Müstəqillik əldə edildikdən sonra elektroenergetikanın inkişafı

Müstəqillik əldə edildikdən sonra dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektroenergetika sisteminə xarici sərmayələr cəlb olunmasına imkan yaratdı.

2000-ci ilin dekabr ayında Yenikənd Su Elektrik Stansiyasının istismara verilməsi ilə enerji sistemində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları energetikanın inkişafında mühüm rol oynadı.

MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli “Şimal-1” Elektrik Stansiyası və respublikanın müxtəlif bölgələrində ümumi gücü 872,5 MVt olan (Naxçıvan MR də daxil olmaqla) 8 Modul tipli Elektrik Stansiyası, sistem əhəmiyyətli elektrik veriliş xətləri və yarımstansiyaların tikilib istifadəyə verilməsi enerji təchizatında dayanıqlılığı təmin etmiş oldu. 2009-cu ildə gücü 525 MVt olan “Sumqayıt” buxar-qaz tipli müasir ES, 2013-cü ildə eyni tipli gücü 780 MVt olan “Cənub” ES, 2019-cu ildə 400 MVt gücündə “Şimal-2” ES istismara verildi. 2017-ci ildə Varvara SES əsaslı yenidənqurmadan sonra yenidən istifadəyə verildi. Bununla yanaşı, 11 fevral 2022-ci il tarixində “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası fəaliyyətə başladı.

2025-ci ilin iyun ayında istifadəyə verilən 1880 MVt gücündə “8 Noyabr” Elektrik Stansiyası isə müstəqillik dövrünün ən böyük elektrik stansiyasıdır.   

Elektroenergetika sisteminin ümumi gücü

Ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 9973 MVt təşkil edir. Ümumi gücü 7903 MVt olan 24 istilik elektrik stansiyası, 1 443,5 MVt-lıq 65 su elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası, 303,5 MVt gücündə 6 külək elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir.

Qonşu ölkələrlə elektroenergetika əlaqələri

Azərbaycanın qonşu ölkələr - Rusiya, Gürcüstan, İran və Türkiyə ilə elektroenergetika əlaqələri mövcuddur və həmin ölkələrlə elektrik enerjisinin ixrac-idxal prosesi həyata keçirilir. Ölkəmiz 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edən ölkəyə çevrilib.

        Azərbaycan və Gürcüstan əlaqələri:

“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində 2016-cı ildə istismara buraxılmış 500 kV-luq Samux-Qardabani hava elektrik verilişi xətti (HEVX) ilə elektrik enerjisinin ötürülmə gücü 650 MVt təşkil edir. Azərbaycan və Gürcüstan enerjisistemləri arasında 2 HEVX mövcuddur:

- 500 kV-luq “Samux-Qardabani” HEVX

- 330 kV-luq “Ağstafa-Qardabani” HEVX

         Azərbaycan və Rusiya əlaqələri:

Rusiya istiqamətində elektrik enerjisinin ötürülmə gücü 350 MVt ətrafındadır. Azərbaycan və Rusiya enerjisistemləri iki dövlətlərarası HEVX-ləri vasitəsilə birləşləşdirilib:

- 330/110 kV-luq “Xaçmaz” (AR) və 330/110 kV-luq “Dərbənd” (RF) yarımstansiyalarını birləşdirən 330 kV-luq “Dərbənd” HEVX

- 110/35 kV-luq “Yalama” (AR) və 110/35 kV-luq “Bilici” (RF) yarımstansiyalarını birləşdirən 110 kV-luq “Yalama” HEVX

           Azərbaycan və İran əlaqələri:

Azərbaycan Respublikası ilə İran İslam Respublikasının enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi hazırda istismarda olan beş elektrik verilişi xətti (EVX) ilə həyata keçirilir. Bu EVX-lərlə elektrik enerjisinin mövcud mübadilə gücü 600 MVt təşkil edir:

- 330 kV-luq “Muğan” EVX

- 230 kV-luq “İmişli” EVX

- 110 kV-luq “Astara-Astara” EVX

- 132 kV-luq “Araz-Araz” EVX

- 132 kV-luq “Culfa-Culfa” EVX

           Azərbaycan və Türkiyə əlaqələri:

Azərbaycan və Türkiyə energetika sistemləri arasında üç HEVX mövcuddur:

-   154 kV-luq “İqdır-Naxçıvan 1” HEVX

-   154 kV-luq “İqdır-Naxçıvan 2” HEVX

-    34,5 kV-luq “Sədərək” HEVX

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər (2020-2026-cı illər)

