- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunmuş tədbir keçirilib
Energetika Nazirliyinin təşkilatçılığı, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), bir sıra dövlət qurumları və xarici ekspertlərin iştirakı ilə “Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrinin inkişafı, qanunvericilik və tənzimləyici mühit” mövzusunda tədbir keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə hüquqi bazanın və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. “Bu iclas bərpa olunan enerji sahəsində qarşıda duran vəzifələrin icrası üçün ilk addımdır. İnanıram ki, bu vəzifələr uğurla həyata keçiriləcək və AYİB-lə əməkdaşlıq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, beləliklə də ölkənin iqtisadi inkişafına töhfə verəcəkdir”.
AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Fernandes Duarte Azərbaycanın AYİB-lə birgə həyata keçirdiyi layihələri xatırladıb, bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd edib: “AYİB bərpa olunan enerjini yaşıl enerji adlandırır və bu növ enerji üzrə 38 ölkə ilə əməkdaşlıq edilib. AYİB bu sahənin Azərbaycanda da inkişafına dəstəyini verəcək. Texniki yardım layihələri həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyininh fəaliyyətini də əhatə edir. Ümid edirik ki, tezliklə birgə işimiz müsbət nəticələr verəcəkdir.”
Tədbirin əsas müzakirə predmetlərindən biri bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansında payının artırılması, özəl investisiyaların cəlb ediməsi məqsədilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması ilə bağlı olub. “Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanması üzrə məsləhətçi seçilən Norveç-Alman DNV-GL şirkətinin eksperti İlka Levinqton bərpa olunan enerji mənbələri üzrə hüquqi və tənzimləyici çərçivə ilə bağlı danışıb: ”Bərpa olunan enerji mənbələrini yaradan subyektlər üçün aydın hüquqi, tənzimləyici və müqavilə bazasının olmaması bu sahənin inkişafına maneədir. Ona görə də elektrik enerjisinin istehsalı üçün bərpa olunan enerji mənbələri çərçivəsinin siyasi öhdəliklər, dəstək rejimi, zəmanətli qoşulma, dispetçer prioriteti, zəmanətli alış, torpaq bölgüsü və icazələr üzrə effektiv sistem kimi əhəmiyyətli kompenentləri üzrə işlər görülməlidir. Beynəlxalq təcrübə nəzərə alınmaqla bərpa olunan enerji mənbələri haqqında qanun layihəsinin 6 aya hazırlanması planlaşdırılır.”
Tədbirdə həmçinin bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi məsələsiniə xüsusi diqqət yetirilib. Belə ki, elektroenergetika sektorunun dayanıqlı fəaliyyəti üçün bərpa olunan enerji mənbələrinin, xüsusilə külək və fotovoltaik enerji qurğularının mövcud enerji sistem və şəbəkələrinə inteqrasiyası vacibdir. Külək, günəş və digər mənbələrdən alınmış enerjinin problemsiz şəkildə şəbəkəyə ötürülməsi və qoşulmanın maneəsiz təmin edilməsi məqsədilə məsləhətçi şirkətlə birgə AYİB-in dəstəyi ilə Azərbaycanın enerji şəbəkəsi təhlil ediləcək. Şəbəkənin gücləndirilməsi üzrə fəaliyyət planı və investisiya proqramının hazırlanması planlaşdırılır. Tədbirdə şəbəkənin gücləndirilməsi layihəsi ilə bağlı DNV-GL şirkətinin nümayəndələri tərəfindən bərpa olunan enerji mənbələrinin ümumi şəbəkəyə qoşulma şərtləri üzrə göstəricilər və bu sahədə şəbəkənin təkmilləşdirilməsi mövzusunda təqdimatlar edilib. Bildirilib ki, “Bərpa olunan enerji mənbələrinin payının artırılması məqsədilə şəbəkənin gücləndirilməsi” layihəsi çərçivəsində ötürücü, paylayıcı, SCADA və Enerji İdarəetmə və ölçü Sistemləri təkmilləşdiriləcəkdir.
Tədbirdə müvafiq qurumalrın iştirakı ilə hər iki istiqamət üzrə Azərbaycanda mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə edilib.