<

Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif dövlət qurumlarının təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər. Tədbir iştirakçıları arasında BP, TANAP, TAP, SNAM, Fluxys, LNG Croatia, Plinacro, İCGB AD və Transgaz şirkətləri, eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İnvestisiyaların zəmanəti üzrə Çoxtərəfli İnvestisiya Agentliyi (MIGA) kimi beynəlxalq maliyyə qurumları təmsil olunub.

Toplantı çərçivəsində əvvəlcə birgə foto çəkdirilib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyib. Dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısında iştirak edən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottingeri, ABŞ, Böyük Britaniya hökumətlərinin təmsilçilərini, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro, Rumıniya, Türkmənistan və İtaliyadan olan yüksək səviyyəli hökumət rəsmilərini, bu il ilk dəfə olaraq Məşvərət Şurasının iclasına qatılan Serbiya, Macarıstan və San-Marinonun dövlət nümayəndələrini, eləcə də beynəlxalq maliyyə qurumlarının təmsilçilərini salamlayıb. Prezident İlham Əliyev Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında göstərdiyi davamlı dəstəyə görə Amerika Birləşmiş Ştatları və Böyük Britaniya hökumətlərinə, 2015-ci ildə Məşvərət Şurasının yaradılmasında və Məşvərət Şurasının fəaliyyəti ərzində bütün toplantılarda fəal iştirakına görə Avropa Komissiyasına minnətdarlığını çatdırıb. Ölkə başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə əməkdaşlığın möhkəmlənməsi və Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsində mühüm roluna görə Avropa Komissiyasının komissarı Günter Ottingerə təşəkkür edib. Dövlət başçısı Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsində, Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsində fəal iştirakına görə Bosniya və Herseqovina, Xorvatiya və Monteneqrodan olan hökumət nümayəndələrinə də öz təşəkkürünü bildirib. “Azərbaycanda enerji sahəsinin inkişafı ilə bağlı bir sıra vacib layihələr üzərində çalışırıq. Beynəlxalq maliyyə qurumlarının güclü dəstəyi olmadan bizim birgə səylərimiz faydalı olmazdı”-deyən prezident İlham Əliyev ölkənin strateji tərəfdaşı və investoru adlandırdığı BP şirkətinin, dünyanın aparıcı maliyyə qurumları olan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankının bu layihə ilə bağlı maliyyə dəstəyini, eləcə də Azərbaycanda enerji layihələrinin icrasına yatırdığı sərmayələri yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini “ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihə” adlandırıb. “Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi”. Dövlət başçısı qeyd edib ki, ilk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırılıb ki, bu baxımdan 1994-cü il Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi olub. “Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq”.

1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı müqavilə imzalandığını xatırladan prezident bu yatağı “Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi” adlandırıb. “Ümidvaram ki, bu, yeganə mənbə olmayacaq, ancaq hazırda bu, belədir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur”.

Dövlət başçısı qeyd edib ki, o zaman enerji sahəsində əsas məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. “Bu baxımdan 1990-cı illərin sonunda Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir”.

Prezident İlham Əliyev neft ehtiyatlarının nəqli baxımından Azərbaycanı vacib tranzit ölkə adlandıraraq, Azərbaycanın regiondakı rolunun artığını vurğulayıb. “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır”.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin başlanğıc nöqtələri olan TANAP və TAP layihələri ilə bağlı müqavilələrin imzalandığı dövrləri xatırlayaraq, bu nailiyyətlərin tərəfdaşlarla sıx əməkdaşlıq və vahid komanda şəklində çalışmaq nəticəsində əldə olunduğunu qeyd edib. 2018-ci ildə Cənub Qaz Dəhlizinin və TANAP-ın rəsmi açılışları barədə danışan dövlət başçısı deyib: “Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir. Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni, bir ildə biz böyük irəliləyişə nail olmuşuq”.

Ölkə başçısı onu da qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. "Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda, gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində isə ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk. Bir daha qeyd edirəm ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Çünki o, həmçinin nəqliyyat marşrutlarını və mənbələri şaxələndirir. Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni, bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır”.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini həm də “enerji təhlükəsizliyi layihəsi” adlandırıb. “Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir”.

