<

Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Əvvəlcə birgə foto çəkdirilib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev toplantıda nitq söyləyib. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün toplantılarında iştirak edən Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçi, ABŞ və Birləşmiş Krallıq hökumətlərinin təmsilçilərini, layihəyə üzv olan ölkələrdən – Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliyadan olan yüksək səviyyəli hökumət rəsmilərini, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro, tədbirə ilk dəfə qatılan Rumıniya və Türkmənistan, eləcə də beynəlxalq maliyyə təsisatlarının nümayəndələrini salamlayıb. Təkcə “Cənub Qaz Dəhlizi” layihəsinə deyil, 1990-cı illərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji təhlükəsizliyi ilə bağlı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi digər layihələrə verdiyi davamlı dəstəyə görə ABŞ və Birləşmiş Krallıq hökumətlərinə, Məşvərət Şurasının yaradılması təşəbbüsünə qoşulmasına və layihəyə verdiyi böyük töhfəyə görə Avropa Komissiyasına minnətdarlığını çatdırıb. “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının güclü əzmi olmadan layihənin icrası mümkün olmazdı deyən dövlət başçısı bildirib ki, belə geniş formatda iştirak, qlobal, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və regionda beynəlxalq əməkdaşlığı gücləndirəcək layihələr həyata keçirən çox güclü və səmərəli komanda yaratmağa nail olduğumuzu göstərir.

Azәrbaycan Prezidenti İlham Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi indiyədək çox uğurlu olan və ölkəmizə öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Dövlət başçısı hökumətin enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırdığını, bununla da iqtisadiyyatın uzunmüddətli davamlı inkişafını təmin etdiyini qeyd edib: “Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra - 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq”.

Prezident İlham Əliyev qeyd edib ki, 1994-cü il faktiki olaraq tariximizdə, Azərbaycanda və dünyada neftin inkişafı tarixində dönüş nöqtəsi olub: “Bu, həmçinin Azərbaycanı dünya ictimaiyyətinə təqdim etdi, iqtisadiyyatımıza, xüsusilə də ilkin mərhələdə neft və qaz sektoruna nəhəng investisiyaların qoyulması üçün qapı açdı və Azərbaycanın etibarlı tərəfdaş olduğunu və investorlar üçün maksimum dərəcədə əlverişli investisiya mühiti yaratmaq iqtidarında olduğunu nümayiş etdirdi. Mən sadəcə olaraq xatırlatmaq istərdim ki, bizim bütün əsas neft və qaz müqavilələrimiz parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun kimi imzalanır. Bu da investorların investisiyalarına maksimum təminat verir.”

1996-cı ildə “Şahdəniz” qaz kondensatı layihəsi üzrə müqavilənin imzalanmasının da ölkəyə milyardlarla investisiya cəlbinə kömək etdiyi, beləliklə də Azərbaycanın neft istehsal və ixrac edən ölkədən qaz istehsal və ixrac edən ölkəyə də çevrildiyi qeyd olunub. “Bu gün bu iki əsas enerji layihəsi regional əməkdaşlıqla bağlı məsələlərdə mühüm rol oynayır. Bu, regionları və qitələri birləşdirən əsas kəmər infrastrukturunun tikintisini stimullaşdırdı. Bu gün bu iki meqalayihə regionda və Avropada enerji təchizatını şaxələndirməyə kömək edir. Sonra dənizə çıxışı olmayan ölkə kimi beynəlxalq bazarlara çıxışımız olmadığından, biz kəmərlər tikməli olduq və bunun üçün bizim artıq regional əməkdaşlığa ehtiyacımız yarandı. Düşünürəm ki, bu da planlarımızı yaxşı nümayiş etdirdi. Beləliklə, Bakı ilə Gürcüstanın Supsa dəniz limanını birləşdirən ilk kəmər 1990-cı illərin sonunda açılaraq xam neft nəql edən kəmərlə Xəzər dənizi ilə Qara dəniz arasında ilk bağlantı yaratdı. Lakin bu, yetərli deyildi, çünki bizim neft ehtiyatlarımızın tam şəkildə işlənməsi üçün bu kəmərin tutumu kifayət etmirdi. Bu səbəbdən də əsas neft kəmərinin tikintisi planlaşdırıldı və 2006-cı ildə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla açılışı oldu. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycandan deyil, Xəzər dənizinin o biri tərəfində olan - Xəzərin şərq sahillərindəki yataqlardan neft nəql etməklə artıq Azərbaycanı tranzit ölkəyə, tranzitdə etibarlı tərəfdaşa çevirir”.

