<

20 Oktyabr Energetiklər Günü münasibətilə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində “Azərbaycan energetikasında yaşıl era” adlı məqaləsi dərc olunub.

Azərbaycan energetikasında yaşıl era

Bu il 20 Oktyabr - Energetiklər Günü ölkəmiz üçün əlamətdar bir tarixə təsadüf edir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi Azərbaycan bu mötəbər tədbirə yüksək məsuliyyətlə hazırlaşmaqdadır. Bu, böyük bir regionda ilk COP tədbiridir. Belə bir qlobal əhəmiyyətli tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması beynəlxalq ictimaiyyətin ölkəmizə olan hörmət və etimadının, ətraf mühitin qorunması, həmçinin iqlim və dayanıqlı inkişaf məqsədli enerji keçidi üzrə fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Bu nailiyyət qlobal reallıqlar mühitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir çağırışlara çevik reaksiyasının və “yaşıl enerji”yə keçidi ölkəmizin yeni strateji inkişaf dövrünün əsas hədəf istiqamətinə çevirməsinin nəticəsidir. Tarixən enerji ölkəsi olan Azərbaycan dünyada dəyişən enerji mənzərəsinə uyğun öz statusunu uğurla yeniləyərək möhkəmləndirir və neft-qaz təchizatında olduğu kimi indi də regionda “yaşıl enerji”yə transformasiyanın önündə irəliləyir. Enerji trilemmasının hər üç elementinə - enerji təhlükəsizliyi, əlçatanlıq və dayanıqlılığa cavab verən bərpa olunan enerji hazırda Azərbaycanın 2030-cu ilə olan təmiz ətraf mühit və “yaşıl artım” prioritetinin icrasının mühüm hərəkətverici qüvvəsidir. Son bir ildə elektroenergetika sistemimizin inkişafının bərpa olunan enerji mənbələrinə əsaslanan uğurları bunun bariz təsdiqidir. Ötən il ölkəmizin bərpa olunan elektrik enerjisi gücü 373,6 MVt artıb ki, burada da Xəzər və MDB regionunun ilk ən böyük və xarici sərmayə əsaslı günəş elektrik stansiyasının - “Qaradağ” GES-in xüsusi payı vardır.

Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8 415,6 MVt-a çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 324,8 MVt və ya 4% artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6 623 MVt olan 22 istilik elektrik stansiyası, 1 406,6 MVt-lıq 58 su elektrik stansiyası, 278,1 MVt gücündə 9 günəş elektrik stansiyası, 63,7 MVt gücündə 5 külək elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 792,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 21,3%-ni təşkil edir. Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 29 491 MVA olan 110-500 kV-luq 254 yarımstansiya istismardadır.

Ötən il 29,3 mlrd. kVt·st istehsal, 3,2 mlrd. kVt·st ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2023-cü ildə 23,2 mlrd. kVt·st elektrik enerjisi istehlak edilib. Elektrik enerjisi itkiləri 2,9% azaldılıb. Bu ilin 9 ayı ərzində 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 247,7 mln.kVt·st artımla 21,8 mlrd. kVt·st olub ki, burada 9 dəfədən çox günəş elektrik enerjisi istehsalı bərpa olunan mənbələrin payını 14,1%-ə yüksəldib. İxrac isə Gürcüstana 898,7 mln. kVt·st, Türkiyəyə 176,4 mln. kVt·st, Rusiyaya 137,4 mln. kVt·st və İrana 27,9 mln. kVt·st olmaqla ümumilikdə 1,2 mlrd. kVt·st təşkil edib. Elektrik enerjisinin idxalı bu dövrdə azalaraq 139,4 mln. kVt·st olub.

