Azərbaycan Respublikası Energetika Nazirliyinin
İctimaiyyətlə əlaqələr və informasiya təhlükəsizliyi şöbəsi haqqında

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) İctimaiyyətlə əlaqələr və informasiya təhlükəsizliyi şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir və bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Nazirliyin ictimaiyyətlə əlaqələr, media və kommunikasiya, rəqəmsal idarəetmə, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və elektron xidmətlər sahəsində fəaliyyətini təşkil edir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət qulluğu haqqında” Qanunu, digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin digər struktur bölmələri, tabeliyində olan qurumlar, dövlət və özəl müəssisələr, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri (bundan sonra – KİV) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. nazirliyin ictimaiyyətlə əlaqələr, media və kommunikasiya siyasətinin icrasını təmin edir;

2.0.2. nazirliyin informasiya və proqram təminatının, vahid kompüter şəbəkəsinin fasiləsiz fəaliyyətinin təmini və elektron xidmətlərin fəaliyyətinin əlaqələndirilməsini təmin edir;

2.0.3. elektron sənəd dövriyyəsinin, rəsmi internet səhifəsinin, elektron poçt ünvanlarının fəaliyyətini təşkil edir;

2.0.4. nazirliyin informasiya təhlükəsizliyi siyasətinin həyata keçirilməsini, informasiya təhlükəsizliyinin idarə edilməsini təmin edir;

2.0.5. informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, internet idarəçiliyi və fərdi məlumatların mühafizəsi üzrə siyasətin hazırlanmasını təmin edir;

2.0.6. rəqəmsal inkişaf və innovasiya, kibertəhlükəsizlik sahəsində göstəriciləri təhlil edir və qurumun müvafiq sahə üzrə mövqeyinin yaxşılaşdırılması istiqamətində fəaliyyəti təşkil edir;

2.0.7. nazirliyin informasiya sistemlərinin, informasiya resurslarının və rəqəmsal xidmətlərinin texniki və texnoloji təhlükəsizliyini təmin edir;

2.0.8. nazirliyin informasiya resurslarında yaranan risklərin, audit nəticələrinin və insidentlərin təhlil edilməsi, risklərin azaldılmasına və insidentlərin həllinə yönəldilmiş işlərin planlaşdırılması və nəzarətini həyata keçirir;

2.0.9. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Şöbənin vəzifələri

3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. nazirliyin ictimaiyyətlə əlaqələr və media ilə iş üzrə strateji və cari fəaliyyət planlarını hazırlayır və həyata keçirir;

3.0.2. nazirliyin fəaliyyəti, enerji siyasəti və yeniliklər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılmasını təmin edir;

3.0.3. nazirliyin sosial şəbəkə hesablarının və rəsmi saytının məlumat bazasını idarə edir, məlumatların aktuallığını və operativ yenilənməsini təmin edir;

3.0.4. nazirliyin fəaliyyətinə dair press-relizlər və nazirlik adından rəsmi bəyanatlar hazırlayır və ictimaiyyətə təqdim edir;

3.0.5. nazirliyin rəhbər şəxslərinin KİV-də çıxışlarının, məqalələrinin, müsahibələrinin və media tədbirlərinin təşkilini təmin edir;

3.0.6. KİV-də energetika sahəsinə dair yayımlanan materialları izləyir, analitik icmallar hazırlayır və rəhbərliyə təqdim edir;

3.0.7. nazirliyin fəaliyyətinə dair video və fotoarxiv formalaşdırır, tədbirlərin foto-video çəkilişini təşkil edir;

3.0.8. nazirliyin təşkil etdiyi tədbirlərdə KİV-lə əməkdaşlığı və informasiya təminatını həyata keçirir;

3.0.9. nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatını təşkil edir;

3.0.10. sosial şəbəkə hesabları vasitəsilə daxil olan vətəndaş müraciətlərini müəyyən edilmiş qaydada qeydə alınması üçün aidiyyəti üzrə yönləndirir;

3.0.11. ictimai rəyin öyrənilməsi məqsədilə sosial şəbəkə hesabları vasitəsilə sorğular aparır;

3.0.12. informasiya sorğularını qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırır;

3.0.13.  fəaliyyət istiqaməti üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

3.0.14. şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır  və rəhbərliyə təqdim edir;

3.0.15. nazirliyin fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işində iştirak edir.