Dövlət başçısı 2007-ci ilin də ölkə tarixində mühüm il olduğunu qeyd edib: “Çünki Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra bizim qazımız Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı. Biz “Şahdəniz” yatağının işlənilməsinin yeni mərhələsi üçün yeni imkanların yaradılması yollarını müzakirə edirik. Əlbəttə ki, bizim qazımızı Türkiyə və Avropaya ixrac etmək üçün diametri daha böyük olan kəmərə ehtiyacımız var idi və 2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə Trans-Anadolu – TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzaladı. Düşünürəm ki, bu tarix regional inkişaf, əməkdaşlıq bizim ölkələrimiz üçün iqtisadi faydalara güclü təsir göstərəcək. Çünki bu da müasir tarixdə dönüş nöqtəsi oldu. TANAP Cənub Qaz Dəhlizinin fundamental elementlərindən biridir və 2012-ci il faktiki olaraq, “Şahdəniz-2”yə əsas investisiyalara qapı açdı. Çünki bundan sonra - 2013-cü ildə “Şahdəniz-2”yə investisiya yatırmaqla bağlı qərar qəbul olundu. TANAP olmadan bu mümkün olmazdı. 2013-cü il Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu. Beləliklə, bu, görülən işlərin qısa tarixçəsidir. Əlbəttə, bu tarixçə onu göstərir ki, biz 20 ildən çoxdur Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub”.

Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişin olduğunu vurğulayan Prezident layihənin gedişatı barədə məlumatları diqqətə çatdırıb. Bildirilib ki,  “Şahdəniz-2” yatağı üzrə işlərin 99 faizdən çoxu, Cənubi Qafqaz Boru Kəməri ilə bağlı işlərin təxminən 95 faizi tamamlanıb.  TANAP-ın icrası 95 faizə yaxınlaşır, bir il əvvəl bu, 70 faizə yaxın olub. TAP-ın icrası bir il əvvəlki 34 faizlə müqayisədə 70 faizə yaxın, ola bilsin ki, 66-67 faiz tamamlanıb. “Bu, onu göstərir ki, 2017-ci il bəlkə də layihənin icrasında həlledici il olub və hazırda biz yekunlaşmağa çox yaxınıq. Mən, həmçinin bildirmək istərdim ki, 20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlıq həqiqətən də regionumuzda və Avropada enerji sahəsində inkişafda mühüm rol oynayıb. Çünki bu regional əməkdaşlıq təkcə nəhəng, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinə yol açmayıb, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı və çox səmimi əməkdaşlıq yaradıb”, deyə dövlət başçısı  Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsi olan yeni layihənin - Bakı-Tbilisi-Qarsın  əhəmiyyətindən də danışıb.

“Şahdəniz” in  hələki Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu, lakin  Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində  aparılan işlərin,  “Abşeron”, “Ümid”, “Babək” “Dan ulduzu” və “Əşrəfi”. Yataqlarının gələcəkdə əlzvə həcmləri təmin edəcəyini qeyd edən Prezident İlham Əliyev deyib ki, Azərbaycanın  qaz ehtiyatları  söylənilən rəqəmlərdən daha çoxdur. “Təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur - 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən xeyli çox olur. Məsələn, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 500 milyon tondan bir qədər çox qiymətləndirilirdi. Təvazökarlıqla desək, hazırda bu rəqəm iki dəfə çox - 1 milyard tona yaxındır. Düşünürəm və ümid edirəm ki, qaz yataqlarında da eyni mənzərənin şahidi olacağıq. Ona görə də Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdəbiri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır.”

