<

Energetika Nazirliyində Monteneqronun “Adriatic Capital” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə “Adriatic Capital” şirkəti vasitəsilə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

“Adriatic Capital” şirkətinin baş icraçı direktoru Marko Vuyoviç Monteneqroda alternativ və bərpa olunan enerji sektorunun mövcud vəziyyəti, bu sahədə şirkətin fəaliyyəti, iştirak etdiyi layihələr haqqında məlumat verib. Bildirilib ki, “Adriatic Capital” şirkəti layihələndirilmə, maliyyələşdirilmə, tikinti və istismar xidmətləri üzrə fəaliyyət göstərir və Monteneqro ilə yanaşı Serbiya, Bosniya və Hersoqovina, eləcə də digər ölkələrdə külək parkları, su və günəş elektrik stansiyalarının tikintisində iştirak edib.  Marko Vuyoviç şirkətin Azərbaycanda  yüksək bərpa olunan enerji mənbələri potensialına malik ərazilərə baxış keçirildiyini və ölkəmizdə külək və günəş enerjisindən istifadə üzrə layihələrdə iştirakda maraqlı olduqlarını bildirib.

Energetika nazirinin müavini Elnur Soltanov ölkədə fəaliyyət göstərən günəş və külək elektrik stansiyaları barədə məlumat verib. Azərbaycanın bərpa olunan enerji sahəsinin, xüsusilə külək və günəş enerjisinin inkişafı üzrə mövcud potensialın və investisiya imkanlarının qiymətləndirilməsi, bərpa olunan enerji  və enerji səmərəliliyi üzrə qanunvericilik sənədlərinin hazırlanması, müxtəlif şirkətlərlə, maliyyə qurumları ilə əməkdaşlıq, bu sahənin özəl investorlar üçün cəlbediciliyinin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Görüşdə bərpa olunan enerji sahəsinin inkişafı üzrə Energetika Nazirliyi ilə anlaşma memorandumunun imzalanması və gələcək əməkdaşlıq imkanlarının müəyyən edilməsi istiqamətində danışıqların aparılmasına dair müzakirələr aparılıb.

Digər xəbərlər