- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Samir Vəliyev Enerji Xartiyası Konfransının 30-cu iclasında iştirak edib
Enerji Xartiyası Konfransının Belçika Krallığının Brüssel şəhərində keçirilən 30-cu iclasında Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edib. Nazir müavini “Sosial-iqtisadi, ətraf mühit və enerji hədəflərinə nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması” adlı sessiyada çıxış edib. Samir Vəliyev bildirib ki, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi və bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın uğurla reallaşdırılması sayəsində müstəqillik illərində investisiyaların həcmi 270 milyard ABŞ dolları olub. Son illərdə aparılan islahatların ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılmasına töhfələrindən bəhs edən nazir müavini Dünya Bankının “Doing Business 2020” reytinqində biznes mühitinin səviyyəsinə görə Azərbaycanı dünyada 25-ci yerə layiq gördüyünü diqqətə çatdırıb.
Energetika nazirinin müavini Samir Vəliyev deyib ki, Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin edərək, transmilli enerji-kommunikasiya layihələri, xüsusilə də mənbə və marşrutların diversifikasiyasına xidmət edən “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir layihə ilə qlobal enerji təhlükəsizliyi sistemində mühüm tərəfdaşa çevrilməsi məhz əlverişli investisiya mühitinin nailiyyətləridir.
Nazir müavini hazırda energetika sektorunda, xüsusilə də bərpa olunan enerji sahəsində özəl sektorun iştirakının təmin edilməsi üçün kompleks islahatlara başlanıldığını, özəl və xarici investisiyanın cəlbi ilə bağlı görülən işləri diqqətə çatdırıb. “Azərbaycanın sərmayələri qoruyan siyasəti, xarici investorlarla səmərəli əməkdaşlıq təcrübəsi imkan verir ki, energetika sektorunda bazar münasibətlərinin formalaşdırılması, bərpa olunan enerji sahəsinin daha da inkişafı və enerji səmərəliliyi ilə bağlı hədəflərimiz uğurla həyata keçirilsin”, deyə nazir müavini Samir Vəliyev bildirib.
Qeyd edək ki, gələn il Azərbaycan Enerji Xartiyası Konfransına sədrlik edəcək.