Prezident Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi layihəsi kimi əhəmiyyətindən və faydalarından də bəhs edib. “Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın. Bu səbəbdən, başlanğıcda bizim əsas məqsədimiz istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yaxşı balansın tapılmasıdır. Yalnız bu halda biz uğur qazana bilərik və layihənin uğurlu icrası bizim doğru yolda olduğumuzu göstərir. İstehsalçıların və ya istehsalçının, – hələ ki, cəmi bir istehsalçı var - Azərbaycan, – tranzit ölkələrin və istehlakçıların maraqları tam şəkildə nəzərə alınır və Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və Cənub Qaz Dəhlizinin üzvü olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır.”

“Cənub Qaz Dəhlizi” layihəsinin  ölkəmizə  gətirdiyi yeni faydalardan danışarkən dövlət başçısı bildirib ki,  Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox, ümumi daxili məhsul 3,2 dəfə artıb. Əhalinin 1,5 milyon nəfər artmasına baxmayaraq, işsizlik səviyyəsi çox aşağı – 5 faizdir. Yoxsulluq səviyyəsi 5,4 faizdir, savadlılıq səviyyəsi 100 faizə yaxındır. İqtisadiyyatı şaxələndirmək üçün insan kapitalına investisiya yatırılıb, iş yerləri açılıb,  müasir infrastruktur layihələri həyata keçirilib. yaratmışıq. 2018-ci il yanvar ayının nəticələrinə görə iqtisadi artım 4 faizə yaxın olub. Yanvarda sənayenin  qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir.

Avropanın uzunmüddətli enerji layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsinin ölkələrə müsbət nəticələr verəcəyinə əminliyini ifadə edən Prezident  gələn ilə qədər Cənub Qaz Dəhlizinin 3 mühüm seqmentinin  işə salınacağını və Azərbaycan qazının öz bazarlarına çıxış əldə edəcəyini deyərək iştirakçıları Məşvərət Şurasının beşinci toplantısına dəvət edib.  

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasında iştirakına, dərin məzmunlu çıxışına  görə dövlət başçısına təşəkkürünü çatdırıb. “Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının keçirilməsi təşəbbüsü ilə dörd il bundan əvvəl çıxış etdiyiniz üçün Məşvərət Şurasının adından Sizə dərin minnətdarlığımızı bildirmək istəyirəm. Bu forum iştirakçılara əməkdaşlığı inkişaf etdirmək və nəticələrə nail olmaq imkanı yaradıb. Cənab Prezident, biz Avropa, Azərbaycan və digər iştirakçı ölkələrin təhlükəsizliyini və inkişafını artıracaq Cənub Qaz Dəhlizinin yaradılmasında Sizin baxışınızı xüsusilə qiymətləndiririk.”

Daha sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış edib. O, Məşvərət Şurası formatınının seçilməsinin vaxtında atılmış doğru addım kimi qiymətləndirib. “Biz layihənin gedişatını qiymətləndirmək, problemləri vaxtında aşkar etmək və vaxtında həll etmək üçün müntəzəm olaraq qarşılıqlı əlaqədə olmalıyıq və toplantılar keçirməliyik. Hesab edirəm ki, dörd il davam edən bu sıx əməkdaşlıq açıq-aydın sübuta yetirdi ki, bu, çox düzgün seçim idi. Çünki layihənin gedişatı həqiqətən də çox təsirləndiricidir. Biz bilirik ki, bu dörd illik müddət asan olmamışdır. Biz qlobal enerji bazarında yeni dinamizmi müşahidə etdik, biz enerji qiymətlərinin dəyişdiyini gördük, biz İkinci Dünya müharibəsindən bəri hələ də ən böyük iqtisadi böhranın öhdəsindən gəlirik. Biz, həmçinin tarixi Paris müqaviləsinin imzalanmasına gətirib çıxaran iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün yeni yolları nəzərdən keçiririk.”