Prezident İlham Əliyev Azərbaycanın qaz ehtiyatları barədə danışaraq, təsdiq edilmiş ehtiyatların 2,6 trilyon kubmetr olduğunu və “Şahdəniz” əsas qaz yatağı ilə yanaşı hazırda digər yataqların istismar edildiyini bildirib. Dövlət başçısı tezliklə böyük qaz ehtiyatına malik “Abşeron”, “Ümid”, “Babək” yataqlarından qaz hasil olunacağına ümid etdiyini bildirib. “ Ona görə də mən əminəm ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq”.

Prezident enerji əməkdaşlığı layihələrinin digər sahələrdəki əməkdaşlıqda rolundan bəhs edərək, xüsusilə nəqliyyat sahəsində Azərbaycanın Avrasiyanın nəqliyyat mərkəzinə çevrildiyini deyib. “Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Beləliklə, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltmişik. Çünki nəqliyyat layihələri, eləcə də enerji layihələri ölkələri birləşdirir. Ölkələr əlaqəli, qarşılıqlı şəkildə bir-birindən asılı olur və hər kəs mənfəət əldə edir”.

Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycanın uğurlu enerji inkişafı onu dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib. Enerji şirkətləri ilə bütün müqavilələr parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Nəticədə investorların ölkəyə etimadı artır ki, bu da digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan yaradır.

Azərbaycana yatırılmış 250 milyard dollara yaxın investisiyanın yarısının xarici investisiyalar olduğunu deyən dövlət başçısı bunun ölkə iqtisadiyyatını şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verdiyini deyib. Bildirib ki, Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən, Azərbaycan 25-ci yerdədir, biznes mühiti üzrə isə 10 ən islahatçı ölkədən biridir. O da vurğulanıb ki, enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində infrastruktura böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olunub.

Prezident İlham Əliyev  “Cənub Qaz Dəhlizi” layihəsinin  hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini deyərək, bütün iştirakçıları gələcək planlar barədə danışmağa dəvət edib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasında iştirakına, əhatəli və dərin məzmunlu çıxışına  görə dövlət başçısına təşəkkürünü bildirib. Nazir Məşvərət Şurasının iclaslarında dövlət başçısının daimi iştirakı və davamlı dəstəyinin bu qurumun işinə böyük təsir etdiyini qeyd edib. Energetika naziri Pərviz Şahbazov budəfəki toplantıda da Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı mühüm məsələlərin müzakirə olunacağını deyərək çıxış üçün sözü Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerə verib.

Avropa Komissiyasının komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger çıxış edərək Şuranın təsis edilməsindəki roluna və hər il keçirilən tədbirə ev sahibliyi etməklə Azərbaycanın nümayiş etdirdiyi möhtəşəm qonaqpərvərliyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Günter Ottinger 2019-cu ilin Cənub Qaz Dəhlizi layihəsinin qalan hissələrinin maliyyələşməsi baxımından əhəmiyyətli il olacağını deyib. Azərbaycan qazının gələn il Avropa İttifaqına çatacağına ümidvar olduğunu bildirən komissar Avropa İttifaqının Cənub Qaz Dəhlizi layihəsinin tez tamamlanması üçün üzv dövlətlərlə sıx əməkdaşlıq etdiyini qeyd edib. “Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şaxələndirilməsinə imkan verəcək. Təchizat mənbələri deyəndə “Şimal Axını 2” və ya “Türk Axını”, yeni mənbələr deyəndə isə Cənub Qaz Dəhlizi - Azərbaycan və Avropa İttifaqı nəzərdə tutulur. Gələcəkdə təchizat səviyyəsinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə inkişaf etdirmək üçün hər iki element bərabər şəkildə vacibdir”.