Növbəti illərdə elektrik enerjisinin istehsal-ixrac dinamikası əhəmiyyətli dərəcədə bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, “yaşıl enerji” növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və beynəlxalq investorlarla əməkdaşlıq kimi bütün zəruri şərtlər mövcuddur. 2027-ci ilədək təxminən 2,8 milyard ABŞ dolları həcmində  xarici və yerli investisiya hesabına 2 QVt civarında sənaye miqyaslı 8 günəş-külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması ilə bağlı planların icrası göstərir ki, Azərbaycan “yaşıl enerji” cığırı ilə sürətlə irəliləyir və bu, artıq geriyə dönməz prosesdir. Təsadüfi deyil ki, bu məqam Dünya İqtisadi Forumunun “Effektiv Enerji Keçidinin Təşviqi 2023” hesabatında da əks olunub. Hesabatda deyilir ki, Azərbaycan tənzimləmə mühitini və infrastrukturu təkmilləşdirməklə keçidə hazırlıq istiqamətində məhz aqressiv səylərinə görə 120 ölkə arasında 62 enerji keçidi indeksi ilə 32-ci yerə yüksəlib.

Bərpa olunan enerji gündəliyimizin reallaşdırılması “Yaşıl dünya naminə həmrəylik ili” və COP 29 çərçivəsində daha geniş vüsət alıb. Bu ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin  “Masdar” şirkəti ilə təxminən 1 milyard ABŞ dolları məbləğində investisiya dəyərinə və 1000 MVt ümumi gücə malik üç stansiyanın - Neftçalanın Bankə qəsəbəsində 315 MVt, Biləsuvarda 445 MVt gücündə günəş və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyalarının təməli qoyuldu. Həmçinin “ACWA Power” şirkəti ilə 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 MVt-lıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalandı. Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan və illik 160 min kVt·st elektrik enerjisi istehsalı imkanına malik ilk üzən günəş elektrik stansiyası istifadəyə verildi. Ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac prosesinə start verildi və 100 MVt gücündə “Qobustan” GES layihəsi üzrə hərracın nəticəsinin COP29 zamanı elan edilməsi nəzərdə tutulur. COP çərçivəsində icrasına təkan verilən digər bir layihə 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasıdır.  Cəbrayılda tikiləcək bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə “yaşıl enerji”nin vəhdətinin nümunəsi olacaq. Gələn il istismara veriləcək 240 MVt gücündə “Xızı-Abşeron” KES-in inşası ilə bağlı da hazırda intensiv işlər görülür. Abşeron rayonunun Pirəkəşkül kəndində və Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq 40 ədəd külək turbininin komponentləri artıq əraziyə gətirilib. 6,5 MVt-lıq ilk turbin COP29 tədbirinə qədər hazır olacaq. “Nobel Energy” şirkəti tərəfindən Cəbrayılda 100 MVt gücündə iki günəş elektrik stansiyası, “China Gezhouba Group Overseas Investment” şirkəti tərəfindən isə Füzulidə 160 MVt gücündə iki günəş elektrik stansiyasının tikintisi layihələri üzrə tədbirlər davam etdirilir. Beləliklə, növbəti 3 il ərzində istismara veriləcək bu stansiyalardan 5,3 mlrd. kVt·st elektrik enerjisinin istehsalı nəticəsində 1,2 milyard kubmetr qazın sərbəstləşməsi və 2,5 mln. tona qədər emissiyaların azalması gözlənilir. Ən əsası 2030-cu ilə 30%-lik hədəfimizi daha erkən və artıqlaması ilə yerinə yetirə biləcəyik. Başqa sözlə, artıq 2027-ci ildə elektrik enerjisinin istehsal gücündə “yaşıl enerji”nin payını 33%-ə yüksəltməyə nail olacağıq.

Bütün bunlar ölkəmizin 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç qat, enerji səmərəliliyinin iki dəfə artırılmasını nəzərdə tutan “Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədi”nə töhfələri baxımından da əhəmiyyətlidir. Ümümiyyətlə, 2030-cu il dünyada iqlim dəyişmələrinə qarşı əsas mübarizə vasitələrindən biri kimi qəbul olunan “yaşıl enerji keçidi” istiqamətində qlobal səylərin nəticəyönümlü olmasına fokuslanan həlledici ildir. Təhlillər göstərir ki, ötən il dünyada 473 QVt yeni bərpa olunan enerji güclərinin quraşdırılmasına və bu sahəyə 570 milyard ABŞ dolları investisiya qoyuluşuna görə rekord nəticələr əldə edilsə də “yaşıl enerji”yə uğurlu keçid bu göstəricilərin illik ifadədə təxminən iki dəfədən çox artırılmasını tələb edir. Yəni hər il dünyada 1,044 QVt yeni güclər istismara verilməli və bu məqsədlə investisiyalar 1,5 trilyon dollara çatdırılmalıdır. Həmçinin bu gün bərpa olunan enerjinin inkişafı qarşısında maneələrə çevrilən şəbəkələrin genişləndirilməsi, modernləşdirilməsi həyata keçirilməli və enerji saxlama imkanları artırılmalıdır. Bütün bunlar 6 il ərzində enerji keçidinə ümumilikdə 31,5 trilyon dollar investisiyanın cəlbini zəruriləşdirir.

