Azərbaycanın müstəqil elektrik enerjisi sisteminin formalaşması

Azərbaycanın müstəqil elektrik enerjisi sisteminin yaradılması üçün möhkəm təməl ötən əsrin 1970-ci illərində qoyulmuşdur.

1970-ci ildə Naxçıvan Muxtar Respublikasında Araz çayı üzərində İranla birgə Araz su qovşağı və hər birinin gücü 22 MVt olan iki su elektrik stansiyası tikilərək istismara verilmişdir.

1971-1972-ci illərdə 2 saylı Sumqayıt İstilik Elektrik Mərkəzi genişləndirilmiş, ümumi gücü 110 MVt olan iki yeni enerji aqreqatı istifadəyə verilmişdir. Ardınca, 1973-1974-cü illərdə 1 saylı İstilik Elektrik Mərkəzində hər biri 50 MVt gücündə iki aqreqatın quraşdırılması başa çatdırılmışdır.

1976-1977-ci illərdə Tərtər çayı üzərində Tərtər su qovşağı və 50 MVt gücündə Tərtər Su Elektrik Stansiyası istismara verilmişdir. 1970-ci illərin sonuna qədər respublika üzrə elektrik stansiyalarının ümumi qoyuluş gücü 2882,4 MVt-a çatmış, illik istehsal 15,4 milyard kVt·saat təşkil etmişdir.

Qoyuluş gücü 380 MVt olan Şəmkir SES 1981-1982-ci illərdə inşa edilmişdir. Azərbaycan İES-in tikintisinə isə 1974-cü ildə başlanılmış, 300 MVt gücündə ilk enerji bloku 1981-ci ildə, eyni gücdə səkkizinci son blok isə 1989-cu ildə istismara verilmişdir. Hazırda stansiyanın qoyuluş gücü 2400 MVt təşkil edir.

Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı və məhsuldar torpaqların suvarılması məqsədilə, eləcə də bölgənin enerji təchizatını yaxşılaşdırmaq üçün 1976-1977-ci illərdə Tərtər çayı üzərində Sərsəng su anbarı və 50 MVt gücündə eyni adlı Su Elektrik Stansiyası tikilərək istifadəyə verilmişdir.

Şəbəkə infrastrukturunun qurulması

 Bu dövrdə elektrik stansiyalarının inşası ilə paralel olaraq, elektrik ötürmə və paylayıcı şəbəkələr də sistemli şəkildə genişləndirilmiş və nəticədə dayanıqlı enerji sistemi formalaşmışdır.

1968-1971-ci illərdə 330 kV-luq Əli Bayramlı DRES Ağdam-Gəncə-Ağstafa və Əli Bayramlı DRES-Yaşma-Dərbənd yüksək gərginlikli xətləri, eləcə də 330/110/20 kV-luq “Yaşma”, “Gəncə” və “Ağstafa” qovşaq yarımstansiyaları istismara verilmişdir. 1972-ci ildə 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücü 220 MVt-a qədər artırılmışdır.

80-ci illərdə 500 kV-luq 1-ci və 2-ci Abşeron elektrik verilişi xətləri, Muxranis-Vəli, 4-cü və 5-ci Mingəçevir xətləri çəkilmiş, həmçinin 500/330/220 kV-luq “Abşeron”, 330/110/10 kV-luq “İmişli”, 220/110/10 kV-luq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu” və “Babək” yarımstansiyaları istismara verilmişdir. Bununla yanaşı, 330 kV-luq 3-cü Əli Bayramlı elektrik veriliş xətti də şəbəkəyə qoşulmuşdur.

Digər xəbərlər