<

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci iclasının yekunlarına dair Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottingerin iştirakı ilə mətbuat konfransı keçirilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci görüşünün iştirakçıları tərəfindən imzalanan Birgə Bəyannamədə strateji tərəfdaşlıq ön plana çəkilib və layihənin təşəbbüskarı olan Azərbaycanın rolu bir daha qeyd edilib. Nazir Azərbaycan Prezidentinin Cənub Qaz Dəhlizi çərçivəsində görülən işləri yüksək qiymətləndirdiyini də xüsusilə vurğulayıb.

Cənub Qaz Dəhlizinə digər ölkələrin marağının çoxaldığını deyən nazir builki iclasda iştirakçıların sayının artdığını bildirib. İclasa 17 ölkənin nümayəndəsi qatılıb. Serbiya, Macarıstan və San-Marino isə iclasda ilk dəfə təmsil olunub.

P.Şahbazov onu da qeyd edib ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrdən “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi və TANAP-ın Türkiyə təbii qaz nəql edən hissəsi üzrə işlər yekunlaşıb. Azərbaycan qazını Avropaya çatdıracaq TAP boru kəmərinin inşasının 85 faizi tamamlanıb.

Trans-Xəzər Boru Kəməri layihəsinin reallaşması və Türkmənistan qazının CQD ilə Avropaya ixrac edilməsi imkanları ilə bağlı sualı cavablandıran energetika naziri bildirib ki, Türkmənistan iki ildir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasına qoşulub ki, bu da həmin ölkənin layihəyə marağını göstərir. Türkmənistan qazının CQD ilə nəqli üçün tərəflər arasında razılıq olmalıdır. Əgər dəhlizi qazla təchiz edən və onu alan tərəflər arasında razılıq olarsa, CQD bu təklifləri nəzərdən keçirə bilər.

Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger isə qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığının böyük perspektivləri var və Avropa İttifaqı Azərbaycanda bu sahənin daha da inkişafına dəstək verməyə hazırdır: Komissar hələ 2009-cu ildə Xəzərdən hasil olunan təbii qazın Avropaya nəqli ilə bağlı “Nabucco” layihəsinin irəli sürüldüyünü xatırladaraq, “Nabucco” opera kimi tanınır, Cənub Qaz Dəhlizi isə reallıqdır”-deyə vurğulayıb. Bildirilib ki, “Şahdəniz-2” yatağından hasil olunan qaz artıq boru kəməri ilə Türkiyəyə çatdırılır. Bu layihənin sonuncu hissəsi olan TAP layihəsi üzrə işlər davam edir. Bu işlərin 2019-2020-ci illərdə tamamlanacağı nəzərdə tutulur.

Ottinger tədbir zamanı italiyalı nümayəndələrin TAP-la bağlı fikirlərinə də toxunub. Qeyd edib ki, Azərbaycan qazının İtaliyaya çatdırılması istiqamətində işlər gedir. “Avropa üçün enerji təhlükəsizliyi çox mühüm məsələdir. Qarşıdakı 10 ildə isə qitədə təbii qazın önəmi daha da artacaq. Bizim üçün marşrutların və mənbələrin şaxələndirilməsi önəmlidir. Bu xüsusda Xəzər qazı, Azərbaycan qazı bizim üçün yeni mənbə, yeni marşrut deməkdir”.

Komissar onu da vurğulayıb ki, Azərbaycan və SOCAR hazırda Avropa İttifaqının strateji enerji tərəfdaşıdır. “Niderlandda təbii qaz ildən ilə azalır, biz daha çox qaz idxal etmək məcburiyyətindəyik. Bizim üçün Cənub Qaz Dəhlizi yeni qaz xətti və yeni qaz ehtiyatları deməkdir”, – Avropa komissarı deyib. Bildirilib ki, bu gün Cənub Qaz Dəhlizi tamamlandıqdan sonra başqa istiqamətlərdə də əməkdaşlığın davam etdirilməsi müzakirə olunub. Ümumi məqsəd növbəti 10 ildə Avropa istiqamətinə gedən qazın həcmini ildə 20 milyard kubmetr, hətta 25 milyard kubmetrə çatdırmaqdır.

Ottinger Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri yeni mərhələyə qaldıracaq “Əhatəli Saziş”dən danışaraq, Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın hasil edilən yanacaq, bərpaolunan enerji mənbələri, elektrik şəbəkələrinin müasirləşdirilməsi, eləcə də nəqliyyat sahəsində də genişlənməsində maraqlı olduqlarını deyib. Avropa İttifaqı Azərbaycanın öz iqtisadiyyatını daha da şaxələndirməsinə töhfə vermək, enerji və bərpaolunan enerji sahəsində də əməkdaşlığı genişləndirmək əzmindədir.

Trans-Xəzər layihəsinin perspektivi ilə bağlı sualı cavablandıran Günter Ottinger deyib ki, Türkmənistan hökumətinin üzvünün bu toplantıda iştirak etməsi rəsmi Aşqabadın bu marşruta marağını nümayiş etdirən aydın siqnaldır. Onun fikrincə, Azərbaycan təbii qaz hasil edən ölkədir və eyni zamanda təchizat xidmətləri göstərir. Azərbaycan və Avropa İttifaqı Türkmənistan qazının nəqli ilə bağlı təkliflərini edib. Yekun qərar rəsmi Aşqabaddan asılıdır. Əgər Türkmənistan qazını Trans-Xəzər Boru Kəməri ilə nəql etməkdə maraqlı olarsa, bununla bağlı qərar qəbul edə bilər. Həmin layihəyə sərmayə qoyulmalıdır. Bununla bağlı qərarı isə məhz Türkmənistan hökuməti qəbul etməlidir.

Digər xəbərlər