Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.
Heydər Əliyev

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.

Elə ilk günlərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir". Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı.

Həmin anı İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında  Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s, LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK, PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A. O., YUNOKAL XƏZƏR, LTD arasında Saziş imzalandı.

Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı. Təxminən, 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. “Əsrin müqaviləsi” nin imzalanması ilə "Yeni neft strategiyası"nın uğurla həyata keçirilməsinə başlanıldı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək, 12 dekabr 1994-cü ildə qüvvəyə minib. İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun çıxarılabilən neft ehtiyatı 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu göstərici 730 milyon tona çatmışdır. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Ümumi xalis gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşürdü. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılaraq, Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıldı. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.


1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində "Çıraq-1” özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlandı.


1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Neftin satışından əldə edilən gəlirlərin şəffaf şəkildə saxlanması və səmərəli iadrə edilməsi ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.


"Əsrin müqaviləsi” ilə müstəqilliyini  möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.


Prezident İlham Əliyev isə "Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirmişdir. "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin müqaviləsi"nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.


14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur.


 

Digər xəbərlər

NEFT SƏNAYESİNİN İNKİŞAF TARİXİ

Azərbaycan dünyada neftin tarixi vətənidir. Hələ orta əsrlərdə ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğu, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti barədə bəhs ediblər. Mənbələrdə italyan səyyahı Marko Polonun (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Olearinin (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbinin isə (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin illik gəlirləri ilə bağlı məlumatlarına rast gəlinir.

Neftin nəqli

Neftin Azərbaycandan qonşu ölkələrə və dünya bazarlarına nəql olunması üçün fəaliyyət göstərən üç magistral neft boru kəməri mövcuddur: