- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika nazirinin müavini Abu-Dabidə “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə iştirak edib
BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə ölkəmizi energetika nazirinin müavini Samir Vəliyev təmsil edib. Nazir müavini “Kommunal xidmətlərin gələcəyinin formalaşdırılması: inkişaf etməkdə olan iqtisadiyyatlarda enerji əlçatanlığı ilə artım arasında tarazlığın yaradılması” mövzusunda panel müzakirəsində iştirak edib.
Azərbaycanın region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını deyən nazir müavini bildirib ki, ölkəmiz daxili enerji tələbatını tam şəkildə ödəməklə yanaşı, enerji keçidinə dair konkret hədəflərlə daha dayanıqlı enerji gələcəyinə doğru irəliləyir. Ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-ə çatdırılması ilkin hədəf olaraq müəyyən edilsə də hazırkı inkişaf tempi nəzərə alınmaqla bu göstəricinin 2027-ci ildə 33.7%, 2030-cu ildə 37.9%, 2035-ci ildə isə 42.5%-ə çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib.
Bildirilib ki, yaxın illərdə reallaşdırılacaq günəş və külək enerjisi layihələri üzrə 6.7 milyard kVt·saat elektrik enerjisi istehsalı, ildə 1.5 milyard kubmetr təbii qaz qənaəti və 3.2 milyon ton istixana qazı emissiyasının azaldılması hədəflənir. COP29-a sədrlik edən ölkə qismində Azərbaycan tərəfindən irəli sürülmüş yaşıl enerji dəhlizlərinin və zonalarının yaradılması, enerji saxlanc sistemlərinin və elektrik şəbəkələrinin gücləndirilməsi, həmçinin yaşıl hidrogeni əhatə edən 3 təşəbbüsün qlobal olaraq enerji keçidini sürətləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıdığı vurğulanıb.
Nazirlər panelində enerji təhlükəsizliyi, təmiz və etibarlı enerjiyə çıxış, maliyyə resurslarına çıxışın genişləndirilməsi, bərpa olunan enerji texnologiyalarının təşviqi və enerji sistemlərinin dayanıqlığının artırılması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.