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidentinin sözlərinə görə  layihə Avropada  çoxsaylı ölkələr üçün  Mərkəzi,  Şərqi Avropa  və Qərbi Balkan ölkələri üçün cəlbediciliyi artıb.” Buna görə, bu layihənin ötən ilin noyabr ayında qəbul olunan Şərq Tərəfdaşlığı Sammitinin Bəyannaməsində strateji əhəmiyyət daşıyan layihə kimi göstərilməsi də çox aydın idi. Avropa İttifaqı adından biz bu uzun boru kəmərinin bütün əsas komponentlərinin ümumi maraq dairəsi statusuna malik olan layihə çərçivəsində işlənilməsini və Avropa qurğularının birləşməsindən faydalanmasını təmin etməklə bu layihənin strateji əhəmiyyətini vurğulamaq istəyirik. Çox şadam ki, bir neçə gün bundan əvvəl Avropa İnvestisiya Bankının bu layihəyə maliyyə vəsaiti ayıracağı təsdiqləndi. Səhv etmirəmsə, bu, Avropa İnvestisiya Bankının tarixində bir layihəyə ayrılmış ən böyük maliyyə dəstəyidir.”

Maroş Şevçoviç deyib ki,  Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox vacibdir və bu, gələcəkdə daha da artacaqdır. Çünki hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu - təbii qazın 69 faizini və neftin 89 faizini idxal edir. Hazırda enerji resurslarının əsas hissəsi Rusiya, Norveç və Əlcəzairdən idxal olunur.  Lakin yeni mənbələrə, yeni tərəfdaşlara, yeni marşrutlara və Avropadakı enerji sistemlərinə daxil olacaq yeni təchizata üstünlük verilir. “ Biz Avropa İttifaqının hər bir üzvünün və ya tərəfdaşının ən azından 3 fərqli təbii qaz mənbəyinə çıxışının olmasını istəyirik. Çünki biz yüksək keyfiyyətli enerji təhlükəsizliyinin bu cür olacağını başa düşürük. Buna görə də biz bir neçə il bundan əvvəl Bolqarıstanın energetika naziri Temenujka Petkova və Baş nazir Boyko Borisovla Mərkəzi və Şərqi Avropa üzv ölkələrinin əməkdaşlığına başladıq və biz orada belə bir qərara gəldik ki, daha da dayanıqlı bazar, daha münasib qaz qiymətləri üçün ən yaxşı variant bir neçə bağlayıcı qurğu vasitəsilə ilə ölkələrimizi birləşdirməkdir. Bu, bağlayıcılarda ikiistiqamətli axın olacaq, bizim sistemlərə daha çox universallıq və Avropa İttifaqı daxilində təbii qazın necə çatdırılmasında daha da yaxşı imkan və seçimlər verəcək. Çünki Mərkəzi və Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələri ilə müqayisədə təbii qaza görə hələ də bir az baha qiymət ödəyirlər. Bu məsələyə düzəliş edilməlidir və biz daha yaxşı infrastruktur inkişafı vasitəsilə bu problemi əlbəttə ki, aradan qaldırmaq istəyirik. Buna görə də gələcəkdə biz Xəzər regionundan, Azərbaycandan gələn təchizata çox güvənirik. Biz, həmçinin Avropa İttifaqına yekun mayeləşdirilmiş təbii qaz təchizatını qəbul etməkdən ötrü imkanlarımızı yaxşılaşdırmaq üçün gərgin çalışırıq. Biz qlobal bazarlara çıxışa təminat verəcək mayeləşdirilmiş təbii qaz infrastrukturumuzu tamamlayırıq.”

2018-ci ilin  Cənub Qaz Dəhlizinin həyata keçirilməsində həlledici il hesab edən vite-prezident  bu ilin sonuna kimi  ilk qazın Azərbaycandan Türkiyəyə nəql olunacağını gözlədiklərini söyləyib. Xəzər hövzəsindən gələn qazın 2020-ci ilə qədər Avropaya çatdırılacağına ümidlərini ifadə edib.

Daha sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı işini plenar sessiya ilə davam etdirib.

Energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışaraq,  bu layihənin uğurla icra olunduğunu bildirib. Cənub Qaz Dəhlizinin seqmentlərinin “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri olduğunu deyən Pərviz Şahbazov bütün seqmentlər üzrə işlərin cədvələ uyğun getdiyini söylədi, bu tədbirlərin həm də layihəni əhatə edən ölkələrdə sosial-iqtisadi inkişafa təkan verdiyiyib, yeni iş yerlərinin yaratdığını diqqətə çatdırdı. Vurğulayıb ki, bu layihənin icrası Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentləri üzrə işlər tamamlanıb. TANAP layihəsinin bu il istifadəyə veriləcəyini deyən Berat Albayrak vurğulayıb ki, ötən aydan boru kəmərinə sınaq məqsədilə təbii qaz vurulub. Türkiyəli nazir deyib ki, Aralıq dənizinin karbohidrogen resurslarının da gələcəkdə TANAP və TAP layihələri ilə Avropa bazarına çatdırılma imkanları mövcuddur. Bu layihənin reallaşması cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyi, ortaya qoyduqları güclü siyasi iradə nəticəsində mümkün oldu. İyun ayında nəql olunacaq ilk qaz 2020-ci ildə Avropaya çatacaq və bununla da layihə yekunlaşmış olacaq.

Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili son illərdə Cənub Qaz Dəhlizinin reallaşdırılması sahəsində görülən işlərin əhəmiyyətini qeyd edib, bu layihə ilə bağlı ölkəsində həyata keçirilən tədbirlərdən bəhs edib. O, Cənub Qaz Dəhlizinin Gürcüstanın inkişafında müstəsna rola malik olduğunu vurğulayıb. Dmitri Kumsişvili layihənin icrası ilə bağlı tərəfdaş ölkələrin göstərdiyi səyləri yüksək qiymətləndirib.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto enerji marşrutlarının şaxələndirilməsinin əhəmiyyətinə toxunaraq bu baxımdan Cənub Qaz Dəhlizinin və onun seqmentlərinin Avropa İttifaqı üçün önəmini vurğulayıb. “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji enerji layihəsidir”, - deyən İvan Skalfarotto əsas seqmentlərdən biri olan TAP kəmərinin İtaliya və Balkan regionu üçün əhəmiyyətini vurğuladı. İtaliyalı nazir müavini ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsinə güclü siyasi dəstəyini bir daha ifadə edib.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnio bildirib ki, Amerika Birləşmiş Ştatları hökuməti Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsini hər zaman qəti şəkildə dəstəkləyib. Bu layihəni böyük nailiyyət adlandıran Birləşmiş Ştatların nümayəndəsi vurğulayıb ki, Amerika bundan sonra da dəhliz boyunca bütün tərəfdaşlarla, o cümlədən Azərbaycanla işləyəcək və Avropa Komissiyası ilə bu istiqamətdə işbirliyini davam etdirəcək.

Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihə Avropanın enerji təhlükəsizliyi və mənbələri şaxələndirmək baxımından mühüm əhəmiyyətə malikdir. Bu sözləri isə Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolson deyib. Bildirib ki, gələcəkdə interkonnektorların tikilməsi Azərbaycan qazının təkcə “Cənub Qaz Dəhlizi” layihəsində iştirak edən ölkələrə deyil, eyni zamanda, digər ölkələrə də çatdırılmasına imkan yaradacaq. Emma Nikolson Azərbaycanın Avropa qaz bazarında etibarlı təchizatçı olduğunu dedi, Birləşmiş Krallıqla Azərbaycan arasında, həmçinin BP ilə SOCAR arasında enerji əməkdaşlığından qürur duyduqlarını söylədi. “Digər Britaniya şirkətlərinin də Azərbaycanda işləməsində maraqlıyıq”, - deyən Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ölkəmizdə BP və tərəfdaşları üçün əlverişli imkanların yaradıldığını vurğulayıb.

Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı layihə ilə bağlı hazırkı vəziyyəti və qarşıda duran məsələləri müzakirə etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Türkmənistan Prezidentinin müşaviri layihənin bütün seqmentləri üzrə irəliləyişlərin olduğunu da vurğulayıb.

“Cənub Qaz Dəhlizi BP-nin ən nəhəng layihələrindən biridir. Xəzər qazını Avropaya çatdıracaq bu layihədə ölkələr arasında birgə əməkdaşlıq qurulub”, - deyən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz vurğulayıb ki, BP SOCAR-la birgə Xəzərdən Avropanın mərkəzinə uzanan bu meqalayihəyə sərmayə qoymaqdan qürur duyur. O, deyib ki, BP Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan 4 layihədən 2-nin - “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin operatorudur və bu layihələr üzrə işlər cədvələ uyğun gedir. İlk qazın nəql olunması üçün işlərin 99 faizi artıq tamamlanıb. Layihənin icrası zamanı təhlükəsizliyin təmin olunması, ətraf mühitin qorunması təqdirəlayiqdir. BP-nin 25 ildir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini deyən Qəri Counz bu illər ərzində şirkətin Azərbaycan hökuməti, SOCAR və digər qurumlarla sıx əməkdaşlıq etdiyini söylədi. Qəri Counz BP-nin Azərbaycanda digər layihələri də həyata keçirməkdə maraqlı olduğunu bildirib.