Azərbaycanı Avropa İttifaqının əsas strateji tərəfdaşı adlandıran Günter Ottinger onu da deyib ki, Cənub Qaz Dəhlizi təkcə Avropanın enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etmir. O, həm də dəhliz boyunca yerləşən ölkələrdə və onların hüdudlarından kənarda dinamik proseslərə, tərəfdaşlığa start verib. “Bugünkü uğur həm də layihədə iştirak edən, onun tikintisinə maliyyə vəsaiti ayıran şirkətlərin, eləcə də maliyyə institutları - Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və başqalarının peşəkarlığı sayəsində mümkün olub. Biz tezliklə deyə biləcəyik ki, 3500 kilometr uzunluğunda kəmər rekord zaman kəsiyində, müxtəlif ölkələrdən keçməklə və smetada nəzərdə tutulandan az vəsait sərf olunmaqla tikilib. Bu cür iddialı infrastruktur layihələri çox deyil. Bu, tarixi layihədir”.

Cənub Qaz Dəhlizi layihəsinin Avropa İttifaqının enerji təhlükəsizliyini xeyli gücləndirəcəyini deyən Günter Ottinger əlverişli geosiyasi mövqeyə malik Azərbaycanın enerjini hasil və ixrac edən mühüm ölkə olduğunu və Avropa İttifaqının Azərbaycanın zəngin enerji təcrübəsindən faydalandığını vurğulayıb.

Komissar yeni tərəfdaşlıq razılaşması kontekstində Avropa İttifaqının normativ-hüquqi bazasının vacibliyindən danışaraq, Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara dair yanaşmanın Cənub Qaz Dəhlizi layihəsinə dair yanaşmaya bənzər olması, əməkdaşlıq və qarşılıqlı etimad ruhunda aparılmasının əhəmiyyətini qeyd edib.

Azərbaycan Avropa İttifaqına Mərkəzi Asiyaya və Çinə çıxış əldə etmək üçün mühüm bir yol açır”- komissar Azərbaycanın enerji şaxələndirilməsi planlarına Avropa İttifaqının dəstəyini ifadə edib. bildirib ki, Azərbaycanın mühüm geosiyasi mövqeyi, yerləşdiyi məkan ona nəinki beynəlxalq enerji qovşağı kimi, həm də mühüm nəqliyyat qovşağı kimi də fəaliyyət göstərmək imkanı verir.

Avropa üçün təmiz enerji mənbələrinin qəbul edilməsi məsələsinə toxunan komissar deyib ki, bütün Avropa İttifaqı nəinki özünün 2030-cu ilə qədər enerji və iqlim hədəflərinə çatmaq üçün töhfə verir və təmiz enerjiyə keçid dönəmində rəhbərlik nümayiş etdirir, eyni zamanda, yeni enerji sistemlərinn gələcəkdə necə fəaliyyət göstərəcəyinə dair dəyişiklikliyə hazır olmaq üzərində çalışır. “Təmiz enerjiyə keçid kontekstində qaz gələcək illər və onilliklər ərzində mühüm əhəmiyyət kəsb edən keçid enerjisi olaraq qalacaq. Avropa İttifaqında biz orta və uzunmüddətli perspektivdə qaza tələbatımızın vaxt getdikcə demək olar ki, sabit qalacağını gözləyirik. Çünki bizim yerli resurslarımız gözləndiyindən daha tez tükənir”. Bildirilib ki, daha ənənəvi enerji mənbələrinin hidrogen, yaşıl qaz, yeni enerji mənbələrinə konvertasiya müşahidə edilir ki, bu da mövcud enerji infrastrukturlarına arxalanmağa davam etmək imkanını yarada bilər.

Günter Ottinger Avropa İttifaqının tərəfdaşları üçün enerji daşıyıcıları üzrə etibarlı enerji tərəfdaşı olmağa və bu istiqamətdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.

Sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini üç plenar sessiya ilə davam etdirib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrə və layihəni dəstəkləyənlərə minnətdarlığını bildirərək, Cənub Qaz Dəhlizi üzrə görülən işlər, əldə olunan uğurlardan və “Şahdəniz-2” yatağının inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini danışıb. “Hazırda biz onun şahidiyik ki, məhz təbii qaza olan tələbat artır. Çünki onun sayəsində havaya az karbon qazı buraxılır. Biz elə bir dövrdə yaşayırıq ki, enerji təhlükəsizliyi məhz hasilatçı, istehlakçı və tranzit ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Bu baxımdan, Cənub Qaz Dəhlizi layihəsi monumental bir işdir. Hazırda Avropada bu, ilk meqalayihədir ki, enerji təhlükəsizliyinin bütün komponentlərini özündə ehtiva edir. Bizim nailiyyətlərimiz birgə işin bəhrəsidir. Çünki biz vahid komanda kimi Xəzərdə hasil olunan qazın Avropaya ən təhlükəsiz ixrac marşrutu ilə nəql edilməsinə çalışırıq. Bu gün biz Avropa qaz bazarının yaradılması yönündə işləyirik və burada rəqabətədavamlılıq, mənbələrin və marşrutların şaxələndirilməsi nəzərdə tutulur.

Nazir onu da qeyd edib ki, Cənub Qaz Dəhlizi bütün iştirakçı tərəflərin maraqlarına xidmət edir və geniş coğrafiyada enerji təhlükəsizliyinin davamlılığına töhfə verir. “Çox əhəmiyyətli haldır ki, biz demək olar, hər il Məşvərət Şurasının toplantısına qoşulan ölkələrin siyahısında yeni tərəfləri görürük və onlar hamısı bu layihənin əhəmiyyətindən danışır. Bu, layihənin potensial faydasını göstərir”.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ölkəsinin layihə ilə bağlı bütün görüşlərdə iştirak etdiyini, bu görüşlərin fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət olduğunu bildirib. Enerji təhlükəsizliyinin artırılması məqsədilə istehsalçı və istehlakçı ölkələr arasında əməkdaşlığın səmərəliliyini daha da artırmağa ehtiyacın olduğunu deyən Andrea Cioffi qeyd edib ki, müasir dünyada enerji təhlükəsizliyi enerji siyasətinin tərkib hissəsi olaraq qalır. İtaliya hökumətinin rəsmisi Cənub Qaz Dəhlizi layihəsinin regional əhəmiyyətini vurğulayaraq TAP layihəsinin bütün Balkan bölgəsinin qaz boru kəməri şəbəkəsinin inkişafına imkan verəcəyini, Cənub-Şərqi Avropada qaz nəqliyyatı üzrə şəbəkələrin və qaz satışının inkişafına kömək edəcəyini vurğulayıb. Qeyd olunub ki, TAP layihəsindən yalnız Albaniya deyil, İon-Adriatik qaz kəməri vasitəsilə TAP-a bağlı olan Xorvatiya və Monteneqro da yararlanacaq ki, bu da Yunanıstan-Bolqarıstan interkonnektor layihəsi hesabına Yunanıstandan qoşulmaq marağında olan Bolqarıstan kimi Qərbi Balkanın bütün ölkələri faydalanacaq.

Andrea Cioffi  Avropada qaz təchizatının təhlükəsizliyinin artırılmasında əsas ölkələrindən biri kimi İtaliyanın Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk Azərbaycanda hasil edilən böyük həcmdə qazın tarixdə ilk dəfə olaraq Cənub Qaz Dəhlizi ilə yaxın zamanlarda Avropa bazarlarına çatdırılacağını vurğulayıb. “Əgər işlər planlaşdırılan qaydada gedərsə, 2020-ci ildə ilk qaz TAP vasitəsilə İtaliyaya və Yunanıstana nəql olunacaq. Trans-Adriatik boru kəmərinin və Yunanıstan-Bolqarıstan interkonnektorunun inşasının başa çatdırılması Azərbaycan ilə Avropa arasında siyasi və iqtisadi münasibətlərdə, eləcə də Avropanın enerji təhlükəsizliyində tarixi an olacaqdır”.

