- Main page
- Articles and interviews
- 20.10.2022. Energy Minister Parviz Shahbazov's article was published in the newspaper Respublika.
20.10.2022. Energy Minister Parviz Shahbazov's article was published in the newspaper Respublika.
Energy Minister Parviz Shahbazov's article entitled "Azerbaijan will become a reliable electricity supplier in the near future " was published in "Respublika" newspaper on 20 October "Power Engineers` Day".
Azərbaycan yaxın gələcəkdə etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir
Bu gün 20 Oktyabr - Energetiklər Günüdür. Bu günün tarixi ötən əsrin 80-ci illərinin əvvəllərindən - Azərbaycanın öz enerji müstəqilliyini təmin etməkdən ötrü çağırışlar qarşısında olduğu dövrdən başlanır. Xalqımızın Ümumilli Lideri Heydər Əliyev hələ o zamanlar bu çağırışlara böyük uzaqgörənliklə reaksiya vermiş, “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsinə nail olmaqla ölkəmizin gələcək enerji müstəqilliyinə doğru tarixi bir addım atmışdır.
Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Ümumilli Lider Heydər Əliyevin formalaşdırdığı təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir. Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu siyasət örnək enerji təhlükəsizliyi modelidir. Bu model, enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsidir. Enerji keçidi prosesinin rasional idarəedilməsidir. Ona görə də bu gün Azərbaycan enerji böhranı yaşamır. Enerji müstəqilliyi tam təmin edilib. Dövlət başçısının da ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Hazırda Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolu bir çox mənbələr hesabına daha da güclənəcək. Bu, ilk növbədə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və təbii qazın tədarükünün artırılması ilə mümkün olacaq. Eyni zamanda, elektrik enerjisinin, xüsusilə “yaşıl enerji”nin ixracı, Azərbaycanın daha bir dəhlizin -“yaşıl enerji” dəhlizinin də əsas resurs mənbəyi olması hesabına reallaşacaq.
Ölkəmizin neft-qazdan sonra bərpa olunan mənbələrə əsaslanan elektrik enerjisi ilə aparıcı mövqeyə yüksəlməsi günün tələbidir. Bir tərəfdən ətraf mühiti qorumaq daha “təmiz enerji” mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən isə enerji böhranı dövründə diversifikasiya zərurəti bu enerji növünə qlobal miqyasda ehtiyacı artırır. Ona görə də həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini və transformativ prosesləri labüd vəziyyətə gətirir. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda çox mühüm tədbirlər təsbit edilmişdir. Həmçinin Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir.
Son bir il elektroenergetika sistemimizin dayanıqlığının artırılması və yeni məzmunda inkişafı istiqamətində uğurlarla zəngin oldu. Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 MVt-a çatıb ki, bu da ötən illə müqayisədə 392,4 MVt və ya 4,9% artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5%-ni təşkil edir.
Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 28619 MVA olan 110-500 kV-luq 240 yarımstansiya istismardadır.
Ötən il Azərbaycanda 27,8 mlrd. kVt·st istehsal, 1,67 mlrd. kVt·st ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2021-ci ildə 23,4 mlrd. kVt·st elektrik enerjisi istehlak edilib. Bu ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 807 mln. kVt·st artımla 21,5 mlrd. kVt·st, ixracı isə 775,5 mln. kVt·st artaraq 1,8 mlrd. kVt·st təşkil edib. Türkiyəyə 940,5 mln. kVt·st, Gürcüstana 694,1 mln. kVt·st, İrana 95,6 mln. kVt·st, Rusiyaya 75,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib. Elektrik enerjisinin idxalı isə bu dövrdə azalaraq 104,9 mln. kVt·st olub.
İlin sonuna və qarşıdakı illərdə elektrik enerjisinin istehsalında əhəmiyyətli həcmlərdə artım gözlənilir. Belə ki, 2022-ci ilin sonuna 28,5 milyard kVt·st, 2023-cü ildə 29,9 milyard kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.
Belə ki, Azərbaycanın quruda 26 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. Azad edilmiş ərazilərdə - Qarabağ və Zəngəzurda isə külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Bu potensialdan yararlanmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 2026-cı ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaq hədəfi çərçivəsində bu ilin yanvar-mart aylarında Azərbaycanın enerji tarixində ilk dəfə olaraq xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyuldu. Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə Xızı-Abşeron” KES və 230 MVt gücündə “Qaradağ” GES layihələri üzrə hazırda işlər davam etdirilir. Ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihlər çərçivəsində tikiləcək bu stansiyaların istismara verilməsi nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.
Hazırda bp şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir. Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın 2023-cü ildə inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir. Bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır. Bu model elektrik enerjisinin istehsalı və istehlakı üzrə “Şəfəq Layihəsi” və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək.
