Azərbaycan, Bakı öz nefti ilə dünya şirkətlərini,

iş adamlarını XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərindən

cəlb etmiş və bir çox xarici şirkətlər burada uğurlu fəaliyyət göstərmiş,

neft hasilatını təmin etmişlər.

                                                                        Heydər Əliyev

Azərbaycan - dünyanın neft beşiyi

Azərbaycan dünyada neftin tarixi vətəni və sənaye üsulu ilə hasil olunduğu ilk ölkədir. XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı öz nefti ilə dünya şirkətlərini və sahibkarlarını cəlb etmiş, burada bir çox xarici şirkətlər uğurla fəaliyyət göstərmişdir.

Hələ orta əsrlərdə Azərbaycan nefti barədə ərəb, Avropa və türk tarixçi və səyyahlarının yazılarında Abşeronun  nefti, onun  müxtəlif ölkələrə aparılması barədə məlumatlar yer almışdır. Əhməd Əl-Bəlaruri, Əbu-İshaq İstəxri və Əli Məsudi Abşeronun “ağ” və “qara” nefti haqqında yazmış, Marko Polo Bakı neftinin Şərq ölkələrinə aparıldığını qeyd etmişdir. XVII əsrdə Adam Oleari və Evliya Çələbi Bakı neft mədənləri və onun müxtəlif ölkələrə ixracı barədə bəhs etmişlər. Balaxanıda tapılmış yazıya görə, 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu 35 metrlik neft quyusu qazmışdır. XVI əsrdə Bakı ətrafında 500-ə qədər neft quyusu mövcud idi. Engelbert Kempfer isə 1683-cü ildə Abşeron neftinin İrana və Qafqaza daşındığını qeyd etmişdir. 1803-cü ildə Qasımbəy Mənsurbəyov Bibiheybət sahilində ilk dəniz quyularını qazdırmışdır.

Neftin sənaye üsulu ilə hasilatına başlanması

1846-cı ildə dünyada ilk dəfə Bibiheybət yatağında 21 metr dərinlikdəki quyudan sənaye üsulu ilə neft çıxarılmış və bununla da Azərbaycan neft sənayesinin  təməli qoyulmuşdur. 1859-cu ildə Bakıda ilk neftayırma qurğusu tikilmiş, 1863-cü ildə Cavad Məlikovun inşa etdirdiyi kerosin zavodunda dünyada ilk dəfə soyuduculardan istifadə olunmuşdur. XIX əsrin ikinci yarısından etibarən Binəqədi, Pirallahı, Suraxanı kimi yataqların istismarı nəticəsində hasilat artmış, yüzlərlə neftayırma və ticarət firması yaranmış, milli burjuaziya formalaşmış, nəticədə Bakı sənaye mərkəzinə çevrilmişdir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağının sənaye üsulu ilə işlənilməsinə başlanmışdır. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilmişdir: “Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında” və “İcarədarların əlində olan neftli sahələrin hərracla fiziki şəxslərə satılması”. 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca çıxarılmışdır. XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u azərbaycanlı idi. O dövrdə neft sənayesinin inkişafında Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayevin mühüm xidmətləri olmuşdur. 1874-cü ildə “Bakı neft cəmiyyəti” adlı ilk səhmdar şirkət, 1876-cı ildə isə Nobel qardaşlarının neft şirkəti yaradılmış, onların təşəbbüsü ilə neft mədənləri, emal zavodları, Xəzərdə ilk neftdaşıyan tanker və dəmir yolları tikilmişdir. 1878-ci ildə Balaxanı ilə Bakı zavodu arasında ilk neft kəməri çəkilmiş, 1883-cü ildə Bakı-Batum dəmir yolu istifadəyə verilmişdir. Həmin dövrdə Rotşildin “Xəzər-Qara dəniz neft şirkəti” fəaliyyətə başlamış və bu şirkət XX əsrin əvvəllərində Bakı neftinin 40%-dən çoxuna nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft hasil edilmişdi ki, bu da dünya hasilatının yarısından çox idi. 1897-1907-ci illərdə 833 km uzunluğunda Bakı-Batum neft kəməri inşa edilmişdir. Milliləşdirilmə ərəfəsində Azərbaycanda 109 səhmdar cəmiyyəti, yüzlərlə hasilat və emal müəssisəsi fəaliyyət göstərirdi.