3.0.16. ictimaiyyətlə əlaqələr istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

3.0.17. nazirliyin informasiya və proqram təminatının fasiləsiz fəaliyyətini və təkmilləşdirilməsini təmin edir;

3.0.18. nazirliyin informasiya təhlükəsizliyini təmin edir, bu sahədə riskləri qiymətləndirir və monitorinqlər aparır;

3.0.19. elektron sənəd dövriyyəsinin və elektron imza sistemlərinin tətbiqini və idarə edilməsini təmin edir;

3.0.20. nazirliyin kompüter və şəbəkə infrastrukturunun texniki dəstəyini həyata keçirir;

3.0.21. nazirliyin rəqəmsal xidmətlərinin, portallarının və informasiya sistemlərinin inteqrasiyasını təmin edir;

3.0.22. yeni informasiya texnologiyalarının tətbiqi, proqram təminatının yenilənməsi və müvafiq lisenziyaların alınması üzrə təkliflər hazırlayır;

3.0.23. nazirliyin elektron xidmətlərinin təkmilləşdirilməsi və vətəndaşlara təqdim olunan xidmətlərin rəqəmsallaşdırılması üzrə təkliflər verir;

3.0.24. rəqəmsal idarəetmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqini təmin edir;

3.0.25. rəqəmsal idarəetmə istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

3.0.26. informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi sahəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir;

3.0.27. internet informasiya ehtiyatlarında yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinin qarşısının alınması üzrə Nazirliyin aidiyyəti struktur bölmələri ilə birgə qanunvericiliklə müəyyən olunmuş tədbirlər görür;

3.0.28. nazirliyin informasiya təhlükəsizliyi sistemi ilə təmin edilməsini və informasiya resurslarından etibarlı istifadə edilməsini təmin edir;

3.0.29. mövcud olan informasiya daşıyıcıları, informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə mövcud təhdidlər, baş vermiş insidentlər barədə məlumatların toplanması, təhlili və sistemləşdirilməsini həyata keçirir;

3.0.30. nazirliyin informasiya ehtiyatlarında ediləcək dəyişikliklərlə bağlı qərarların qəbul edilməsində və risklərin idarə edilməsi üzrə fəaliyyətlərin müzakirəsində iştirak edir;

3.0.31. risklərin idarə olunmasını, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi və təkmilləşdirilməsini, informasiya təhlükəsizliyinin davamlılığı təmin edir;

4. Şöbənin hüquqları

4.0. Şöbə aşağıdakı hüquqlara malikdir:

4.0.1. nazirlikdə ictimaiyyətlə əlaqələr və rəqəmsal idarəetmə sahəsində siyasətin formalaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

4.0.2. vəzifə funksiyalarının icrası ilə əlaqədar Nazirliyin struktur bölmələrindən, tabeliyində olan qurumlardan və digər dövlət orqanlarından zəruri məlumat və sənədləri almaq;

4.0.3. nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyaların, işçi qruplarının, konfransların və beynəlxalq tədbirlərin işində iştirak etmək;

4.0.4. nazirliyin fəaliyyətinin rəqəmsallaşdırılması, yeni elektron xidmətlərin yaradılması və informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı layihələrdə iştirak etmək;

4.0.5. kibercinayətkarlığa qаrşı tехniki tədbirlərin görülməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

4.0.6. sahə üzrə mütəxəssislərin hazırlanması, ixtisasının artırılması və təlimlərin keçirilməsi ilə bağlı təkliflər vermək;

4.0.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir.