Beləliklə, bərpa olunan enerji növlərinin Azərbaycanda xarici investisiya hesabına inkişafı artıq reallıqdır. 710 meqavatlıq bu layihələrdən əlavə bu il biz xarici investor “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə etdik. 10 qiqavatlıq bu bərpa olunan enerji istehsal gücləri nəinki miqyasına, həm də on milyardlarla dollar “yaşıl” investisiya vəd etdiyinə görə regionda bir ilkdir. Həmçinin bu layihələrin əvvəlcə 2 QVt-ı, daha sonra 4 QVt-ı Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalını nəzərdə tutur ki, bu da Azərbaycanda ilk belə yenilikdir. Daha aydın təsəvvür yaratmaq üçün deyə bilərik ki, bu layihələr mövcud ümumi istehsal güclərindən 2756 MVt-dan çoxdur, bərpa olunan enerji güclərinin isə təqribən 8 qatına bərabərdir. Bu meqa layihələr Azərbaycan Prezidentinin “yaşıl” enerji kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisi, ölkəmizin investorlar üçün cəlbediciliyinin nümayişi, enerji sistemimizə böyük töhfədir. Bu meqa güclərin yaradılması Azərbaycanın enerji sisteminin bərpa olunan enerjiyə transformasiyası, “yaşıl enerji” üzrə hədəflərini yeniləməsi, eləcə də bu enerji növü üzrə ixracatçıya çevrilməsi üçün həlledici əhəmiyyət daşıyır.
Layihələrin reallaşma arealından da göründüyü kimi, Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də “yaşıl” enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Bu konsepsiya investorlar da daxil olmaqla hər kəs üçün bu bölgəni ekoloji cəhətdən təmiz enerji ilə təchiz edəcək böyükmiqyaslı fəaliyyətin aydın mənzərəsini yaradır. Burada kiçik su elektrik stansiyalarının bərpası, Laçın-Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir. Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Hazırda ümumi gücü 26,9 MVt olan 5 kiçik su elektrik stansiyasının (“Çıraq-1”, “Çıraq-2”, “Qamışlı”, “Meydan” və “Soyuqbulaq”) tikintisi üzrə işlər həyata keçirilir. Bununla yanaşı, sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın şəhərinin və kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması nəticəsində ümumi gücü 6,5 MVt olan iki su elektrik stansiyasında da bərpa işləri mümkün olub. Beləliklə, iki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır.
Bundan əlavə, Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir. Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi başa çatıb. Su elektrik stansiyalarının beynəlxalq tenderlər keçirilməklə tikintisi nəzərdə tutulur. Bu layihələrin istismara verilməsi təkcə Azərbaycana illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.
Ölkədə hazırda qoyuluş gücü ümumilikdə 220 MVt-dan çox olan SES və KSES-lərin tikintisi və bərpası çərçivəsində 36 MVt gücündə “Ordubad” SES-in isə su tənzimləyici qurğusunun Azərbaycan tərəfinə aid hissəsində tikinti işləri tamamlanıb. Ümumilikdə layihə üzrə tikinti işlərinin 60%-i başa çatıb.
Bundan əlavə, “Böyükşor” gölündə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində 100 kVt (95 kVt suda, 5 kVt quruda) gücündə üzən günəş elektrik stansiyasının inşası yekunlaşır. Həmçinin “Böyükşor” gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiyanın quraşdırılması, gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi imkanları araşdırılır.
Bərpa olunan enerji sahəsində qanunvericilik bazasının yaradılması üzrə də xeyli müsbət addımlar atılıb. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları”, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”, “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”, “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydası və forması” layihələri hazırlanıb. Bu çərçivədə ölkənin bərpa olunan enerji mənbələrinin potensialının atlası işlənib, informasiya sistemi yaradılıb.
Hərracların keçirilməsi üçün müvafiq sənədlər və müqavilə layihələri də hazırdır. İlk hərracın Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən seçilmiş məsləhətçi şirkətin dəstəyi ilə keçirilməsi planlaşdırılır.
Bərpa olunan enerji üzrə irimiqyaslı istehsal güclərinin yaradılması ölkənin enerji sisteminə inteqrasiya məqsədilə şəbəkənin gücləndirilməsi ilə yanaşı, hazırda yeni ixrac marşrutlarının yaradılmasını, elektrik verilişi xətlərinin imkanlarının artırılmasını və yeni bazarlara çıxışı da aktuallaşdırır. “Yaşıl enerji”nin ənənəvi bazarlarla bərabər Avropaya ixracı, əsasən, üç xətt üzrə nəzərdən keçirilir. Birincisi, Naxçıvandan keçməklə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi, ikincisi Gürcüstan-Türkiyə üzərindən, üçüncüsü Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı özündə birləşdirəcək Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsi vasitəsilə.
