<

Energetika Nazirliyinin təşkilatçılığı, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirakı ilə “Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.

Energetika nazirinin müavini Samir Vəliyev Strateji Yol Xəritəsinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı portfelinin şaxələndirilməsi prioritetinə uyğun son vaxtlar görülən işlərdən danışıb: “Bərpa olunan enerji mənbələri potensialından daha səmərəli istifadə və bu sahənin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər. Bərpa olunan enerji sahəsinə özəl investisiyanın cəlbi məqsədilə hazırda müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasına, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasına başlanıb”- deyə nazir müavini sözlərinə əlavə edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov Azərbaycanda bərpa olunan enerji mənbələrinin, xüsusilə külək və günəş potensialının qiymətləndirilməsi barədə məlumat verib. Yaxın illərdə külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt generasiya güclərinin yaradılmasının planlaşdırıldığını qeyd edib.

“Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanması üzrə məsləhətçi DNV-GL şirkətinin eksperti İlka Levinqton isə özəl investisiyasının cəlbi üçün qanunvericilik aktına daxil ediləcək müddəaları diqqətə çatdırıb. “Bu sənəddə dövlət siyasəti və tənzimləmə, bərpa olunan enerji mənbələrindən istifadəyə dəstək rejimləri, istehsal güclərinin şəbəkəyə qoşulması və istehsal olunan elektrik enerjisinin satın alınması ilə bağlı təminatlar, elektrik enerjisi şəbəkəsinin idarə olunması ilə bağlı texniki qaydalar, müqavilə bazası, lisenziya və icazələr kimi məsələlər öz əksini tapacaqdır.”

Bildirilib ki, beynəlxalq tərübəyə uyğun mexanizmdən istifadə edilərək ölkəmizlə əməkdaşlıqda maraqlı olan şirkətlər, beynəlxalq təşkilat və maliyyə qurumlarının hazırlanan qanunvericilik aktlarına dair təklifləri öyrənilir.

Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov  bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı məsələlərin özəl sektorla  müzakirəsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, irəli sürülən təkliflər Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üçün münbit şəraitin yaradılması hədəfinə  nail olmağa kömək edəcək.

Tədbir “Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinə dair beynəlxalq və yerli ekspertlərin rəy və təkliflərinin müzakirəsi ilə davam etdirilib.

Digər xəbərlər