Azərbaycan Respublikası Energetika Nazirliyinin

Enerji səmərəliliyi şöbəsi haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) Enerji səmərəliliyi şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak edən Nazirliyin aparatının müstəqil struktur bölməsidir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunları, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra - Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

    2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edilməsi;

2.0.2. enerji resurslarından səmərəli istifadə və  enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsi və bu sahədə dövlət maraqlarının qorunmasının təmin edilməsi;

2.0.3. müvafiq sahənin inkişafının təmin edilməsi üçün təkliflərin verilməsi;

2.0.4. müvafiq sahədə normayaratma fəaliyyətinin həyata keçirilməsində iştirak edilməsi.

    3. Şöbənin vəzifələri

3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. müvafiq sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, strategiyaların, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.2. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) ilə müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə nəzarəti həyata keçirir;

3.0.3. Qanuna uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatının verilməsi məqsədilə müvafiq tədbirlər görür, habelə enerji idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsində iştirak edir;

3.0.4. Qanuna uyğun olaraq müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;

3.0.5. enerji auditorları və enerji auditi üzrə təşkilatların reyestrini aparır və mütəmadi yenilənməsini təmin edir;

3.0.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyən edir və bu sahədə müvafiq tədbirləri səlahiyyətləri daxilində həyata keçirir;

3.0.7. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflər verir;

3.0.8. enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsi və mütəmadi yenilənməsi ilə bağlı tədbirlər görür, habelə enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyəti və inkişafına dair hesabat hazırlayır;

3.0.9. müvafiq sahə üzrə normativ hüquqi və texniki aktların hazırlanmasında iştirak edir;

3.0.10. müvafiq sahənin inkişaf dinamikasını təhlil edir və hesabatlar hazırlayır;

3.0.11. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir;

3.0.12. müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlər, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıq edir;

3.0.13. müvafiq sahə üzrə maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsində iştirak edir;

3.0.14. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.0.15. şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

3.0.16. şöbənin fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;

3.0.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

 

  4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. fəaliyyət istiqamətləri ilə bağlı təhlillər aparmaq;

4.0.2. fəaliyyət istiqamətləri üzrə rəy vermək, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar, hesabatlar hazırlamaq;

4.0.3. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. fəaliyyət istiqamətləri üzrə əməkdaşların peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;

4.0.5. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıqda iştirak etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;

4.0.7. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

4.0.8. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək barədə təkliflər vermək;

4.0.9.  fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş  digər hüquqları həyata keçirmək.

 

    5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbə nazirin əmri ilə yaradılır və ləğv edilir. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna İqtisadi sahələrdə və ev təsərrüfatlarında enerji səmərəliliyi sektoru və Enerji səmərəliliyi siyasəti və hesabatlılıq sektoru daxildir.

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini həyata keçirir.

5.5. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

5.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.6.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.6.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.6.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.6.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.6.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;

5.6.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;

5.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.6.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.6.10. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.6.11. şöbəni təmsil edir.

5.7. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

6. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

6.1. İqtisadi sahələrdə və ev təsərrüfatlarında enerji səmərəliliyi sektorunun vəzifələri aşağıdakılardır:

6.1.1. qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun gələn qeyri-yaşayış binalarında və təsərrüfat subyektlərində məcburi enerji auditinin keçirilməsinə nəzarət edir;

6.1.2. aparılan enerji auditlərinin nəticələrinə dair hesabatları yoxlayır, hesabatlarda aşkar edilmiş çatışmazlıqlar və uyğunsuzluqlarla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

6.1.3. enerji auditorlarına ixtisas attestatının verilməsi ilə bağlı tədbirlərdə iştirak edir;

6.1.4. enerji auditorları və enerji auditi üzrə təşkilatların reyestrinin aparılmasında və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsində iştirak edir;

6.1.5. Qanunun 8-ci maddəsi ilə müəyyən edilən meyarlara uyğun gələn qeyri-yaşayış binalarında və təsərrüfat subyektlərində enerji idarəçisinin (menecerinin) təyin edilməsində iştirak edir;

6.1.6. enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsi və mütəmadi yenilənməsi ilə bağlı tədbirlər görür;

6.1.7. enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabat hazırlayır;

6.1.8. maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsində iştirak edir;

6.1.9. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə dinamikanı təhlil edir, beynəlxalq təcrübəni öyrənir və müvafiq təkliflər hazırlayır;

6.1.10. müvafiq sahədə aidiyyəti üzrə normativ hüquqi və texniki aktların hazırlanmasında iştirak edir, hazırlanmasına dair təkliflər verir;

6.1.11. şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə aidiyyəti üzrə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

6.2. Enerji səmərəliliyi siyasəti və hesabatlılıq sektorunun vəzifələri aşağıdakılardır:

6.2.1. müvafiq sahə üzrə qanunvericilik aktlarının, dövlət proqramlarının, strategiyaların hazırlanmasında iştirak edir;

 6.2.2. müvafiq sahədə dövlət proqramlarının və strategiyaların icrası istiqamətində tədbirləri həyata keçirir, icrasına nəzarət edir və hesabatları hazırlayır;

6.2.3. müvafiq sahənin inkişaf dinamikasını təhlil edir, beynəlxalq təcrübəni öyrənir, təkliflər verir və hesabatlar hazırlayır;

6.2.4. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir;

6.2.5. müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlər, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıq edir;

6.2.6. müvafiq sahə üzrə maarifləndirmə və təbliğat tədbirlərini həyata keçirir;

6.2.7. müvafiq sahə üzrə şöbənin fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlayır və təqdim edir.