Müasir dövrdə təbii yanacaq ehtiyatlarının azalması, enerji qiymətlərinin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması hər bir ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün güclü strategiya və hədəflər müəyyənləşdirməsini zəruri edir.

Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə etibarlı təminatı, yanacağın və enerji növlərinin şaxələndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə ilə yanaşı enerji resurslarından səmərəli və effektiv istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. Enerji resurslarından səmərəli istifadə edilməsi dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Enerji səmərəliliyi güclü və dayanıqlı bir iqtisadiyyata malik olmaq istəyən ölkələr üçün mühüm əhəmiyyətə malikdir.

Enerji səmərəliliyi istehsaldakı kəmiyyət və keyfiyyət aşağı salınmadan, iqtisadi inkişafın və rifah səviyyəsinin yüksəldilməsinə maneə yaratmadan istehlak edilən enerji miqdarının azaldılmasıdır.

Geniş mənada enerji səmərəliliyi və enerjiyə qənaət enerji resurslarının (elektrik və istilik enerjisi, təbii qaz, benzin, dizel və s.) itkilərini azaltmaq, tullantıların və enerjinin geri qazanılmasını və dəyərləndirilməsini təmin etmək, müasir texnologiyaların tətbiqi ilə istehsala toxunulmadan enerji tələbini azaltmaq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni artırmaq kimi tədbirləri əhatə edir. Enerji səmərəliliyi yalnız resurslara qənaət edilməsinə hədəflənməyib, dayanıqlı iqtisadi inkişafa, yaşıl iqtisadiyyata keçidə və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinə, rəqabətə davamlı, ucuz sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına, istehlakçıların enerji daşıyıcıları ilə təminatının yüksəldilməsinə, kommunal xidmətlərdə israfçılığın və artıq xərclərin azaldılmasına şərait yaratmaqdadır. Enerji səmərəliliyi təmin edilmədiyi təqdirdə ölkənin enerji resurslarına sərf etdiyi izafi vəsait iqtisadi inkişaf və sosial rifah qarşısında başlıca problem kimi qalacaqdır.

Enerji səmərəliliyinin təmin edilməsi ölkəmizin enerji təhlükəsizliyi siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkəmizin enerji təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi, ümumi daxili məhsulun enerji tutumunun azaldılması, ölkə iqtisadiyyatının rəqabətədavamlılığının gücləndirilməsi, ətraf mühitin qorunması, kommunal xidmətlərdə israfçılığın və artıq xərclərin azaldılması üçün enerji resurslarından səmərəli və effektiv istifadə edilməlidir.

Enerji resurslarından səmərəli istifadə edilməsi və son tələbatçıların enerji səmərəliliyini vərdiş halına gətirərək təmin etməsi, eyni zamanda ölkə iqtisadiyyatının dayanıqlı inkişafına nail olunmasına, ixrac potensialının artmasına, istehlakçıların enerji resursları ilə təminatının yüksəldilməsinə, ətraf mühitin və enerji ehtiyatlarının qorunmasına şərait yaradır. Enerji səmərəliliyi enerjinin istehsalından istehlakına qədər bütün mərhələ və proseslərdə təmin edilməlidir.

Qanunvericilik bazasının, proqram və hədəflərin, standart və normaların mövcudluğu, maarifləndirmə və məlumatlandırma, enerji səmərəliliyi alətlərinin tətbiqi, texnoloji yeniliklərə əlçatanlıq, müasir idarəetmə prinsiplərinin tətbiqi, təşviqedici mexanizmlər enerji səmərəliliyinin təmin edilməsi üçün əsas amillərdən hesab edilir.

Bu məqsədlə, Energetika Nazirliyi tərəfindən ilk növbədə qanunvericilik bazasının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. 2016-cı ildə Avropa İttifaqı tərəfindən “EU4Energy” Proqramı  çərçivəsində Enerji Xartiyasının dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmışdır. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 359-VIQ nömrəli Qanunu 9 iyul 2021-ci il tarixində təsdiq edimiş və 2022-ci ilin 1 iyul tarixindən  qüvvəyə minmişdir.

Qanun enerji səmərəliliyi sahəsində ən mütərəqqi alətlərin tətbiqini və bu sahədə dövlət siyasətinin təməl prinsiplərini özündə ehtiva edir. Qanunun əhatə dairəsi enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.

Qanuna uyğun olaraq, qarşıdakı dövrdə müasir enerji səmərəliliyi alətləri tətbiq edilməklə enerjinin istehsalı, təchizatı və istehlakında səmərəli istifadəyə nail olunması nəzərdə tutulur. Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 31 avqust tarixli 529s nömrəli Sərəncamı ilə verilmiş tapşırıqlar əsasında hazırlanmış (enerji auditi, enerji effektivliyi xidmətləri, enerji menecmenti sistemi, binaların pasportlaşdırılması, etiketləmə, enerji idarəçilərinin təyini və s.) qaydaların tətbiqi istehsal və istehlak sektorunda enerjiyə qənaətin təşkilinə yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir.

Qanunverici bazanın təkmilləşdirilməsi ilə yanaşı, ölkədə bir sıra strateji sənədlər də vardır ki, bu sənədlərdə də enerji səmərəliliyi üzrə tədbirlər əks olunmuşdur. Bunlara “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” daxildir.

Qanunvericiliyin həyata keçirilməsi ilə yanaşı enerjinin istehsalı və təchizatı zəncirində səmərəliliyin təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atılmaqdadır. Belə ki, energetika sistemində müasir tələblərə cavab verən yeni istehsal güclərinin yaradılması, ötürülmə və paylama sistemlərində itkilərin azaldılması, istifadə olunan enerji istehsalı güclərində bərpa və yenidənqurma tədbirləri həyata keçirilməklə səmərəliliyə nail olunması bu addımların bir qismidir.

Eyni zamanda, əhalinin enerji istehlakı əsasən işıqlandırma, istilik və soyutma, elektrik, o cümlədən məişət cihazlarına və nəqliyyat vasitələrinə sərf edildiyindən daha effektiv işıqlandırma vasitələri, yüksək enerji səmərəliliyi sinfinə malik məişət cihazlarından istifadə etməklə, enerji itkilərini azaltmaq üçün yaşayış mənzilində izolyasiya tədbirləri həyata keçirməklə, habelə cihazların və lampaların istifadəsi zamanı qənaət tədbirlərini diqqətdə saxlamaqla enerji istehlakı ciddi şəkildə azaldıla bilər. Enerji istehlakında səmərəlilik, istehlakçıların enerji xərclərini azaltmaqla bərabər dövlətin iqtisadi inkişafına müsbət təsir edir. Həmçinin, daxili tələbata yönəldilən enerji resurslarına qənaət edilməklə ixrac potensialı artırıla bilər ki, bu da ölkənin iqtisadi inkişafı üçün əlavə töhfədir. 

Azərbaycan inkişaf etmiş və texnologiyalara sahib ölkələrlə yüksək şəkildə əməkdaşlıq edir, təcrübə və məlumat mübadiləsi həyata keçirir. Enerji və texnoloji inkişafın vəhdətini təşkil etməklə, enerji və ekoloji təhlükəsizlik problemlərini həll edə, istilik effekti yaradan qazların miqdarını azalda, həmçinin  iqlim dəyişikliklərinin təsirlərini yumşalda, hər kəsin dayanıqlı, etibarlı və təmiz enerjiyə əlçatanlığını təmin edə bilərik.

Digər xəbərlər