- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
“Merlərin Razılaşması Təşəbbüsü – Öhdəlikdən İcraya Doğru” mövzusunda seminar keçirilib
Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı, bir sıra dövlət qurumları, şəhər və rayon bələdiyyə nümayəndələri və ekspertlərin iştirakı ilə "Merlərin Razılaşması Təşəbbüsü – Öhdəlikdən İcraya Doğru" mövzusunda seminar keçirilib.
Energetika nazirinin müavini Gülməmməd Cavadov Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsünün ilk dəfə Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının səylərinin dəstəklənməsi məqsədi ilə irəli sürüldüyünü deyib. Onun sözlərinə görə, əsas hədəflər enerji səmərəliliyini artırmaq, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək, iqlim dəyişikliyi təsirlərinə uyğunlaşmaqla dözümlülüyü artırmaq, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək, təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etməkdir.
Nazir müavini Merlər Razılaşmasına Azərbaycandan Mingəçevir Bələdiyyəsi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin qoşulduğunu diqqətə çatdırıb və qeyd edib ki, Energetika Nazirliyi ölkədə enerji resurslarından səmərəli istifadə edilməsi istiqamətində bələdiyyələrin bu razılaşmaya qoşulmaq üçün atacağı addımları dəstəkləyir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bildirib ki, bu təşəbbüs vasitəsilə təkmilləşdirilmiş enerji səmərəliliyi tədbirləri və bərpa olunan enerji mənbələrindən daha çox istifadə etməklə 2030-cu ilədək CO2 emissiyalarının ən azı 40 % azaldılmasına nail olmaq əsas prioritetlərdəndir. Bu razılaşma hazırda Aİ-nın iqlim və enerji məqsədlərini həyata keçirmək üçün könüllü şəkildə öhdəlik götürmüş 7000-dən çox bələdiyyənin iştirakı ilə təqribən 57 ölkədə icra olunur. Səfir Azərbaycanın enerji effektivliyinin artırılması üzrə fəaliyyətindən danışaraq, bu sahədə Aİ ilə birgə qanun layihələrinin hazırlandığını vurğulayıb və Azərbaycanın da Merlər Razılaşmasının potensialından istifadə edəcəyinə əminliyini ifadə edib.
Seminarda “Merlər Razılaşması Şərq” layihəsi üzrə Gürcüstan, Ukrayna, Belarusdan olan ekspertlərin məruzləri dinlənilib. Bildirilib ki, Aİ-nin maliyyələşdirdiyi bu layihə Şərq Tərəfdaşlığı ölkələrinə Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planlarının işlənib hazırlanması və həyata keçirilməsində dəstək göstərir və bu seminar vasitəsilə Avropa İttifaqının Merlər Razılaşmasına Azərbaycanın bu təşəbbüsə qoşulmasına nail olmaq olar.
Tədbirdə Azərbaycanda enerji səmərəliliyi sahəsində görülən işlər, bu istiqamətdə gələcəkdə atılacaq addımlar, enerji səmərəliliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsi və layihələrin reallaşmasında Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən də bəhs edilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinın nümayəndələri və ekspertlərinin Merlərin Razılaşması təşəbbüsü üzrə öhdəliklər və çağırışlar, koordinatorlar və razılaşma klubları, Şərq regionunda ən yaxşı təcrübələr, tərəfdaşlar üçün üstünlüklər və imkanlara dair məruzələri dinlənilib.