- ANA SƏHİFƏ
- Qaz
Qazın nəqli
Azərbaycanda hasil edilən təbii qazın regionda yerləşən ölkələrin enerji bazarlarına nəqli üçün dörd magistral qaz boru kəməri fəaliyyət göstərir:
- Hacıqabul - Astara - Astara (İran) boru kəməri;
- Hacıqabul - Qazax - Saquramo (Gürcüstan) boru kəməri;
- Hacıqabul - Şirvanovka - Mozdok (Rusiya) boru kəməri;
- Cənubi Qafqaz boru kəməri
Hacıqabul - Astara - Astara (İran) Boru Kəməri
Ümumi uzunluğu 210 km olan magistral qaz boru kəməri 1970-ci ildə istismara verilmişdir. 2006-cı ildə Azərbaycandan İrana qaz tədarükü üzrə svop əməliyyatlarına başlanmışdır. Azərbaycandan İrana qaz bu kəmərlə nəql edilir. İran isə bu qazı Naxçıvan MR-na təchiz edir.
Hacıqabul - Qazax - Saquramo Boru Kəməri
Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəməri 1978-ci ildə inşa olunaraq 1988-ci ilə kimi fəaliyyət göstərmişdir. Bu magistral boru kəməri üzrə müvafiq bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildə yenidən istismara verilmişdir. İllin ötürmə qabiliyyəti 8,7 milyard kubmetrdir. Boru kəmərinin uzunluğu 478,4 km təşkil edir, bunun 378,4 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür.
Hacıqabul - Şirvanovka - Mozdok Boru Kəməri
Hacıqabul–Mozdok magistral qaz kəməri 1983-cü ildən qazın Rusiyadan Azərbaycana nəqlində istifadə olunmuşdur. 2007-ci ildən Azərbaycanda qaz hasilatı artdıqdan və daxili tələbat tam ödənildikdən sonra kəmər istifadədən çıxmışdır. 2010-2014-cü illərdə isə hasil olunan qazın müəyyən həcmlərinin Rusiyaya ixracı məqsədilə əks istiqamətdə işlədilmişdir. Boru kəmərinin illik ötürmə gücü 10 milyard kubmetr, ümumi uzunluğu 680 km, Azərbaycan ərazisindəki hissəsi isə 200 km-dir.
Cənubi Qafqaz Boru Kəməri
“Şahdəniz" qaz-kondensat yatağının 1999-cu ildə kəşf olunmasından sonra bu layihə çərçivəsində hasil ediləcək təbii qazın Bakı-Tbilisi-Ərzurum (BTƏ) marşrutu ilə Türkiyə bazarına nəql olunması üçün yeni magistral qaz kəmərinin inşasına dair “Şahdəniz” Konsorsiumu iştirakçıları tərəfindən müvafiq qərar qəbul edilir. 2007-ci ildə tikilib istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi ilə “Şahdəniz” yatağından hasil olunan təbii qazın Gürcüstan və Türkiyə bazarlarına daşınması həyata keçirilir. İllik ötürmə qabiliyyəti genişləndirilmə ilə birlikdə 24 milyard kubmetrə çatdırılan Cənubi Qafqaz boru kəmərinin uzunluğu 692 km-dir. Bunun 443 km-lik hissəsi Azərbaycanın, 249 km-lik hissəsi Gürcüstanın ərazisinə düşür.
İğdır - Naxçıvan Qaz Kəməri
İğdır-Naxçıvan qaz boru kəmərinin 2023-cü il sentyabrın 25-də təməl qoyulmuş və 2025-ci il martın 5-də rəsmi açılış mərasimi keçirilmişdir. Kəmərin uzunuluğu 97,5 km-dir. Bunun 80 km-lik hissəsi Türkiyənin ərazisinə, 17,5 km-lik hissəsi isə Azərbaycanın ərazisinə düşür. Kəmərin ötürücülük qabiliyyəti illik maksimal 730 milyon kubmetrdir. Kəmərin tutumu gündəlik 5 milyon kubmetr artırıla bilər.