Neft sənayesinin milliləşdirilməsi və Neft Daşları

1921-ci ildə hasilat 2,4 milyon tonadək azalsa da, sonrakı illərdə axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi nəticəsində Qala, Buzovna-Maştağa kimi yeni yataqlar istismara verilmişdir. 1941-ci ildə hasilat 23,6 milyon tona çataraq SSRİ üzrə ümumi hasilatın 76%-ni təşkil etmişdir. İkinci Dünya müharibəsi illərində neft avadanlıqları və mütəxəssislərin SSRİ-nin şərq rayonlarına köçürülməsi nəticəsində hasilat 11,1 milyon tona enmişdi. 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 metr dərinlikdə qazılmış 1 №-li quyudan gündə 100 ton neft hasil edilərək açıq dənizdə neftçıxarmanın əsası qoyulmuşdur. Yatağın ilk geoloqu Ağa Qurban Əliyev idi. 1950-ci ildə “Neft Daşları” yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişaf dövrü başlamış və 1969-cu ilədək davam etmişdir. Bu mərhələdə dənizdə geniş geoloji-kəşfiyyat işləri aparılaraq Qum-dəniz, Səngəçal-Divannı, Bahar, Bulla-dəniz və digər yataqlar istismara verilmiş, dəniz qazma və hidrotexniki qurğuların tikintisi üzrə yeni texnologiyalar tətbiq olunmuşdur. Eyni zamanda quru sahələrində Kürovdaq, Mişovdaq, Qaradağ və digər yataqlar da istismara verilmişdir. “Neft Daşları”nda dünyada ilk dəfə açıq dənizdə estakada tipli mədən inşa edilmiş, bu da xərclərin azalmasına və əmək məhsuldarlığının artmasına imkan yaratmışdır.

Azərbaycan neft və qaz sənayesinin yüksək inkişaf dövrü (1969–1980-ci illər)

1969-cu ildən başlayaraq Azərbaycanın neft və qaz sənayesi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bu da ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövrünə təsadüf edir. 1970-ci ildə yaradılan “Xəzərdənizneft” İstehsalat Birliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma və istismar işlərinin aparılmasını Azərbaycan neftçilərinə həvalə etmişdir. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Xəzər dənizində daha dərin sahələrdə işləməyə imkan verən “Xəzər” tipli özüqalxan və “Şelf” tipli yarımdalma qazma qurğuları, ağır yükdaşıyan və boruçəkən gəmilər gətirilmiş, “Azərbaycan” kran gəmisi istifadəyə verilmişdir. Bunun nəticəsində dənizin 200 metrədək dərinliklərində yeni neft-qaz yataqları kəşf olunmuş, ehtiyatlar bir neçə dəfə artmışdır. 1975-ci ildə hasilat 27,1 milyon tona çatdırılmış, 1980-ci illərdə isə Günəşli, Çıraq, Azəri kimi böyük yataqlar aşkar edilmişdir. Bu dövrdə Heydər Əliyevin səyi ilə Bakıda Dərin Dəniz Özülləri zavodunun tikintisi üçün 450 milyon ABŞ dolları ayrılaraq strateji sənaye bazası yaradılmışdır.

Azərbaycanın neft strategiyasının icrası

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın neft strategiyası işlənib hazırlandı. Strategiyanın əsas məqsədi zəngin neft-qaz ehtiyatlarının müasir texnologiyalarla hasil edilməsi, xarici bazarlara ixracı və gəlirlərin ölkənin inkişafına yönəldilməsi idi. Məhdud maliyyə və texniki imkanlar səbəbindən Azərbaycanın Xəzər dənizindəki yataqları işlətmək üçün beynəlxalq təcrübəyə, xarici sərmayəyə və qabaqcıl texnologiyalara ehtiyacı vardı. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə beynəlxalq şirkətlər qrupu (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti - ABƏŞ) arasında “Əsrin müqaviləsi” - Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bu, Azərbaycanın neft strategiyasının rəsmi təsdiqi oldu. Neftin Qərb bazarlarına nəqli üçün Bakı-Tbilisi-Supsa  ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin çəkilməsi aktuallaşdı. Heydər Əliyev layihənin həm iqtisadi, həm siyasi, həm də müstəqilliyimizin möhkəmləndirilməsi baxımından alternativsiz olduğunu beynəlxalq səviyyədə sübuta yetirərək, müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsasını qoymuş oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə BTC-nin reallaşdırılmasına nail olundu: 2005-ci ilin mayında Azərbaycan, oktyabrda isə Gürcüstan hissəsi neftlə dolduruldu; 2006-cı il mayın 28-də isə Azərbaycan nefti Türkiyənin Ceyhan terminalına çatdırıldı. 2006-cı il iyulun 13-də isə BTC rəsmi istismara verildi, hər üç dövlətin prezidentlərinin iştirakı ilə keçirilən mərasimdə İlham Əliyev demişdir: - Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda - “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində "Əsrin müqaviləsi" imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bilsin və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır”.

Neft sənayesinin müasir inkişaf mərhələsi

14 sentyabr 2017-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Saziş imzalandı. Sənədi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2049-cu ilə qədər uzadıldı. SOCAR-ın payı 25 faizə yüksəldildi, Azərbaycan 3,6 milyard dollar bonus əldə etdi və gələcək mənfəət neftinin 75 faizini təmin etdi. Saziş çərçivəsində 2019-cu ildə Azəri Mərkəzi Şərqi (ACE) layihəsi üzrə yekun investisiya qərarı qəbul olundu. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır. 2024-cü ilin aprel ayında ACE platformasında neft hasilatına başlanılıb.

Digər xəbərlər