<

27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ABŞ Administrasiyasının üzvləri, çox sayda konqresmen və senator, diplomatik korpusun nümayəndələri, aparıcı beyin mərkəzləri, biznes dairələrinin təmsilçiləri iştirak edib. Tədbiri açan BP-nin baş icraçı direktoru Bob Dadli layihə üzrə görülmüş işlərdən və Cənub Qaz Dəhlizinin rolundan danışıb. O, deyib ki, Azərbaycan Prezidentinin güclü səyi və uzaqgörən siyasəti nəticəsində  Cənub Qaz Dəhlizi layihəsini həyata keçirmək mümkün olub.

Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib. Nazir çıxışında Cənub Qaz Dəhlizinin icrasında bu il əhəmiyyətli hadisələrin baş verdiyini və layihənin artıq reallıq olduğunu deyib. Layihə üzrə qısa zamanda irəliləyişlərə nail olunmasında tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin rolu qeyd olunub: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, biz bu layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik,” deyə nazir əlavə edib. Nazir ABŞ Administrasiyasına Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinə görə  Azərbaycan hökuməti adından təşəkkürünü çatdırıb. Pərviz Şahbazov layihənin vaxtında  reallaşmasında BP-nin rolunu da  xüsusi qiymətləndirib.  

ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank  Fannon  isə çıxışında  Prezident Donald Trampın  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış  məktubundakı fikirləri xatırladaraq bildirib ki, Cənub Qaz Dəhlizi  strateji əhəmiyyətə və  transformasiya effektinə malik olan layihədir. ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyini təmin edən və Xəzər regionunun Avropa və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən Cənub Qaz Dəhlizini tam dəstəkləyir. Onun sözlərinə görə, ABŞ  ilk vaxtlardan Cənub Qaz Dəhlizinə dəstək verir. Frank Fannon  deyib ki,  ABŞ və Azərbaycanın birgə səyi nəticəsində bu layihə reallaşır və Azərbaycanın bu prosesdə rolu əvəzsizdir. ABŞ rəsmisi sonda Azərbaycanla yanaşı layihəyə cəlb olunmuş bütün ölkələrə  təşəkkürünü bildirib.

Digər xəbərlər