- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxış edib
Energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxış edib. Nazir çıxışında Ümummilli lider Heydər Əliyevin neft strategiyasının başlanğıcı ilə eyni vaxta təsadüf edən “Xəzər Neft və Qaz” sərgi - konfransı neft sənayemizin yeni mərhələdə inkişafına dünyanın diqqətini cəlb edən birinci tədbir kimi mühüm rol oynadığını qeyd edib: “26 il əvvəl Azərbaycan bu sərgi-konfransla öz enerji potensialını dünyaya tanıtmağa çalışırdısa, bu gün strateji tərəfdaşlığın, beynəlxalq inteqrasiyanın və enerji təhlükəsizliyinin etibarlı təminatçısı missiyasını təqdim edir.”
Nazir Pərviz Şahbazov dünya enerji bazarında cərəyan edən proseslərə toxunaraq, ölkənin enerji sektorunun yeni çağırışlara uyğun inkişafından da danışıb. Çıxışda bildirilib ki, “2014-cü ilin II yarısından bu günə qədər neft bazarında qeyri-sabitlik müşahidə olunur. OPEC+ formatında bazarda dəyişən vəziyyətə uyğun çevik tənzimləmə tədbirlərinə baxmayaraq qeyri-sabitlik hələ də qalmaqdadır.Onun sözlərinə görə, hazırda neftin 70 ABŞ dolları ətrafında qərarlaşan qiyməti qənaətbəxşdir: “Bununla belə, həm istehsalçılar, həm də istehlakçıların maraqlarına uyğun qiymət sabitliyinin və bu məqsədlə tələb-təklif balansının qorunub saxlanılması ehtiyatlı düşünülmüş addımlar atılmasını zəruri edir. Mövcud iqtisadi və siyasi amillərin təhlili də göstərir ki, hazırda tələb-təklif tarazlığı üçün başlıca meyar kommersiya meyarıdır. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft ehtiyatları son 5 ilin orta göstəricilərindən çoxdur. Həmçinin təşkilatdan kənar ölkələr, o cümlədən ABŞ son illər şist neft hesabına əldə etdiyi hasilat göstəriciləri ilə ənənəvi neft hasilatçılarını geridə qoyub. Buna görə də OPEC+ çərçivəsində əldə edilmiş razılığın bu ilin aprel ayında 168% yerinə yetirilməsi, üstəlik razılaşmadan kənarda qalan bir sıra OPEC ölkələrində hasilatın azalması, qlobal neft bazarında ticarət məhdudiyyətlərinə və geosiyasi qeyri-sabitliyə baxmayaraq, neft tədarükündə çatışmazlıq və bundan irəli gələn yüksək qiymət dəyişikliyi müşahidə olunmur”, - nazir deyib.
P.Şahbazovun sözlərinə görə, razılaşma çərçivəsində hasilatda gündəlik təxminən 2 mln. barellik azalma, bazardakı artıq təklifi tam konpensasiya edə bilməyib: “Buna görə də indi OPEC+ ölkələri qarşısında duran prioritet məsələ kommersiya neft ehtiyatlarını müvafiq səviyyəyə çatdırmaqdır. Bu, qlobal tələbatla bağlı müşahidə olunan risklərdən sığortalanmaq üçün də əhəmiyyətlidir”.
Nazir həmçinin deyib ki, ötən il neftin qlobal istehlakında artım 1,4% olsa da, bu il dünyada neftə gündəlik tələbatın 1,2 mln. barrelə qədər azalacağı proqnozlaşdırılır: “Ötən il dünyada enerjiyə tələbat son illərdə ən yüksək səviyyədə olsa da, Avropada enerjiyə tələbat xüsusilə də bərpa olunan enerjidən istifadənin genişlənməsi və enerji səmərəliliyi nəticəsində azalıb. 2050-ci ilə qədər neft-qazın ümumi idxalındakı nisbəti 55%-dən 20%-ə düşəcək. Hazırda ABŞ və Çin arasındakı ticarət mübahisələri də qlobal iqtisadi inkişafa təsir edir və neftə tələbatı azaldan amil kimi nəzərdən keçirilir. Bütün bunlar isə göstərir ki, bazarda qiymətlərin sabitliyi üçün hasilat vasitəsilə tənzimləmə əsas nailiyyətdir”.
Nazir bildirib ki, ötən 23 ildə ölkə iqtisadiyyatına 263 milyard dollar investisiya yatırılıb. Bu vəsaitin 100,6 milyard dolları məhz neft sektoruna yönəldilib. Onun sözlərinə görə, bu yaxınlarda 6 milyard dollarlıq “Azəri Mərkəzi-Şərqi” layihəsinin təsdiqlənməsi ilə, indiyə kimi təxminən 485 milyon ton neft və 158 milyard kubmetr qaz hasil olunmuş və 36 milyard ABŞ dollarından çox sərmayə qoyulmuş “Azəri-Çıraq -Günəşli” yataqlarının işlənməsində ikinci mərhələyə start verilib
Energetika naziri həmçinin, 21-ci əsrdə qazın enerji resursu kimi ön plana çıxmasının mənbə və marşrutların diversifikasiyası və enerji təhlükəsizliyi kimi məsələlərin də əhəmiyyətini artırdığını söyləyib və bu kontekstdə “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə “Cənub Qaz Dəhlizi” ilə bağlı görülmüş işlər artıq öz nəticələrini verir. “TANAP-la indiyə kimi Türkiyəyə 1,8 milyard m3 qaz nəql olunub. Şahdəniz yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 milyard m3, 2020-ci ildə isə 8,5 milyard m3 artacağı, beləliklə də 2020-ci ildə ölkədə ümumi qaz hasilatının 40 milyard m3 -i ötəcəyi gözlənilir”-deyə, nazir əlavə edib.
Qeyd edək ki, 2 günlük konfransda 30 ölkədən 500-dək nümayəndə iştirak edir.