- ANA SƏHİFƏ
- Elektroenergetika
Elektroenergetikanın inkişafının birinci mərhələsi (1897-1970-ci illər)
XIX əsrin sonu – 1920-ci illər
Azərbaycanda elektroenergetikanın inkişafı XIX əsrin sonlarından başlanmışdır. İlk dəfə 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan ilk elektrik stansiyası inşa edilmişdir.1901-ci ildə gücü 2000 at gücünə bərabər olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər) eyni gücdə ikinci stansiya istismara verilmişdir. 1913-cü ildə Bakıda 109,8 min kVt·saat elektrik enerjisi istehsal olunmuşdur ki, onun 95%-i neft sənayesinə, cəmi 5 %-i faizi isə işıqlandırma məqsədlərinə yönəldilmişdir.
Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki əsas stansiyasının ümumi gücü 45,7 MVt, onlardan ən böyüyü olan Qara şəhər stansiyasının gücü isə 34,4 MVt təşkil etmişdir.
1920-ci ildə ölkədəki azsaylı elektrik təsərrüfatı milliləşdirilmiş, “Qara şəhər” və Bayıl qəsəbəsindəki iki istilik elektrik stansiyası ilə yanaşı, 0,4-2,0 kV gərginlikli paylayıcı şəbəkələr dövlət mülkiyyətinə verilmişdir.
Bakı neft sənayesinin elektrikləşdirilməsi məqsədilə həmin illərdə Bayıl və Qara şəhərdə, hər birinin gücü 20 MVt olan üç turboaqreqatın istismara verilməsi, stansiyaların qaz yanacağı ilə işləməyə keçidi nəzərdə tutulmuşdur.
Regional stansiyaların yaradılması (1930-cu illər)
Sənaye və kənd təsərrüfatının inkişafı ilə əlaqədar bölgələrdə yeni elektrik stansiyalarının tikintisinə başlanmışdır.
Şəki şəhərində ipək-toxuculuq sənayesini təmin etmək üçün gücü 1660 kVt olan Şəki SES, Qubada konserv zavodunun fəaliyyətini təmin etmək məqsədilə 1152 kVt gücündə SES, həmçinin Zurnabad və Qusar su elektrik stansiyaları istismara verilmişdir.
1935-ci ildə ölkə üzrə elektrik stansiyalarının ümumi qoyuluş gücü 176,6 MVt, illik elektrik enerjisi istehsalı isə 937 min kVt·saat səviyyəsinə çatmışdır.
Həmin il respublikanın baş energetika idarəsi hazırkı “Azərenerji” ASC-si təsis edilmiş və bütün enerji müəssisələri onun tabeliyinə verilmişdir.
Müharibə dövrü və sənaye artımı (1940-1950-ci illər)
1940-cı illərdə neft hasilatının və dərin quyuların istismarı enerji sisteminin genişləndirilməsini zəruri etmişdir.
Bu dövrdə Bayıl qəsəbəsində L. Krasin adına Dövlət Rayon Elektrik Stansiyası (Krasin DRES) və Qırmızı Ulduz İstilik-Elektrik Mərkəzi (indiki Ə. Bayramzadə adına 1 saylı Bakı İEM) istifadəyə verilmişdir. 1940-cı ildə respublikada elektrik stansiyalarının qoyuluş gücü 250 MVt, illik istehsal həcmi isə 1,7 milyard kVt·saat təşkil etmişdir. 1941-ci ildə isə 1 saylı Sumqayıt İEM istismara verilmişdir.
Hidroenerji mərhələsi və Mingəçevir SES (1950-ci illər)
Azərbaycanın su enerji potensialından geniş istifadə mərhələsi Mingəçevir su qovşağının tikintisi ilə başlanmışdır. Mingəçevir Su Elektrik Stansiyası 1954-cü ildə istifadəyə verilmiş, üç il sonra onun tərkib hissəsi olan Varvara SES istismara buraxılmışdır. Kür çayı üzərində yerləşən, gücü 16,5 MVt olan bu stansiya Mingəçevir SES-dən buraxılan su sərfinin tənzimləyicisi funksiyasını yerinə yetirirdi.
İstilik enerjisi sisteminin qurulması (1954–1970-ci illər)
1954-cü ildə qoyuluş gücü 168,8 MVt olan “Şimal” DRES-in birinci növbəsi istismara verilmişdir. 1960-cı ildə bu stansiyada SSRİ miqyasında ilk dəfə 150 MVt gücündə açıq tipli enerji bloku istifadəyə buraxılmışdır.
1959-cu ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində Avropada ilk dəfə əsas avadanlıqları açıq havada quraşdırılmış Əli-Bayramlı DRES-in tikintisinə başlanılmışdır. Hər birinin gücü 150 MVt olan dörd enerji blokunun istismara verilməsi 1964-1965-ci illərdə Azərbaycanın enerji tələbatını tam ödəməklə yanaşı, qonşu Cənubi Qafqaz respublikalarına 1,7 milyard kVt·saat elektrik enerjisinin ixracına imkan vermişdir.
1962-ci ildə 1 saylı Sumqayıt İEM-in 11-ci turboaqreqatı istifadəyə verilmiş, bununla da stansiyanın ümumi gücü 450 MVt-a çatmışdır. 2 saylı Sumqayıt İstilik-Elektrik Mərkəzinin tikintisi çərçivəsində birinci turboaqreqat 1966-cı ildə, ikinci isə 1972-ci ildə istifadəyə verilmiş və stansiyanın ümumi gücü 220 MVt -a çatdırılmışdır.