- Main page
- Regulations
- Regulations of the State Programs and Projects Sections
Regulations of the State Programs and Projects Sections
Azərbaycan Respublikası Energetika Nazirliyinin
20____ il __ ______ tarixli _____ nömrəli əmri ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət proqramları və layihələr sektoru haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Dövlət proqramları və layihələr sektorunun (bundan sonra – sektor) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Sektor Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Sektor bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində yanacaq-energetika sahəsi (bundan sonra – müvafiq sahə) üzrə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasını, icrasının əlaqələndirilməsini və icrasına nəzarətin həyata keçirilməsində iştirak edilməsini, habelə Nazirliyin həyata keçirdiyi layihələrin idarə olunmasının təşkilini və tənzimlənməsini həyata keçirir.
1.3. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və nazirin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Sektor öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının şöbələri və sektorları, tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Sektorun fəaliyyət istiqamətləri
2.0. Sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahə üzrə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsi üçün tədbirlər görür;
2.0.2. müvafiq sahə üzrə dövlət proqramlarının və inkişaf konsepsiyalarının icrasının əlaqələndirilməsini həyata keçirir və icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
2.0.3. Nazirliyin həyata keçirdiyi layihələrin səmərəli idarə olunmasını təşkil və təmin edir, onların idarə olunması məqsədilə müvafiq layihə sənədlərinin hazırlanmasını və təhlilini həyata keçirir, icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
2.0.4. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Sektorun vəzifələri
3.0. Sektor bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. müvafiq sahə üzrə dövlət proqramlarının, konsepsiyalarının və s. layihələrini hazırlayır və bu prosesdə aidiyyəti dövlət orqanlarının iştirakını təmin edir;
3.0.2. dövlət proqramlarının və konsepsiyalarının icra vəziyyətini təhlil edir, səlahiyyətləri daxilində onların icrasını əlaqələndirir, icrası ilə bağlı fəaliyyət istiqamətləri üzrə təkliflər hazırlayır, bununla bağlı aidiyyəti tədbirlər görür;
3.0.3. dövlət proqramlarında Nazirliyə həvalə edilmiş tədbirlərin icrasını təşkil edir, əlaqələndirir və icra vəziyyətini təhlil edir;
3.0.4. Nazirliyin həyata keçirdiyi layihələrin səmərəli idarə olunmasının təşkili ilə bağlı tədbirlər görür;
3.0.5. Nazirliyin həyata keçirdiyi layihələr üzrə müqavilə, sazış və digər sənədlərin hazırlanmasında iştirak edir, həmin sənədlərdən irəli gələn öhdəliklərin icrasına nəzarət edir;
3.0.6. müvafiq sahənin inkişafı üçün əhəmiyyət kəsb edən layihələrin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayır;
3.0.7. Nazirliyin həyata keçirdiyi layihələr üzrə işləri əlaqələndirir, bununla bağlı təhlillər aparır, arayışlar və hesabatlar hazırlayır;
3.0.8. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlayır, Nazirliyin strukturları və digər dövlət orqanları tərəfindən hazırlanmış belə layihələrə rəy hazırlayır;
3.0.9. dövlət orqanları tərəfindən hazırlanmış dövlət proqramlarının və konsepsiyalarının layihələrinə dair fəaliyyət istiqamətləri üzrə rəylər hazırlayır;
3.0.10. dövlət proqramlarının və layihələrin həyata keçirilməsi ilə əlaqədar məlumat bazalarının formalaşdırılmasını və mütəmadi olaraq yenilənməsini təmin edir;
3.0.11. Nazirliyin əlaqələndiricisi olduğu dövlət proqramlarının icra vəziyyəti ilə bağlı hesabatlar hazırlayır, icrasının nəticələrini təhlil edir, vaxtında və müəyyən olunmuş tələblərə uyğun icra olunmamış tədbirlərlə bağlı təkliflər hazırlayır;
3.0.12. dövlət proqramlarında Nazirliyə tapşırılmış tədbirlərin icra vəziyyəti ilə bağlı mütəmadi olaraq məlumatlar hazırlayır və Nazirliyin rəhbərliyinə təqdim edir, zərurət yarandıqda onların icrasının sürətləndirilməsini təmin etmək məqsədilə müvafiq təkliflər hazırlayır;
3.0.13. dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin, habelə layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə aidiyyəti icraçı qurumlarla birlikdə müzakirələrin, görüşlərin və s. keçirilməsinin təşkili ilə bağlı zəruri tədbirlər görür;
3.0.14. xarici və yerli ekspertləri, mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz vəzifələrinin həyata keçirilməsinə cəlb edir;
3.0.15. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;
3.0.16. sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır;
3.0.17. sektorun əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;
3.0.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
4. Sektorun hüquqları
4.0. Sektor öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. fəaliyyət istiqamətləri üzrə Nazirliyin strukturları tərəfindən hazırlanmış qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin, dövlət proqramlarının və konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
4.0.2. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin, dövlət proqramlarının və konsepsiyaların layihələrinin hazırlanmasına mütəxəssislərin cəlb edilməsi üçün Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək;
4.0.3. müvafiq sahə ilə bağlı yerli və xarici şirkətlərin sərgilərinin və s. tədbirlərin keçirilməsinə dair təkliflər vermək;
4.0.4. müvafiq sahəyə dair proqramların və konsepsiyaların icrası barədə məlumatlar əldə etmək, onları təhlil etmək, icmallaşdırmaq və rəhbərliyə təqdim etmək;
4.0.5. öz səlahiyyətləri daxilində Nazirliyin strukturları, aidiyyəti dövlət orqanları, bələdiyyələr, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyət göstərmək;
4.0.6. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;
4.0.8. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.9. bu Əsasnamədə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin bütün strukturlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
4.0.10. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik-icmal materiallar hazırlamaq, təkliflər vermək;
4.0.11. fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.14. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
4.0.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Sektorun fəaliyyətinin təşkili
5.1. Sektorun strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla heç kəs sektorun fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Sektora nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir. Sektor müdiri sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Sektor müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektorun əməkdaşlarından biri və ya nazir tərəfindən təyin edilmiş digər şəxs həyata keçirir;
5.4. Sektorun digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;
5.5. Sektor müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
5.5.1. Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. Sektorun əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
5.5.3. Sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.5.4. Sektor üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;
5.5.6. Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün rəhbərliyə təqdimat verir;
5.5.7. Sektorun vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;
5.5.8. Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.5.9. Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.5.10. Sektorun əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
5.5.11. Sektoru təmsil edir.
5.6. Sektorun əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.