<

Ölkədə qaz təchizatı sahəsində islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması üçün qaz təchizatı sisteminin diaqnostikası tədbirləri çərçivəsində Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və beynəlxalq məsləhətçi şirkətin nümayəndələrinin iştirakı ilə 27-30 iyul tarixlərində videoformatda seminarlar keçirilib.
Seminarlar “Liberal təbii qaz bazarlarının əsas xüsusiyyətləri”, “Liberal təbii qaz bazarının yol xəritəsi “ və “Kommunal xidmətlərin transformasiyası və tənzimlənməsi” mövzularını əhatə edib. Tədbirlərdə qaz təchizatı sisteminin səmərəliliyinin artırılmasının mütərəqqi vasitələrindən biri kimi təbii qaz bazarının liberallaşdırılması prosesinin müxtəlif aspektlərinə dair təqdimatlar dinlənilib. Avropa ölkələrinin bu sahədə təcrübələri nəzərdən keçirilib.Müvafiq istiqamətdə bilik və bacarıqların artırılmasına kömək edəcək tövsiyələr verilib 
Qeyd edək ki, ölkədə qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib. Sərəncamda, həmçinin Energetika Nazirliyinin təklifləri əsasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması müddəası öz əksini tapıb.
 

Digər xəbərlər