- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Energetika naziri Pərviz Şahbazovun mətbuat konfransı keçirilib
Energetika naziri Pərviz Şahbazov 25 illiyi qeyd olunan “Əsrin müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi həyatındə müstəsna xidmətlərindən danışıb. Nazir deyib ki, bu tarixi müqavilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ərsəyə gəlib. “Bu müqavilə beynəlxalq aləmdə Azərbaycanın rolunu gücləndirib. Azərbaycan dünya neft bazarında özünəməxsus yeri tutub. Bu müqavilənin həyatımızda və Azərbaycanın taleyindəki rolunu aydın görə bilirik.“Azəri”, “Çıraq”, “Günəşli” yataqları işlənilməsinə 62 illik təminat almış, indiyədək ən azı 36 milyard ABŞ dolları sərmayə qoyulmuş və daha 40 milyard dollar investisiyanın yatırılacağı, ölkəyə 143 milyard dollardan çox gəlir qazandırmış unikal layihələrdən biridir. Azəri-Çıraq-Günəşli istismara veriləndən indiyə kimi 492 milyon ton neft və 161 milyard kubmetr qaz hasil edilib.”
Nazir Azərbaycanın neft-qaz, elektroenergetika sektorunun hazırki vəziyyəti və növbəti illərdə inkişaf perspektivləri, eləcə də energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə görülən işlər barədə məlumat verib. Bildirilib ki, 2020-2021-ci illərdə ölkədə neft hasilatının həcmi, təxminən, 39 milyon ton proqnozlaşdırılır. Qaz hasilatın bu il 19%, 2020-ci ildə 40,2 milyard kubmetrə, 2021-ci ildə isə 45 milyard kubmetrə çatacağı gözlənilir.
“Azərbaycanın qaz ixracatçısına və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsində “Şahdəniz” qaz yatağı mühüm rol oynayır. İstismara veriləndən indiyə kimi bu yataqdan 110,8 mlrd. kubmetr qaz, 26,8 mln. ton kondensat hasil edilib. “Şahdəniz” yatağında qaz hasilatının artması Türkiyəyə ixracla bağlı göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib, nəticədə ötən ilin müvafiq dövrünə nisbətən bu il bu ölkəyə 33,8% çox, yəni 5,7 mlrd. kubmetr qaz satışı həyata keçirilib,” - nazir bildirib.
Nazir islahat tədbirləri çərçivəsində bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlandığını da diqqətə çatdırıb:
“Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər.Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış “Elektroenergetika haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihələri razılaşdırma mərhələsindədir. Enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinə də baxılmaqdadır. “Qaz təchizatı haqqında Qanun”un yeni layihəsinin hazırlanması üzrə də müvafiq işlər görülür.”
Sonra nazir Pərviz Şahbazov jurnalistlərin suallarını cavablandırıb.