Açıq dəniz külək enerjisi gücü dünya səviyyəsində illik 420 trilyon kilovat-saat elektrik enerjisi istehsalı potensialına malikdir. Bu miqdar bugünkü qlobal elektrik enerjisi tələbatından 18 dəfə çoxdur. Açıq dəniz külək enerjisi bu gün qlobal elektrik enerjisi istehlakının sadəcə 0,3%-ni təşkil edir. Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, 2040-cı ildə qlobal açıq dəniz külək enerjisindən istifadə həcmi 15 dəfə arta və sektor bir trilyon dollarlıq investisiya cəlb edə bilər. Hesabatda qlobal açıq dəniz külək enerjisi bazarının 2010 və 2018-ci illər arasında hər il təxminən 30% artdığı bildirilir. Hazırda dünya üzrə həyata keçirilməkdə olan 150 yeni açıq dəniz külək enerjisi layihəsi mövcuddur və onların arasında 2018-ci ildə digər ölkələrə nisbətən daha çox güc istifadəyə verən Çin də yer alır. Avropa Birliyinin açıq dəniz külək enerjisi gücü hazırda 20 QVt həcmindədir və bu gücün 2040-cı ildə 130 QVt-a çatacağı proqnozlaşdırılır. BEA-ya görə, Aİ ölkələri sıfır karbon hədəflərinə çatacağı təqdirdə açıq dəniz külək enerjisi gücü 180 QVt-a çataraq, Avropanın ən böyük elektrik enerjisi mənbəyi rolunu oynaya bilər. Hesabata görə, Çin bu gün 4 QVt olan açıq dəniz külək enerjisi gücünü artırmaqla 2025-ci ilə Böyük Britaniyanı keçərək bütün dünyada ən çox açıq dəniz külək enerjisi gücünə malik olacaq. BEA-ya görə, açıq dəniz külək enerjisindən istifadə sahəsində ən böyük texnoloji nailiyyətlərdən biri dənizdə sahildən daha uzağa yerləşdirilə biləcək üzən turbinlərin inkişaf etdirilməsi ola bilər.

Digər xəbərlər