Layihənin enerji təchizatının şaxələndirilməsində Azərbaycanın və Avropanın göstərdiyi səylərdə mühüm rol oynayaraq Xəzər regionunda daha geniş iqtisadi inteqrasiyanı təmin edəcəyini deyən Sandra Oudkirk Birləşmiş Ştatların bu layihəyə ilk dəfə on il əvvəl təklif olunandan etibarən Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəklədiyini bildirib. O, ABŞ prezidenti Donald Trampın bu layihənin vacibliyini vurğuladığını və 2018-ci ildə Prezident Əliyevə göndərdiyi məktubunda Cənub Qaz Dəhlizini inanılmaz nailiyyət adlandıraraq, onu Avropaya lazım olan enerji təhlükəsizliyini təmin edən layihə kimi qiymətləndirdiyini qeyd edib. “Cənub Qaz Dəhlizi genişlənmək məqsədilə tikilmişdir. Bunu nəzərə alaraq deməliyəm ki, o, Aralıq dənizinin şərqindən, Mərkəzi Asiyadan və Qafqazdan Avropadakı istehlakçılara daha böyük həcmdə qazın çatdırılması, onun dinc şəraitdə hasil edilməsi baxımından region ölkələri üçün fürsətdir. Birləşmiş Ştatların hökuməti bu məqsədə nail olmaqda göstərdiyiniz səyləri qətiyyətlə dəstəkləyəcək. Gələn illərdə biz regionun resurs potensialını reallaşdırmaq və onu dünyanın ən iri enerji bazarına açıq etmək üçün imkanları araşdıraraq sizinlə birlikdə işləyəcəyik”.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın əsas qlobal enerji iştirakçısı kimi artan strateji əhəmiyyətindən danışaraq, Cənub Qaz Dəhlizinin təkcə dünyada ən iri infrastruktur layihələrindən biri deyil, ümumi təhlükəsizliyi, ətraf mühit məqsədlərini təşviq edən bütün iştirakçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. “Azərbaycan bu gün burada təmsil olunan bütün tərəflərə xidmət edən Xəzərin ehtiyatlarının dünyaya çıxarılmasında əsas rol oynadı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılması ilə Azərbaycanın nefti Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırıldı. Cənub Qaz Dəhlizi hazırda təbii qaz üçün oxşar etibarlı ixrac marşrutudur. Xəzər qazı qaz təminatımızı şaxələndirməyə kömək edəcək. Yeni interkonnektorlar enerji şirkətlərimiz üçün yeni bazarlara çıxış yaradacaq və istehlakçıların tələbatlarını təmin etmək üçün qazın yeni marşrutla nəql olunmasına imkan verəcək”.

Şaxələndirilmiş neft və qaz mənbələrinin etibarlı təchizatı, iqtisadi inkişafı təmin etdiyini deyən Emma Nikolson təhlükəsizlik və təmin edilmiş enerji təchizatının enerji rəqabətədavamlı və əlçatan iqtisadiyyatın vacibliyini vurğulayıb. O, Birləşmiş Krallığın qlobal enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verdiyini, neft və qaz sektorunda Azərbaycan ilə sıx əlaqələri yüksək dəyərləndirdiyini qeyd edib.

Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev çıxış edərək Cənub Qaz Dəhlizini Avropa İttifaqı üçün prioritet enerji layihəsi adlandırıb və layihənin icrası ilə ilə əldə olunan uğurları yüksək qiymətləndirib. Bildirib ki, Türkmənistan da Qərb istiqamətində və Avropa ölkələri bazarını təmin etmək üçün lazım olan miqdarda təbii qazın təchizatını təşkil etmək imkanına malikdir. “Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə qiymətli töhfə verə biləcək mühüm infrastruktur layihələrindən biri Transxəzər qaz boru kəməridir. Bu layihənin reallaşdırılmasının texniki-hüquqi aspektlərinə dair ilk müzakirələr üçtərəfli formatda Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında 2011-ci ildə başlanıb. Sonradan danışıqlar beştərəfli formatda - Gürcüstan və Türkiyə də daxil olmaqla 2015-ci ildən nazir müavinləri səviyyəsində davam etdirilib. Türkmənistan Avropa istiqamətində türkmən qazının çatdırılma mümkünlüyünün müzakirəsi üzrə danışıqları bərpa və davam etdirməyə hazır olduğunu təsdiq edir”.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin birgə işbirliyi həyata keçirməklə bağlı qərarını əks etdirir. Türkiyənin TANAP vasitəsilə ilk qazı ötən ilin iyununda aldığını, artıq Yunanıstan sərhədinə qədər olan hissədə infrastruktur işlərinin tezliklə başa çatdırılacağını deyən Fatih Dönməz TAP layihəsinin də sürətlə başa çatdırılmasına ümid etdiklərini vurğulayıb. Nazir Türkiyə-Azərbaycan qardaşlığından bəhs edərək, bu birliyin TANAP ilə sərhədlərini aşaraq yeni qitələrə və yeni zirvələrə çatdığını deyib. “TANAP cənab prezidentlərimiz Ərdoğanın və Əliyevin güclü iradələri və qonşu ölkələrin uzaqgörən liderləri sayəsində ortaya çıxdı. Azərbaycanın və Türkiyənin güclü enerji baxışı sayəsində işləri birlikdə necə həyata keçirdiksə, bundan sonra da reallaşdırmağa davam edəcəyik. Bu güclü əlaqələr, bu sarsılmaz qardaşlıq və dərin məhəbbət bizim insanlığa bəxş edəcəyimiz ən böyük mirasdır”.

