- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Yanvar-iyul aylarında təbii qaz ixracı 5,7 faiz artıb
2024-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, 7 ay ərzində ölkədə təxminən 16.9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Respublika üzrə neft hasilatının 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,5 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,34 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür.
Cari ilin yanvar-iyul aylarında ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.
2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.
7 ay ərzində ölkədə təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,7 milyard kubmetri AÇG-dən, 16,5 milyard kubmetri “Şahdəniz”dən, 0,9 milyard kubmetri Abşerondan, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1,3 milyard kubmetr artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5,7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2024-cü il tarixinədək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən 160,7 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.