Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 12-ci iclası keçirilib.

Energetika nazirinin müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Ötən iclasdan bəri istifadəyə verilən və təməli qoyulan yaşayış məntəqələri və sosial-infrastruktur, o cümlədən enerji  obyektləri barədə məlumat verilib. Yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasında yarımstansiyanın tikintisinin başa çatdırıldığı, hazırda günəş panellərinin quraşdırılmasına başlanıldığı qeyd olunub. Həmçinin hər birinin gücü 50 MVt olan “Şəms” və “Üfüq” günəş elektrik stansiyaları layihələrinin icrasının, Kəlbəcərdə isə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədi ilə ölçmə-müşahidə işlərinin davam etdirildiyi bildirilib.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına, yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticəsinə dair hesabatlar dinlənilib. Zəngilan və Kəlbəcər şəhərlərində, Zəngilan rayonunun  Məmmədbəyli, Cahangirbəyli, Cəbrayıl rayonunun Horovlu, Soltanlı və Şükürbəyli, Kəlbəcər rayonunun Zar, Ağdərə rayonunun Suqovuşan, Çapar, Həsənriz, Vəngli və Kolatağ kəndlərində aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib. Ərazilərdə damüstü günəş panellərinin quraşdırılması və vətəndaşların aktiv istehlakçı kimi qeydiyyata alınması proseduru üzrə cari vəziyyətə dair məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, azad edilmiş ərazilərdə indiyədək 2000-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 7000 kVt-dan çox olan günəş panelləri  və 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. İşıqlandırma qurğularının 40 faizi, yəni təqribən 3000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir.

İclasda, həmçinin yaşayış komplekslərində qaz və istilik təminatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin yekununda irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

 

Digər xəbərlər