  maraqlarının səmərəli şəkildə müdafiəsinə, özəl investisiyalar və enerji səmərəliliyinin stimullaşdırılmasına imkan verəcəkdir.

Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda ləyaqətlə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin yaratdığı xoş reallıqlar, gələcəyə ümidlərdir. Energetiklərimizin fədakar əməyi daim öz layiqli qiymətini almış, əlamətdar tarixlərdə onlar yüksək dövlət təltifləri ilə mükafatlandırılmışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin məzmunu göstərir ki, Azərbaycan növbəti illərdə də bütün strateji hədəflərinə çatmağa müvəffəq olacaq, ölkəmiz gələcəyə hesablanmış proqramlarla öz inkişaf və tərəqqi yolunun yeni mərhələlərini yaradacaq və energetiklərimiz də öz şərəfli missiyaları ilə bu inkişafın bir hissəsi olacaqlar.

                                                                       

                                                                               Pərviz Şahbazov

                                                      Azərbaycan Respublikasının energetika naziri

Digər xəbərlər