İşğaldan azad edilmiş ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilərək və ya yenidən qurularaq istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzurda 1000 km-dən artıq yüksəkgərginlikli ötürmə xətləri çəkilib. Bu xətlərlə 12 yerdə yeni tikilən 110 kilovoltluq yarımstansiyalar zəncirvari şəkildə əlaqələndirilərək dairəvi elektrik təchizatı yaradılıb.  110 kilovoltluq dairəvi sxem 330 kilovoltluq dairəvi elektrik təchizatı sxemi ilə birləşdirilib. Bunun üçün yeni 330 kilovoltluq «Cəbrayıl Enerji Qovşağı» tikilib. 330 kilovoltluq “İmişli”, “Ağcabədi” və «Gəncə» yarımstansiyaları genişləndirilərək yenidən qurulub. Dairəvi elektrik təchizat sisteminin yaradılması ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatı 100% təmin edilib. İndiyədək 307 MVt gücündə 38 stansiya istismara verilib. Bu stansiyalarda istehsal olunan enerji dairəvi elektrik təchizat sistemi ilə ölkə enerjisisteminə inteqrasiya edilib. Bu dövrdə su elektrik stansiyalarında 1,5 milyard kVt.saat “yaşıI enerji” istehsal olunub, 335 milyon kubmetr təbii qaza qənaət edilib, 620 min ton karbon qazının atmosfera atılmasının qarşısı alınıb.  

           Laçın rayonunda:

-  8 MVt gücündə “Güləbird”, 6 MVt gücündə “Alxaslı”, 8,25 MVt gücündə “Mişni, 2,8 MVt gücündə “Zabux”, 4 MVt gücündə “Qaraqışlaq”, 3,5 MVt gücündə "Mirik", 3,1 MVt gücündə "Aşağı Malıbəy" kiçik su elektrik stansiyaları (KSES) bərpadan sonra istifadəyə verilib. Gücü 2x40 MVA olan 110/35/10 kV-luq “Laçın Şəhər” və 2x25 MVA gücündə 110/35/10 kilovoltluq “Qorçu” rəqəmsal qovşaq yarımstansiyaları istismara buraxılıb.

Kəlbəcər rayonunda:

- 4,4 MVt gücündə “Kəlbəcər-1”, 3,4 MVt gücündə “Meydan”, 6,3 MVt gücündə “Qamışlı”, 5,3 MVt gücündə “Soyuqbulaq”, 8,3 MVt gücündə “Çıraq-1”, 3,6 MVt gücündə “Çıraq-2”, 4,3 MVt gücündə “Zar”, 5 MVt gücündə "Çaykənd-2", 8,6 MVt gücündə “Aşağı Vəng", 8,8 MVt gücündə "Nadirxanlı"  KSES-lər, 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyası (SES) istismara verilib.  

Tərtər rayonunda:

- Suqovuşan qəsəbəsində ümumi gücü 7,8 MVt olan “Suqovuşan” Su Elektrik Stansiyaları Silsiləsi (gücü 4,8 MVt olan KSES-1 və gücü 3,0 MVt olan KSES-2)  istismara verilib.

           Zəngilan rayonunda:

- Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavatdan ibarət SES-lər silsiləsinə daxil olan - “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” SES-lər tikilərək istifadəyə verilib.

           Cəbrayıl rayonunda:

- Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi layihəsinin birinci mərhələsi olan “Cəbrayıl” enerji qovşağının yaradılması çərçivəsində 330/110/10 kilovoltluq 2x250 MVA gücündə “Cəbrayıl” yarımstansiyası tikilərək istifadəyə verilib.

- Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 MVt olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyulub. 

           Şuşa şəhərində:

- "Şuşa" yarımstansiyasından 0,3 km uzunluqlu yeni xətt çəkilməklə mövcud 110 kV-luq “Gorus-Xankəndi” EVX-nə qoşularaq Xankəndi şəhəri istiqamətində elektrik enerjisinin verilişinə başlanılıb. Bununla yanaşı, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonları və Şuşa şəhərində müxtəlif güclərdə 110 kV-luq yarımstansiyalar tikilərək istismara verilib.

     Ağdərə rayonunda:

     -  Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyası istismara verilib.

2025-ci ildə Ağdam rayonunda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Təlim-Tədris Kompleksinin, Xocalı rayonunda 35/10 kV-luq “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin, Laçın şəhərində “Şəhər” yarımstansiya və Rəqəmsal idarəetmə Mərkəzinin, Yevlax rayonunda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olmuşdur.

Elektroenergetika sahəsində qanunvericilik

Azərbaycan 2011-cü ilin noyabr ayında “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalamaqla bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına start verib. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika haqqında”, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanunları qəbul edilmiş, habelə elektroenergetika sahəsində müasir çağırışları özündə ehtiva edən “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilərək yenidən qəbul edilməsi təmin edilmişdir.  

 

Digər xəbərlər