Ölkəmizdə bərpa olunan enerji güclərinin yaradılması ilk vaxtlardan onların enerji sisteminə inteqrasiyası və şəbəkənin gücləndirilməsi tədbirləri ilə vəhdətdə həyata keçirilir ki, bu da “yaşıl enerji”nin rasional yanaşma əsasında inkişaf etdirildiyini qlobal bərpa olunan enerji sistemində müasir çağırışlar kontekstində daha aydın ifadə edir. Milli şəbəkənin imkanları ABŞ-nin “Tetra Tech”, Türkiyənin “EPRA” və İtaliyanın “CESI” şirkətlərinin təhlilləri əsasında hazırda şəbəkənin gücləndirilməsi və bərpa olunan enerjinin maksimum inteqrasiyası istiqamətində müvafiq tədbirlər görülür. Bu xüsusda, şəbəkənin gücləndirilməsi tədbirlərinin “Masdar” şirkəti tərəfindən icra edilən 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının şəbəkəyə qoşulması üçün elektrik verilişi xətlərinin, habelə 500/300 kV-luq “Nəvahi” yarımstansiyasının və əlaqələndirici xətlərin tikintisini ehtiva edən AZURE layihəsinin tərkib hissəsi kimi əsasən Dünya Bankının krediti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Həmçinin şəbəkənin gücləndirilməsi çərçivəsində 300 MVt gücündə enerji saxlanc sistemlərinin quraşdırılması qarşımızda duran həlli vacib prioritetlərdəndir. Ən son şəbəkə araşdırması göstərir ki, şəbəkənin gücləndirilməsi tədbirləri vasitəsilə 2030-cu ilə əlavə stansiyalar hesabına enerji sistemində bərpa olunan enerji güclərini 2 250 MVt-a və “yaşıl enerji”nin payını 34,7%-ə çatdırmaq mümkün ola bilər.

Burada bir məqamı xüsusilə vurğulamaq lazım gəlir. Bu da ondan ibarətdir ki, bərpa olunan enerji layihələri sırf beynəlxalq investisiyaya əsaslansa da, bu stansiyaların enerji sisteminə qoşulması kimi məsələlərdə dövlətin dəstəyi mühüm rol oynayır. Dövlət başçısının vurğuladığı kimi qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur, əksinə töhfə vermiş olur.

Bu gün Azərbaycanın “yaşıl artım” ölkəsi kimi inkişafında və 2026-cı ilədək “yaşıl enerji məkan”larının yaradılmasında müstəsna rol “yaşıl enerji zonası” modelinə məxsusdur. Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzurun modern quruculuğa, xalis sıfır emissiyalı “Yaşıl Enerji Zonası” Konsepsiyasına əsaslanan inkişafı ilə bağlı strateji qərarı bu gün dünya ölkələri üçün də faydalı olacaq unikal nümunə formalaşdırıb.

Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin “təmiz enerji” təminatının əsas mənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100% yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür. İndiyə kimi 270 MVt gücündə 32 su elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 mln. kVt·st-dan çox “yaşıl enerji”nin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024−2027-ci illərdə həyata keçirilməsi üzrə Tədbirlər Planı bu ərazilərdə daha 28 su elektrik stansiyasının tikintisini nəzərdə tutur. Onlardan ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisi aparılır. Bundan başqa KSES-lərin bərpasına özəl investisiyanın cəlb edilməsi istiqamətində Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi ilə bağlı Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” şirkəti, “Arges Enerji Team” MMC şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında ötən ilin dekabrında imzalanmış müqaviləyə əsasən Laçında kiçik su elektrik stansiyalarından birinin təməli qoyulub, digər stansiyalarla bağlı müvafiq tədbirlər görülür. 