TANAP-ın baş direktoru Saltuk Düzyol Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının əhəmiyyətinə toxunub, tədbirin yüksək səviyyədə təşkil edildiyinə görə minnətdarlığını bildirib. Rəhbərlik etdiyi layihə barədə məlumat verən Saltuk Düzyol  deyib ki, TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissələrindən biridir. Onun sözlərinə görə, bu boru kəmərinin ötürücülük gücü gələcəkdə daha da artacaq. Saltuk Düzyol layihə çərçivəsində indiyədək görülən işlərdən danışıb. Bildirib ki, kəmərin 1340 kilometrlik hissəsi artıq tamamlanıb və qaz Əskişəhərə çatdırılıb. Bu ilin iyulunda kommersiya məqsədilə ilk qazın Türkiyəyə verilməsi nəzərdə tutulur. Layihənin ilk fazası üzrə işlərin 99 faizi icra edilib, ikinci fazada isə 80 faiz irəliləyişə nail olunub. Boru kəmərinin dəniz hissəsində işlər tamamlanıb. Çox yaxşı bir nöqtədəyik. Sistemli qaz almağa başladıq. Hər şey rəvan gedir. Toplantının önəmi böyükdür, burada görüşüb perspektivləri müzakirə edirik. Avropa İttifaqı da bu layihənin icrasında böyük dəstək olur. Bu layihənin uğurlu olması üçün siyasi dəstək də önəmlidir. Dövlətlərin bu dəstəyini gördük.

TAP-ın icraçı direktoru Luka Şipati Azərbaycan hökumətinin və tərəfdaşların TAP layihəsinin reallaşmasına göstərdikləri qətiyyətli dəstəyi xüsusi qeyd edib. Cənub Qaz Dəhlizinin strateji əhəmiyyət daşıdığını deyən Luka Şipati TAP layihəsi üzrə işlərin artıq üçdə ikisinin tamamlandığını, boruların hamısının sahələrə çatdırıldığını və 82 faizinin qaynaqlandığını bildirib. O, layihə üzrə işlərin digər fazaları barədə də geniş məlumat verib. “TAP cədvələ uyğun icra edilir və təhlükəsizlik bu layihənin əsas prioritetidir”, - deyə icraçı direktor bildirib.  Onun sözlərinə görə, TAP strateji əhəmiyyətli bir layihədir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, karbohidrogen resurslarına olan tələbatı ödəyəcək. Dövlətlərin dəstəyi ilə 2020-ci ildə Azərbaycan qazı Avropaya nəql olunacaq.

Bolqarıstanın energetika naziri Temenuzhka Petkova isə çıxışında bildirib ki, Bolqarıstan və Avropa İttifaqı bu layihənin həyata keçirilməsini çox yüksək qiymətləndirir. Bu, təkcə Bolqarıstanın deyil, Avropanın enerji təhlükəsizliyinin təminatıdır. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu inkişafı Avropanın qazla təminatı deməkdir.

Xorvatiyanın Ətraf mühit və energetika nazirliyinin dövlət katibi İvo Milatiç, Bosniya və Herseqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müşaviri Nedo Kapetina və  Rumıniyanın energetika nazirinin müavini Yuliyan Robert Tudorake interkonnektorlar vasitəsilə “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi perspektivlərindən bəhs edən nitq söyləyiblər.

Asiya İnkişaf Bankı,  Avropa Yenidənqurma və İnkişaf  Bankı,  Avropa İnvestisiya Bankı,    Almaniya İnkişaf Bankı (KfW), Dünya Bankı və Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin nümayəndələrinin iştirakı ilə   “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusunda müzakirələr aparılıb.  Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə”, eləcə də “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında Niyyət məktubları imzalanıb.

Digər xəbərlər