“Şahdəniz” yatağı

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsünə dair Saziş” 4 iyun 1996-cı ildə imzalanmışdır. Xəzərin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qaz və kondensat yataqlarından biri olan “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilmişdir. 1 trilyon kubmetr qaz və 243 milyon ton kondensatdan ibarət olan “Şahdəniz” qaz layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan qaz ixrac edən ölkəyə çevrilmişdir.

“Şahdəniz” yatağının işlənilməsi iki mərhələdən ibarətdir. “Şahdəniz Mərhələ 1” (SD1) üzrə 11 quyu qazılmış, platforma, Səngəçal terminalı və Cənub Qafqaz Boru Kəməri (CQBK) inşa edilmişdir. Birinci mərhələ üzrə əməliyyatlara 2006-cı ildə, Gürcüstan və Türkiyə bazarlarına qaz ixracına isə 2007-ci ildə başlanmışdır.

“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, yəni “Şahdəniz Mərhələ 2” (SD2) dünyada ən böyük və mürəkkəb qaz layihələrindən biri olmaqla yanaşı, Xəzər dənizində ilk sualtı infrastrukturdur. SD1 layihəsi illik 11 milyard kubmetr qaz və gündəlik 60 min barrel kondensat hasilat gücünə malik idi, SD2 isə buna əlavə olaraq illik 16 milyard kubmetr qaz və gündəlik 105 min barrel kondensat hasilatı təmin edir. 2013-cü ilin sentyabrında  “Şahdəniz” Konsorsiumu ilə 9 Avropa şirkəti arasında Qaz Satışı üzrə sazişlər imzalanmış, Yekun İnvestisiya Qərarı isə dekabrda verilmişdir. Həmçinin Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş 2036-cı ildən 2048-ci ilədək uzadılmışdır.

"Şahdəniz Mərhələ 2” layihəsi üzrə ilk qaz 2018-ci ildə hasil edilmiş, həmin ilin 30 iyununda Türkiyəyə ilk kommersiya qazının ixracı həyata keçirilmişdir. “Şahdəniz” qazının Avropaya tədarükünə isə 31 dekabr 2020-ci ildə başlanılmışdır.

 

“Ümid” yatağı

“Ümid” yatağı 2010-cu ildə kəşf edilib və Azərbaycanın müstəqillik dövründə kəşf edilən qaz-kondensat yatağıdır. “Ümid” yatağı Xəzər dənizi akvatoriyasında Bakı şəhərindən 75 km cənubda yerləşir. Yatağın ehtiyatları 200 milyard m³ qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.   

Yatağın istismarına 2012-ci ildə başlanılmışdır. Layihəni Risk Xidmət Sazişi əsasında  “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) icra edir.

 

“Abşeron” yatağı

“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir.  “Abşeron” yatağının karbohidrogen ehtiyatları 303 milyard m³ qaz və 100 milyon ton kondensat təşkil edir.

Yatağın istismarına 2023-cü ildə başlanılmışdır. Layihənin operatoru JOCAP-dır.

 

“Qarabağ” yatağı

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində Bakı şəhərindən 120 km şərqdə, “Neft Daşları” və “Günəşli” yataqlarından 20-25 km məsafədə, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. “Qarabağ” yatağı 2020-ci ildə olmaqla müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

2025-ci ilin may ayında bp 35% pay əldə etməklə layihənin operatoru olmuşdur.

 

Mərkəzi-Şərqi Azəri” (ACE)

2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarı olan Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub.

ACE layihəsi AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır. ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platforma olmaqla Səngəçal terminalından idarə edilir. 

Platformadan neft hasilatına 2024-cü ildə başlanılmışdır.

 

Digər xəbərlər