TANAP-ı uduzanın olmadığı tarixi bir layihə adlandıran türkiyəli nazir b layihə ilə Türkiyənin enerji sahəsində açar ölkə rolunun güclənəcəyini qeyd edib. “Azərbaycan tədarükçü ölkə kimi yeni bazarlara çıxa biləcək. Avropa isə mənbə ölkələrin və marşrutların şaxələndirilməsini artıra biləcək. TANAP Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə yanaşı, Türkiyənin enerji siyasəti baxımından da tamamlayıcı və dəstəkləyici amil olacaq. Bu, milli enerji və mədən siyasətimizdə açıqladığımız enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik layihədir”.

“Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi barədə məlumat verən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz BP-nin Cənub Qaz Dəhlizi kimi tarixi layihədə iştirak etməkdən qürur duyduğunu, Prezident İlham Əliyevin şəxsi diqqəti və dəstəyi ilə qlobal neft və qaz sənayesində ən böyük və mürəkkəb təşəbbüslərdən biri olan bu layihənin uğurla icra edildiyini deyib. Layihənin ölkədə hərbi sektor xaricində indiyədək həyata keçirilmiş ən böyük layihə olduğunu deyən Qəri Counz belə irimiqyaslı layihələrin texniki, mühəndis, kommersiya, geosiyasi xarakterli çətinliklərindən bəhs edib. O, Cənub Qaz Dəhlizi layihəsinin yalnız bir şirkət və ya bir ölkə tərəfindən deyil, yeddi ölkənin və hökumətin, Avropa İttifaqının və digər müvafiq beynəlxalq təşkilatların, dörd ölkədəki alıcıların, tikinti şirkətlərinin, digər maraqlı tərəflərin dəstəyi, birgə fəaliyyəti, əməkdaşlığı, nəticəsində reallaşdığını vurğulayıb.

TANAP-ın baş direktoru Saltuk Düzyol və TAP-ın icraçı direktoru Luka Şipati, SNAM-ın virse-prezidenti Gianluca Zonta də çıxış edərək Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, genişləndirilməsi perspektivləri, Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolu barədə məruzə ediblər.

Sessiyalarda Bolqarıstanın energetika naziri Temenujka Petkova, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natela Turnava, Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin Baş katibi Mixail Veriopoulos, Albaniyanın infrastruktur və energetika nazirinin müavini Shkreli Artan, Xorvatiyanın ətraf mühit və energetika naziri Tomislav Çoriç, Bosniya və Herseqovinadan xarici ticarət və iqtisadi əlaqələr nazirinin müavini Mato Franjiçevic, Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake, Monteneqronun İqtisadiyyat Nazirliyinin energetika üzrə baş idarəsinin baş direktoru Marko Reduloviç, Serbiyanın mədən və energetika nazirinin müavini Mirjana Filipoviç də çıxış ediblər.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə imzalanıb.

Digər xəbərlər