Energetika Nazirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Öncə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən bəhs edib. Bildirilib ki, Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilib, daha sonra həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub.

Aparat rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə diqqət çəkib, azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” konsepsiyası əsasında inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Çıxışlarda 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyətindən, Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların, həmvətənlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqlardan bəhs edilib, onların Vətən qarşısındakı xidmətlərinin gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.

Sonda Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Digər xəbərlər