Həmçinin bu ilin mayında açılışı olan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları, yaxın perspektivdə istifadəyə veriləcək 140 MVt gücündə su elektrik stansiyaları Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementləridir. Ümumi gücü 500 MVt olan 5 günəş, eləcə də külək elektrik stansiyalarının inşası ilə bağlı planlar üzrə investorlarla əməkdaşlığımız da bu strateji bölgəni “yaşıl enerji”nin istehsalı və ixracının mühüm mərkəzlərindən birinə çevirəcəkdir.

Məlum olduğu kimi, “yaşıl enerji” zonasının yaradılması ilə bağlı 2022-2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir. Bu çərçivədə azad olunmuş ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2000 kVt-dan çox olan günəş enerjisi sistemləri, günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik doldurma məntəqələri quraşdırılıb. Bunlar davamlı proseslərdir və bütün səylərimiz bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərimizi enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub. Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40% azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsidir.

Əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpa olunan enerji potensialına malik Naxçıvan da dövlət başçısının “yaşıl enerji” zonası təcrübəsinin bu strateji bölgədə də tətbiqi siyasətinə uyğun inkişaf etdirilir. Burada istehsalla ixrac marşrutunun yaradılmasına vəhdətdə baxılır. Təsadüfi deyil ki, Naxçıvanın 4 illik inkişafı üzrə Azərbaycan Prezidentinin müəllifi olduğu dövlət proqramı, həmçinin “yaşıl enerji” zonasının inkişafına dair Konsepsiyanın hazırlanması ilə bağlı müvafiq Sərəncamda bu məsələlərə birlikdə diqqət yetirilir. Naxçıvanda “Yaşıl Enerji Zonası” Konsepsiyasının, elektrik enerjisinin Türkiyəyə ixrac layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanılıb. Hazırda Naxçıvanda 2030-cu ilədək 1200 MVt gücündə günəş elektrik stansiyalarının reallaşdırılması üzrə “Baltech”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “TotalEnergies” şirkətləri ilə əməkdaşlıq edilir. Naxçıvandan 1000 MVt-dan çox enerjinin Türkiyə və Avropaya ixracı strateji hədəfinə uyğun olaraq “Türkiyə - Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin “Azərbaycan - Türkiyə - Avropa Yaşıl Enerji Dəhlizi”nədək inkişafı əsas prioritetlərimizdən biridir.

Bu yeni mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolunu “yaşıl elektrik enerjisi” və “yaşıl qaz”lar hesabına gücləndərən daha bir dəhlizin - “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji dəhlizi” layihəsinin həyata keçirilməsi Avrasiyada enerji əlaqələrinin yeni konfiqurasiyasını formalaşdırır. Bu dəhlizin əsas resurs mənbəyi Xəzərin nəhəng külək enerjisi potensialıdır. Bu potensialın işlənilməsi üçün “Masdar” şirkəti ilə 6 QVt, Fortescue Future Industries (FFI) şirkəti ilə 10 QVt, “ACWA Power” şirkəti ilə 1,5 QVt həcmlərində külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Hazırda dənizdə müvafiq ərazilərdə Finlandiyanın “Vaisala” şirkəti tərəfindən külək potensialının ölçülməsi işləri aparılır.

Avropaya ilkin mərhələdə 4 QVt “yaşıl enerji” tədarük edəcək, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın qoşulacağı bu iddialı layihənin texniki-iqtisadi əsaslandırmasının ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Dəhlizin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatı COP29 çərçivəsində keçiriləcək “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə təqdim ediləcək. “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığı 2022-ci ilin dekabr ayından etibarən layihə üzrə Nazirlər/Rəhbər Komitənin 8 iclası keçirilib. Bu ilin sentyabrında qərargahı Buxarestdə olan Birgə Müəssisə yaradıldı. Dəhlizin reallaşdırılması ilə bağlı proseslərə gələn ildən başlanması planlaşdırılır. Bərpa olunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Bu, Avropanı həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq vacib layihədir.

Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında ötən ilin noyabrında və bu ilin mayında imzalanmış Birgə Kommunike və “yaşıl enerji dəhlizi”nin yaradılmasını nəzərdə tutan Əməkdaşlıq Memorandumu əsasında qısa müddətdə layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ)  texniki tapşırığı təsdiq edildi və  TİƏ-nin hazırlanmasına məsul şirkət kimi “CESI” seçildi. Qərargahı Bakıda olmaqla layihə üzrə Birgə Müəssisənin yaradılması qarşıda duran vəzifələrdəndir. Mərkəzi Asiya üçün Enerji Keçidi üzrə İnvestisiya Forumu çərçivəsində  “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanması COP-a olan planlarımız sırasındadır. Praktiki cəhətdən “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur.

Beləliklə, Avropada təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda “təmiz enerji”yə keçidi sürətləndirəcək “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizləri ümumavrasiya miqyaslı vahid “yaşıl enerji platforması” olmağa iddialıdır. Azərbaycanın liderlik etdiyi bu layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpa olunan enerji sistemində istehsalla istehlak mərkəzlərini, regionları və qitələri əlaqələndirəcək, balanslaşmanı təmin edəcək. Avropaya “yaşıl enerji”ni müxtəlif marşrutlarla Azərbaycan, Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə strateji missiya yerinə yetirmiş olacaq. Bu gün interkonnektorların şəbəkə dayanıqlığının artırılmasında və regionlar arasında daha geniş bərpa olunan enerjinin inteqrasiyasının dəstəklənməsində mühüm rolu ilə bağlı qlobal səviyyədə olan çağırışları nəzərə aldıqda ölkəmizin proaktiv addımlar atdığı bir daha aydın görünür.

Dünyada “xalis sıfır” enerji gələcəyinin mühüm elementi olan hidrogen Azərbaycanın “yaşıl inkişaf” və enerji təchizatçısı gündəliyinin də tərkib hissəsidir. Aşağı karbonlu hidrogenin istehsalı və istifadəsi, həmçinin “yaşıl dəhliz”lər vasitəsilə ixrac imkanlarının qiymətləndirilməsi və tərtib edilmiş ssenarilərə əsasən hədəf göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə hidrogenin inkişafı üzrə milli strategiya hazırlanır. “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” sənədinin COP29-a qədər yekunlaşdırılması və “Enerji Günü”ndə təqdim olunması planlaşdırılır.

Enerji keçidinin əsas sütunlarından olan enerji səmərəliliyi ilə bağlı ötən dövr mühüm irəliləyişlərlə yadda qaldı. Bu sahədə yeni qanun və 14 alt qanunvericilik aktının qəbulundan sonra bu ilin martında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılmasında xüsusi rola malik “Enerji Effektivliyi Fondu” yaradıldı. Fond tərəfindən qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Fondun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir. Hazırda Fond tərəfindən dəstəklənəcək layihələrə dair tələblər müəyyənləşdirilir. Həmçinin bu müddətdə dövlət və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərində və qeyri-yaşayış binalarında enerji idarəçisinin təyin edilməsi, enerji auditinin keçirilməsi, enerjinin istehsalı və təchizatı sahələrində enerji səmərəliliyinin təmin edilməsi üzrə tədbirlər görülmüşdür. Özəl və ictimai binalar üçün milli renovasiya proqramının, enerji səmərəliliyinə dair bir sıra yeni qanunvericilik və normativ texniki aktların hazırlanması ilə bağlı proseslər isə davam etdirilir. Bundan başqa AYİB-in dəstəyi ilə həyata keçirilən “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi çərçivəsində hazırlanan “Ssenari Xülasə Sənədi”nin COP29 tədbirinə qədər təqdim edilməsi nəzərdə tutulur.

Elanı COP-a planlaşdırılan digər bir sənəd “Elektromobillik üzrə Milli Plan”dır. Milli Planın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir. İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerji doldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir. “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında dövlət  başçısının müvafiq Sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerji doldurma məntəqələrinin quraşdırılması planlaşdırılır. Elektomobillikdən istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq “Energetika haqqında” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlara düzəlişlər hazırda razılaşdırılır.

