Bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında 29 may 2019-cu il tarixli, 1209 nömrəli Sərəncam enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçidin hüquqi əsasını formalaşdırıb. Qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” 31 may 2021-ci il tarixli, 339-VIQ nömrəli Qanun bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın qurulması milli inkişafın əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.

Yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bərpa olunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 1829,6 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5 MVt gücündə 65 su elektrik stansiyası, 63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası, 37 MVt gücündə BİO elektrik stansiyası və 7,3 MVt gücündə 3 hibrid elektrik stansiyası daxildir. Bərpa olunan enerji mənbələri ümumi enerji gücünün təxminən 18,8%-ni təşkil edir.

Layihələr

2027-ci ilədək ümumi gücü 2 qiqavatdan çox olan yaşıl enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu layihələr arasında yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən külək və günəş stansiyaları xüsusi əhəmiyyət daşıyır:

“Qaradağ” Günəş Elektrik Stansiyası

230 MVt gücündə “Qaradağ” GES 2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində pilot layhə kimi istismara verilib. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilmiş stansiyada hər il təqribi 500 milyon kVt·st elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilir. 200 min ton həcmində karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır.

"Xızı-Abşeron" Külək Elektrik Stansiyası

240 MVt gücündə "Xızı-Abşeron" KES Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində pilot layhə kimi inşa edilir. Stansiyada illik 1 milyard kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyon kub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcəkdir.

“Şəfəq” Günəş Elektrik Stansiyası

240 MVt gücündə “Şəfəq” GES layihəsi Cəbrayıl rayonunda bp şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Virtual enerji ötürülməsi” modelinin tətbiqi ilə stansiyada istehsal edilən elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə, “Azərenerji” ASC tərəfindən isə ekvivalent miqdarda elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcəkdir. Bununla da Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradılacaqdır.

“Şəfəq” GES-də illik təxminən 500 milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon m3 təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.

“Meqa” layihə

Masdar şirkəti tərəfindən icra olunan “Meqa” layihə çərçivəsində 445 MVt gücündə GES Biləsuvar rayonunda, 315 MVt gücündə GES Neftçala rayonunda, 240 MVt gücündə KES Abşeron və Qaradağ rayonlarında tikilir. 2025-ci ilin 2 oktyabr tarixində “Biləsuvar” GES-də ilk günəş paneli quraşdırılıb.

“Qobustan” Günəş Elektrik Stansiyası

100 MVt gücündə “Qobustan” GES layihəsi 2024-cü ildə təşkil edilmiş hərracda qalib gələn Çinin “Universal International Holdings Limited” şirkəti tərəfindən reallaşdırılır. Stansiyada hər il təxminən 260 milyon kVt·st elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon m3 həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcəkdir.

“Üfüq” və “Şəms” günəş elektrik stansiyaları

2 iyun 2025-ci il tarixində Bakı Enerji Həftəsində azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi məqsədilə həyata keçirilən təşəbbüslər çərçivəsində, “Nobel Energy” şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan hər birinin gücü 50 MVt olacaq “Üfüq” və “Şəms” günəş elektrik stansiyası üzrə İcra müqavilələri imzalanıb.

Üzən günəş panelləri layihəsi

2024-cü ilin 29 iyul tarixində Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin açılış mərasimi keçirilib. Eksperimental qurğu ölkədə su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik stansiyasıdır.

Pilot layihə çərçivəsində günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır.

Hidrogen

Azərbaycanda yaşıl və mavi hidrogen növlərinin istehsal imkanları, onların daxili bazarda istifadəsinin, eləcə də ixracının texniki imkanları və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair ölkə hesabatı hazırlanıb.

Bazar araşdırmasının nəticələrində yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olması, eləcə də regional enerji bazarlarına ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif olunub. Hesabatda gələcək addımlar, daxili bazarda yaşıl hidrogenin istehlak edilə biləcəyi sahələr, hidrogen enerjisinin dəyəri (LCOH), ixrac marşrutları və digər məsələlər barədə məlumat verilib.

Aşağı karbonlu hidrogenin istehsalı sahəsində vahid yanaşmanı əks etdirən “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi” hazırlanıb və COP29 konfransı çərçivəsində təqdimatı baş tutub. Hazırda sənədin tətbiqi planının hazırlanması hazırlanması üzərində iş gedir.

Yaşıl enerji zonaları

3 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İşğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Yaponiyanın “TEPSCO” şirkəti ilə müqavilə imzalanmaqla “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya sənədi hazırlanıb. Hazırda bu ərazilərdə Konsepsiyanın prinsipləri tətbiq edilməkdədir.

İşğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur.  “Şəfəq” GES, “Üfüq” GES və “Şəms” GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində "Yaşıl Enerji Zonası"nın yaradılması üzrə Konsepsiya və Tədbirlər Planı hazırlanıb. Hazırda razılaşdırma məhələsindədir. “Nobel Energy”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 1000 MVt-dan çox olan yaşıl enerji layihələri ilə əlaqədar müqavilələr imzalanıb.

 

Yaşıl enerji dəhlizləri

“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi

2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Dörd ölkənin ötürmə sistem operatorlarının iştirakı ilə layihənin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company” (“GECO Power Company”) təsis edilib. Layihənin texniki-iqtisadi araşdırması İtaliyanın “CESI” konsaltinq şirkəti tərəfindən həyata keçirilir.

“Mərkəzi Asiya-Azərbaycan” Yaşıl Enerji Dəhlizi

2024-cü ilin 13 noyabrında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən COP29 çərçivəsində imzalanıb. Sazişin həyata keçirilməsi məqsədilə eyni ilin 27 dekabr tarixində Bakı şəhərində “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC tərəfindən “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssi təsis edilib. Üç ölkənin energetika nazirlikləri ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında layihə üzrə Anlaşma Memorandumu imzalanıb.

“Azərbaycan-Türkiyə-Avropa” Yaşıl Enerji Dəhlizi

“Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycan və Türkiyə enerji infrastrukturlarının inteqrasiyası və Naxçıvan vasitəsilə elektrik ixracının həyata keçrilməsi istiqamətində işlər davam etdirilir. Yaradılacaq dəhliz Naxçıvandan 1 QVt bərpa olunan enerjinin ixracı ilə yanaşı Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malikdir.

Bu çərçivədə “Cəbrayıl” enerji qovşağının yaradılması məqsədilə 330/110/10 kilovoltluq 2x250 MVA gücündə “Cəbrayıl” yarımstansiyası istifadəyə verilib. Zəngəzur dəhlizi ilə Ermənistan və ya İrandan keçməklə Cəbrayıl enerji qovşağı ilə Naxçıvanı birləşdirən 330 kV-luq elektrik verilişi xəttinin çəkilməsi və Naxçıvanda 330 kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulur.

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” Yaşıl Enerji Dəhlizi

4 aprel 2025-ci il tarixində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

İqlim hədəfləri və COP29

Ölkəmizdə emissiyaların 2050-ci ilə qədər 40%-dək azaldılması üzrə könüllü öhdəlik qəbul edilib. Bu öhdəliyi yerinə yetirmək üçün 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün ən az 30%-ə çatdırılması hədəflənir.

COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycan da qoşulub.

COP29 çərçivəsidə Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib.

COP29 qlobal enerji saxlama və şəbəkələr vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1 500 QVt gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır. COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur. Hidrogen haqqında COP29 bəyannaməsi isə təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfıra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır.

Digər xəbərlər