Naxçıvandan Türkiyəyə 75 MVt gücündə elektrik enerjisi ixracı ilə bağlı iki ölkə arasında müvafiq razılaşmalar əldə edilib, bu prosesin həyata keçirilməsi üçün ENTSO-dan müvafiq icazələr alınıb. Eyni zamanda, Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi üzrə də tədbirlər görülür. Bu istiqamətdə “Cəbrayıl” enerji qovşağının yaradılması ölkəmizin ixrac potensialının gücləndirilməsinə mühüm təsir göstərəcək addımdır. Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvanı ölkəmizin ümumi enerji sisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisisteminə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi strateji əhəmiyyətli hadisədir. Bu layihə çərçivəsində birinci mərhələdə istismar müddəti başa çatan və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq. Hazırda bu yarımstansiyalardan Cəbrayıla yüksəkgərginlikli 330 kilovoltluq ötürmə xətti çəkilir və “Cəbrayıl” qovşaq yarımstansiyası tikilir. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə Naxçıvan ərazisində 255 kilometr məsafədə ikidövrəli 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq yarımstansiya tikiləcək. Üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ikidövrəli 400 kilovoltluq elektrik verilişi xətti çəkiləcək.
İkinci xətt isə Gürcüstan-Türkiyə üzərindən nəzərdən keçirilir ki, elektrik enerjisinin ötürülmə imkanlarının artırılması üçün ilin sonunadək Azərbaycan və Gürcüstan arasında yeni ikidövrəli 330 kVt-luq “Qardabani” EVX-nin istismara verilməsi, 2025-ci ilədək Azərbaycan-Gürcüstan-Türkiyə sərhədinədək yeni 500 kV-luq xəttin tikintisi və çevirici yarımstansiyanın genişləndirilməsi ilə əlavə 700 MVt ötürmə imkanının yaradılması planlaşdırılır. Bununla da, elektrik enerjisinin Gürcüstana ötürülən həcmi 1400 MVt, Türkiyəyə ötürülən həcmi isə 1050 MVt təşkil edəcək.
Avropaya ixrac istiqamətində perspektivli və Avropa İttifaqının dəstəklədiyi layihələrdən biri Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsidir. Layihə üzrə Gürcüstanla Rumıniya arasında enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılması, bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulur. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması müzakirə edilir. Bu layihə “yaşıl enerji” dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. Beləliklə, ölkəmizin Avropanın enerji təminatını bu dəfə “yaşıl enerji” vasitəsilə şaxələndirməsi üçün perspektivləri böyükdür.
Ümumən, dünyada enerji və geosiyasi vəziyyətlə bağlı müasir reallıqlarda Azərbaycanın “yaşıl enerji” gündəliyinə, enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var. Bu aspektdə, Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təbii qazla bərabər “yaşıl” enerjinin, xüsusilə Xəzər dənizinin külək enerjisi və “yaşıl” hidrogenin istehsalı-ixracı, enerji səmərəliliyi və metan emissiyalarının azaldılması üzrə də əməkdaşlığı əhatə edir. Bütün bu məsələlər, həmçinin Avropa İttifaqı ilə enerji dialoqumuzun əsas komponentləridir.
Enerji böhranı dövründə bir çox ölkələrdən fərqli olaraq Azərbaycan “yaşıl enerji”, enerji keçidi ilə bağlı planlarını nəinki təxirə salmadan gerçəkləşdirir, həm də 2050-ci ildə istixana qazı emissiyalarını 40% azaltmaq kimi yeni hədəflərə doğru da inamla irəliləyir. Çünki istər 2022-2026-cı illərdə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, istərsə də azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər təkcə bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir. Yəni, enerjinin ötürülməsi, paylanmasında ən effektli və "ağıllı'' sistemlərdən, istilik, soyutma və isti su təchizatında, həmçinin küçə və yolların işıqlandırılmasında “yaşıl” texnologiyalardan, elektrik nəqliyyat vasitələrindən istifadə, elektrik doldurma məntəqələrinin, tikililərin damında günəş panellərinin quraşdırılması, enerji səmərəliliyi kimi çoxşaxəli məsələlər əhatə olunur. Məsələn, “yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq Zəngilan rayonunun Ağalı kəndində artıq “Ağıllı kənd” layihəsi çərçivəsində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə həyata keçirilir. Sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində isə elektromobillik üzrə Milli Planın, hidrogen istehsalı və ondan istifadə bağlı araşdırmaların aparılması və təkliflərin hazırlanması ilə bağlı işlər görülür. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair ölkə hesabatı layihəsi də hazırlanıb. Növbəti addımlara dair məsləhətçi şirkətlə müzakirələr aparılır.
