- ANA SƏHİFƏ
- Neft
Neftin nəqli
Neftin Azərbaycandan qonşu ölkələrə və dünya bazarlarına nəql olunması üçün fəaliyyət göstərən üç magistral neft boru kəməri mövcuddur:
- Bakı-Novorossiysk kəməri;
- Qərb İxrac Boru Kəməri və ya Bakı-Supsa kəməri;
- Bakı-Tbilisi-Ceyhan neft kəməri.
Həmçinin neft və neft məhsullarının daşınması, qəbul edilməsi, saxlanması və ixracı məqsədilə 10 milyon ton yükləmə-boşaltma qabiliyyətinə malik Kulevi və 20 milyon ton qəbul-nəql imkanlarına malik Dübəndi terminallarından istifadə olunur.
Bakı-Novorossiysk kəməri
Bakı-Novorossiysk boru kəməri Azərbaycan neftini Rusiya ərazisi vasitəsilə xarici bazarlara çıxaran nəqliyyat xəttidir və 1983-cü ildən fəaliyyət göstərir. Kəmər ilkin olaraq Qroznı-Bakı istiqamətində xam neftin emalı üçün Bakıya daşınmasında istifadə olunmuşdur. Azərbaycandan Rusiyanın Novorossiysk limanına ixrac məqsədilə kəmərdə tikinti aparılaraq 1997-ci ildə istifadəyə verilmişdir. Boru kəmərinin ötürmə gücü gündə 100 min barrel (13,5 min ton), ümumi uzunluğu 1330 km, Azərbaycan ərazisindəki hissəsi isə 231 km-dir. Kəmər 3 nasos stansiyasına (Səngəçal, Sumqayıt, Siyəzən) malikdir və ölçmə stansiyası isə Şirvanovkada yerləşir.
Qərb İxrac Boru Kəməri
1996-cı ildə Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə əsasən Qərb İxrac Boru Kəməri və ya Bakı-Supsa kəmərinin inşası 1998-ci ildə tamamlanmış və 1999-cu ilin aprelində istifadəyə verilmişdir. QİBK kəməri AÇG yataqlarından çıxarılan ilkin neftin Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanınadək nəql olunması üçün nəzərdə tutulmuşdur. Boru kəmərinin ümumi uzunluğu 833 km təşkil edir, onun 456 km hissəsi Azərbaycanın ərazisinə düşür. Kəmərin ötürmə qabiliyyəti gündə 150 min bareldir (20 min ton/gün).
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri
Bakı-Tbilisi-Ceyhan (BTC) Azərbaycan neftinin xarici bazara birbaşa çıxışını təmin edən əsas ixrac neft boru kəməridir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan BTC boru kəmərinin tikintisi 2003-cü ilin aprelində başlanmış və 2005-ci ildə başa çatdırılmışdır. Ceyhan dəniz limanında neft tankerinin neftlə ilk yüklənməsi 4 iyun 2006-cı il tarixində həyata keçirilmişdir. BTC əsasən AÇG yataqlarından hasil edilən neftin Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanınadək nəql olunması üçün nəzərdə tutulsa da, kəmərlə Türkmənistan və Qazaxıstan mənşəli xam neft də nəql olunur. Ümumi uzunluğu 1768 km olan BTC boru kəməri üç ölkənin ərazisindən keçir: Azərbaycan (443 km), Gürcüstan (249 km) və Türkiyə (1076 km). Boru kəmərinin ötürücülük qabiliyyəti gündəlik 1,2 milyon barrel (160 min ton/gün) təşkil edir.
Dəmir yolu vasitəsilə daşınmalar (Bakı-Kulevi/Batumi)
1883-cü ildə tikilən Bakı-Batumi dəmir yolu xəttində təmir-bərpa işlərindən sonra 1999-cu ildən SOCAR tərəfindən xam neftin Gürcüstanın Qara dəniz sahilindəki Batumi limanına daşınmasına başlanılmışdır. Bu marşrutdan son illərdə Qazaxıstanın Tengiz və digər yataqlarından çıxarılan neftin, Türkmənistan mənşəli neft məhsullarının tranzit daşımaları ilə yanaşı, BTC boru kəmərinin təsisçiləri sıralarına daxil olmayan şirkətlərə məxsus AÇG yataqlarından hasil olunan neftin və “Şahdəniz” yatağından alınan qaz kondensatının nəql edilməsi üçün də istifadə edilir.
2008-ci ildə istismara verilən Bakı-Kulevi marşrutundan isə Azərbaycan və Türkmənistan mənşəli neft məhsullarının, həmçinin Qazaxıstanın Tengiz yatağından çıxarılan neftin Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanına nəql olunması üçün istifadə edilir.
