<

Sahibkarların nəzərinə

Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyi və "Beynəlxalq sərgi mərkəzi” MMC-nin təşkilatçılığı ilə 6-8 noyabr 2018-ci il tarixlərində Kiyev şəhərində "Beynəlxalq sərgi mərkəzi”ndə "Ukraynanın yanacaq-energetika kompleksi (YEK): müasirlik və gələcək” adlı XVI Beynəlxalq forum keçiriləcək.

Tədbir 3 formatda təşkil ediləcək. "SƏNAYEDƏ ENERGETİKA -2018” XVI Beynəlxalq ixtisaslaşdırılmış sərgisində energetika, elektrotexnika, işıq texnikası avadanlığı və cihazları, kabel-ötürücü məhsulları, müxtəlif istifadə təyinatlı avtomatlaşdırma vasitələrinin Ukrayna və xarici ölkə nümunələri təqdim ediləcəkdir;

«MINING INDASTRY EXPO — 2018» dağ-mədən sənayesinin III Beynəlxalq ixtisaslaşdırılmış sərgisi qazma, karyer, qazmaçı texnikası və avadanlıqları, dağ-zənginləşdirici avadanlığı, dağ nəqliyyatı, eləcə də dağ-mədən və kömür sənayesi üçün avtomatlaşdırma və həyat təminatı sistemlərinin təqdimatına həsr olunub;

"NEFTEQAZEKSPO-2018” III BEYNƏLXALQ İXTİSASLAŞDIRILMIŞ SƏRGİSİ neft və təbii qazın kəşfiyyatı, hasilatı, nəqli, emalı və saxlanılması üçün effektiv texnologiya, avadanlıq və xidmətləri təqdim edəcəkdir;

Forum çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Ukrayna YEK” sənaye ekspozisiyası yanacaq-energetika üzrə dövlət şirkətlərinin inkişafına dair nailiyyətlərdən və strateji perspektivlərdən ibarətdir.

Forumda Ukrayna ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olan iş adamlarının və qurumların iştirakı arzuolunandır.