Qlobal enerji keçidinin hərəkətverici qüvvələrindən və atmosferə atılan tullantıların azaldılmasının əsas vasitələrindən biri məhz enerji səmərəliliyidir ki, bu sahə də sosial-iqtisadi inkişafımızın başlıca prioritetlərindəndir. Hazırda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanundan irəli gələn alt qanunvericilik aktlarının qəbul edilməsi işləri aparılır. Artıq “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar”, “Enerji menecment sisteminə dair tələblər” və “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi qaydası” təsdiq edilib. Həmçinin enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üçün etiketləmə qaydaları və ekodizayn tələbələrini, habelə binaların enerji effektivliyi üzrə pasportlaşdırılması və minimum enerji effektivliyi normalarını ehtiva edən normativ-hüquqi akt layihələrinin hazırlanmasına Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda enerji səmərəliliyinin artırılmasına dəstək” layihəsi çərçivəsində beynəlxalq ekspertlər cəlb edilib.
Bununla yanaşı, Energetika Nazirliyinin tabeliyində “Enerji Effektivliyi Fondu”nun yaradılması planlaşdırılır. Bununla bağlı nazirlik tərəfindən Fondun Nizamnaməsinin, Fondun vəsaitlərinin formalaşdırılması və istifadəsini ehtiva edən qayda layihələri də hazırlanıb. Qanuna əsasən, Fond tərəfindən enerji effektivliyi və bərpa olunan enerji layihələrinə güzəştli kredit və qrantların ayrılması, habelə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Fond yaradıldıqdan sonra onun beynəlxalq təcrübəyə əsasən idarə edilməsi və fəaliyyəti üçün dəstəyə ehtiyac yaranacaq. Bu baxımdan, Dünya Bankı tərəfindən “Azərbaycan üçün sürətləndirilmiş texniki yardım proqramı” çərçivəsində “Enerji səmərəliliyi komponenti üzrə məsləhət xidmətlərinin göstərilməsi” layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Sözügedən layihə Enerji Effektivliyi Fondunun fəaliyyətinə dəstəyin verilməsi ilə məhdudlaşmayacaq, həmçinin ölkədə ictimai binalar fondunun inventarizasiyası və onun əsasında hər bina kateqoriyası üçün enerji istehlakı göstəricilərinin qiymətləndirilməsi, habelə həmin binaların enerji effektivliyi potensialının reallaşdırılması üçün mövcud maneələrin təhlili aparılacaq. İctimai binalar sektorunda belə bir qiymətləndirmənin aparılması həmin sektorda gələcəkdə enerji effektivliyi tədbirləri üçün əsas rolunu oynayacaq.
Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanın elektroenergetika sektorunda fəaliyyət göstərən elektrik stansiyalarında səmərəliliyin artırılması və karbon emissiyalarının azaldılması məqsədilə “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, ətraf mühitə vurulan zərərin minimuma endirilməsində və enerji resurslarından səmərəli istifadə edilməsində daha yüksək nəticələr enerji istehsalçıları və istehlakçıları arasında münasibətlərin mütərəqqi bazar prinsipləri əsasında tənzimlənməsi ilə mümkündür. Bu baxımdan, dövlət başçısının müəyyən etdiyi islahatlar kursunda elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması xüsusi yer tutur. Dünya Bankının dəstəyi ilə Azərbaycanda liberal elektrik enerjisi bazarına keçid mexanizmlərinin hazırlanması ilə əlaqədar layihənin icrasına artıq başlanıb. İlkin mərhələdə “Azərbaycanda Liberal Enerji Bazarına Keçid”lə əlaqədar Yol Xəritəsi hazırlanıb. Layihənin ikinci hissəsi keçid mexanizmlərinin hazırlanmasına dəstəyi ehtiva edir. Bununla əlaqədar Dünya Bankı tərəfindən seçilmiş məsləhətçi şirkət tərəfindən cari ilin sonuna qədər layihənin yekunlaşdırılması planlaşdırılır.
Ötən bu dövr ərzində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səmərəlilik, çeviklik və müasir inkişaf tələblərinə əsaslanmış fəaliyyəti də milli energetikamızın inkişafı yolunda qarşıya qoyulmuş hədəflərə öz töhfəsini verib.
Bütün bunlar xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir. Azərbaycan energetikləri qlobal inkişaf dəyişikliklərinə uyğunlaşmaqla, istehsal portfelində şaxələnmə və səmərəli idarəetməyə nail olmaqla bu xəttin bundan sonra da davam etdirilməsi missiyasını şərəflə yerinə yetirəcək, müasir və güclü Azərbaycanın gələcəyinin daim işıqlı olmasına fədakar əməkləri ilə töhfə verəcəklər.
Pərviz Şahbazov
Azərbaycan Respublikasının
energetika naziri
https://respublika-news.az/pdf/view/?id=2618&token=ebe434840f24316cf002637f87d64eba&type=3