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbənin və ona tabe olan “Rəqəmsal idarəetmə sektorunun” fəaliyyətinə rəhbərlik edir, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdiri olmadıqda, onun səlahiyyətlərini nazir tərəfindən müəyyən edilmiş qaydada şöbənin əməkdaşlarından biri və ya nazirin müəyyən etdiyi digər şəxs icra edir.

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

5.5. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətlərini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.5.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;

5.5.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;

5.5.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir, şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması üçün səlahiyyətləri çərçivəsində lazımi tədbirləri görür;

5.5.10. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.5.11. şöbəni təmsil edir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

6. Rəqəmsal idarəetmə və informasiya təhlükəsizliyi sektorunun vəzifələri

6.0. Rəqəmsal idarəetmə və informasiya təhlükəsizliyi sektorunun vəzifələri aşağıdakılardır:

6.0.1. nazirliyin informasiya və proqram təminatının fasiləsiz fəaliyyətini və təkmilləşdirilməsini təmin edir;

6.0.2. nazirliyin informasiya təhlükəsizliyini təmin edir, bu sahədə riskləri qiymətləndirir və monitorinqlər aparır;

6.0.3. informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi sahəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir;

6.0.4. internet informasiya ehtiyatlarında yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinin qarşısının alınması üzrə Nazirliyin aidiyyəti struktur bölmələri ilə birgə qanunvericiliklə müəyyən olunmuş tədbirlər görür;

6.0.5. nazirliyin informasiya təhlükəsizliyi sistemi ilə təmin edilməsini və informasiya resurslarından etibarlı istifadə edilməsini təmin edir;

6.0.6. mövcud olan informasiya daşıyıcıları, informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə mövcud təhdidlər, baş vermiş insidentlər barədə məlumatların toplanması, təhlili və sistemləşdirilməsini həyata keçirir;

6.0.7. nazirliyin informasiya ehtiyatlarında ediləcək dəyişikliklərlə bağlı qərarların qəbul edilməsində və risklərin idarə edilməsi üzrə fəaliyyətlərin müzakirəsində iştirak edir;

6.0.8. risklərin idarə olunmasını, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi və təkmilləşdirilməsini, informasiya təhlükəsizliyinin davamlılığı təmin edir;

6.0.9. elektron sənəd dövriyyəsinin və elektron imza sistemlərinin tətbiqini və idarə edilməsini təmin edir;

6.0.10. nazirliyin kompüter və şəbəkə infrastrukturunun texniki dəstəyini həyata keçirir;

6.0.11. yeni informasiya texnologiyalarının tətbiqi, proqram təminatının yenilənməsi və müvafiq lisenziyaların alınması üzrə təkliflər hazırlayır;

6.0.12. nazirliyin struktur bölmələrində kompüter və buraxılış nəzarət sistemlərin idarə edilməsini təşkil edir, kompüterlərin giriş-çıxış portlarına və elektron poçt ünvanlarına nəzarəti təmin edir;

6.0.13. elektron imza vasitələrinin istifadəçiyə çatdırılmasını təşkil edir;

6.0.14. elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının portallara inteqrasiyasını həyata keçirir və yeni xidmətlərin yaradılması üzrə təkliflərlə çıxış edir;

6.0.15. nazirliyin struktur vahidlərində mövcud olan informasiya sistemlərinin, texniki avadanlıqların işlək vəziyyətdə olmasını və texniki nasazlıqların, sistemdaxili və sistemlərarası qırılmaların, donmaların və xətaların aradan qaldırılmasını təmin edir, mövcud şəbəkə avadanlıqlarının texniki hissələrinin təmir edilməsi və ya dəyişdirilməsi, o cümlədən profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə müvafiq şəxslərlə (fiziki və hüquqi şəxslərlə) qarşılıqlı əməkdaşlıq edir;

6.0.16. nazirliyin elektron xidmətlərinin təkmilləşdirilməsi və vətəndaşlara təqdim olunan xidmətlərin rəqəmsallaşdırılması üzrə təkliflər verir;

6.0.17. rəqəmsal idarəetmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqini təmin edir;

6.0.18. fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.