Qanunvericilik bazasının təkmilləşdirilməsi, eyni zamanda energetika sektorunda islahatların davam etdirilməsi çərçivəsində Energetika Nazirliyi və Nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən görülən işlər sırasında “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” və “İstilik təchizatı haqqında” qanun layihələri və xeyli sayda qaydaların, eləcə də “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Koordinasiya Şurasının yaradılmasını qeyd etmək olar. “Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydaları” ilə yanaşı, elektrik enerjisi istehsalçılarının elektrik şəbəkələrinə çıxışının monitorinqini, elektrik enerjisindən istifadə, elektrik qurğularının quraşdırılması, istismarında təhlükəsizlik texnikası, texniki istismarı, şəbəkəyə qoşulma, elektrik şəbəkələri və digər istiqamətləri əhatə edən 10-dan çox qayda da hazırlanmışdır.

Beləliklə, Azərbaycanın “yaşıl enerji” ölkəsi kimi inkişafını təmin edən enerji keçidinin bütün aspektləri üzrə hərtərəfli fəaliyyətimiz COP29-un enerji təşəbbüsləri üçün də baza rolundadır. COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin 14 təşəbbüsündən 3-ü məhz enerji sahəsinə aiddir. Sırf Azərbaycan təcrübəsinə əsaslanan “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi” COP tarixində yaşıl zona və dəhlizlər mövzusunu ilk dəfə qloballaşdıran təşəbbüsdür. Bu təşəbbüsün dəstəklənməsi dünyanın müxtəlif, bərpa olunan enerji mənbələri ilə zəngin hissələrində “yaşıl enerji zona”larının yaradılmasını, “yaşıl enerji dəhliz”ləri üçün HVDC kabellərinin (yüksək gərginlikli sabit cərəyan kabelləri) istehsalının artırılmasını vəd edir. Həmçinin təşəbbüs “yaşıl enerji” güclərinin enerji sisteminə inteqrasiyası üçün qlobal səviyyədə şəbəkənin gücləndirilməsi tədbirlərinə 700 milyard ABŞ dolları investisiya hədəfini ehtiva edir. “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” təşəbbüsü isə şəbəkə infrastrukturunun inkişafı üçün qlobal enerjinin saxlanılması potensialını altı dəfə artıraraq 2030-cu ilə qədər 1 500 QVt-a çatdırmağı, 2040-cı ilə kimi ümumilikdə 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsini və ya təkmilləşdirilməsini əks etdirir. Digər bir təşəbbüs “Hidrogen Bəyannaməsi” adlanır və hidrogen sənayesinin inkişafını təşviq edir. “Təmiz hidrogen” karbonsuzlaşdırılması çətin sektorlarda istifadəsinin mümkünlüyünə, yüksək səmərəlilik və istilik göstəricilərinə, həm enerji, həm də ekoloji təhlükəsizlik problemlərinin öhdəsindən eyni zamanda gələ bilmək imlanlarına görə unikal vasitədir. COP29 çərçivəsində və 15 noyabr tarixində “Enerji Günü”ndə keçiriləcək 15 tədbir ölkəmizin milli və qlobal səviyyədə enerji keçidi səylərində yeni bir səhifə açacaqdır.

Bir sözlə, dövlət başçısının da bəyan etdiyi kimi qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi iqlim dəyişmələri ilə mübarizəyə, ədalət və bərabərliyə əsaslanan və bütün ölkələrin faydalana biləcəyi enerji keçidi məqsədinə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirir.

Azərbaycan üçün bu mühüm tarixi dövrdə energetiklərimiz qlobal inkişaf dəyişikliklərinə uyğunlaşmaqla və səmərəli idarəetməyə nail olmaqla öz məsuliyyətli missiyalarını şərəflə yerinə yetirəcək, müasir və güclü dövlətimizin gələcəyinin daim işıqlı olmasına fədakar əməkləri ilə töhfə verəcəklər.

                                                                              

                                                                               Pərviz Şahbazov

                                                      Azərbaycan Respublikasının energetika naziri

Digər xəbərlər